Adil Şirin - ÇİÇƏK

Ədəbiyyat 09:32 / 22.09.2025 Baxış sayı: 2191

* * *

Gülüm, ovuduram özüm özümü,

Di gəl ki ovunmaq istəmir ürək.

Ayrılıq dumanı tutub gözümü,

Sən yağmur içində bəyaz bir çiçək.

 

Səni səsləyirəm payız axşamı,

Səsimi alıb uçurur külək.

Yenə şəbu-hicran söndürür şamı,

Sən yağmur içində bəyaz bir çiçək.

 

Mənim nəğmələrim qəmli uyğusuz,

Sənin xəyalın güzgüdə mələk.

Əsən küləklər sərxoş, duyğusuz,

Sən yağmur içində bəyaz bir çicək.

 

Könlüm dağınıqdı, ürəyim çat-çat,

Bizi ayrı saldı divanə fələk.

Gəl, bağışla məni, belədi həyat,

Sən yağmur içində bəyaz bir mələk...