Adil Şirindən İKİ ŞEİR
***
Qürbətə bənzəyir sənsiz bu şəhər,
Xatirə yağışı yağır axşamlar.
Qürbət dənizidir lacivərd Xəzər,
Yağış ürəyimə axır axşamlar.
Yağış ürəyimə axır axşamlar,
Dəli divanədir sahil küləyi.
Mənim ürəyimdə şeir yuvası,
Mənim ürəyimdə ümid çiçəyi.
Mənim ürəyimdə ümid çicəyi,
Süslənir xatirə yağışlarinda.
Yazdığım şeirlər, dediyim sözlər
İslanır xatirə yağışlarında.
İslanır xatirə yağışlarında,
Könlümün həmdəmi cökə ağacı.
Yağış damlaları axır üzümdən,
Yağış damlaları bu axşam acı...
AZAN SƏSİ GƏLİR
Anamın gözləri girir yuxuma,
Həzin layla çalır qəmli ruhuma.
Fəsillərdən payız, günlərdən cuma,
Azan səsi gəlir çox-çox uzaqdan.
Azan səsi gəlir çox-çox uzaqdan,
Bu şeiri biçdim qaradan, ağdan.
Günlər meyvə kimi düşür budaqdan,
Ürəyim sıxılır, gözlərim dolur.
Ürəyim sıxılır, gözlərim dolur,
Yazıb gizlətdiyim məktublar solur.
Günlərim dünənsiz sabahlar olur,
Könlüm dualarla ovunmur daha.
Könlüm dualarla ovunmur daha,
Ölüm çox ucuzdu, torpaq çox baha.
Mələk göyə çəkir, fələk günaha,
Azan sasi gəlir çox-çox uzaqdan.