Adil Misirli  :  - Süd  (Hekayə)

YAZARLAR 10:54 / 20.09.2023 Baxış sayı: 2314

Çayxananın bir küncünə qısılıb limonlu, pürrəngi çay içə-içə yazılarımla əlləşir, onları sahmana salmaq istəyirdim. Elə işə təzəcə girişmişdim ki, qonşu masanın arxasında bir neçə səsli-küylü gənc əyləşdi. Başladılar əllərindəki telefonla oynaya-oynaya ucadan, gur səslə “qlobal” problemləri həll etməyə. Beş dəqiqənin içində dünyanı alt-üst etdilər... Dünyanın indiki vəziyyətində çox şeyi dəyişdilər. Amerikanın sabiq prezidenti yenidən vəzifə başına gətirilib, Putini də işdən azad etdilər. Rusiyanı da dağıdıb kiçik bir ölkə etdilər. İrana da əl gəzdirdilər, onu da dağıtdılar. Dünyada bir-neçə yeni dövlət yaratdılar. O qədər şeylər dəyişib, yeniliklər əlavə etdilər ki, cavanların bu “işgüzarlığ”ına əməlli-başlı “heyran” oldum.

Onların söhbətini dinləmək fikrim yox idi. Amma o qədər ucadan, bərkdən danışırdılar ki, söhbətləri özü gəlib adamın qulağına girirdi. Cavanların söhbəti qarşısında ovqatım təlx oldu. Heç bilmədim yazılarım harda qaldı, çayım necə soyudu. Cavanlar isə özlərindən razı, ətrafdakılardan narazı halda söhbətlərini məntiqsiz halda davam etdirir, daha da qızışırdılar. İçəridə o qədər hirslənmişdim ki, çırtma vursan sifətimdən qan damardı. Dişim bağırsağımı kəsə-kəsə dözür, nəticələnəcəyini səbrsiz halda gözləyirdim.

Elə bu zaman gənclər qəfil söhbəti dəyişib ana südünü müzakirəyə qoydular. Təzə bir şey kəşf etmiş kimi, keçi südünün ana südünə çox yaxın olduğunu qəti şəkildə təsdiqləyirdilər. Bax burda artıq çoxdan tükənmiş səbrimin əyləci buraxdı, sözümə baxmadı.

Özümü saxlaya bilməyib, onlara dişimin dibindən çıxanları dedim və sonda onu da əlavə etdim ki, nə yaman yapışmısınız keçi südündən. Onun ana südü ilə yaxınlığından, oxşarlığından hamı danışır.Bilən də, bilməyən də. Amma unutmayın ki, bizim xasiyyətimizə görə ana südünə ən yaxın olanı eşşək südüdür. Bala, heç eşitmisinizmi, bizim kişilər arvadı söyəndə, döyəndə nə deyirlər? Elə bil hamısı sözü bir yerə qoyublar, bir ağızdan arvada eşşək qızı, eşşək deyirlər.

    Cavanlar hamısı birdən ayağa qalxdılar. Rəngləri dəyişdi, üzlərinə qara bulud çökdü. Sonra səssiz-səmirsiz, suları süzülə-süzülə çayxananı tərk etdilər...