Ülkər Veysəlli-Hacıyeva : - Vurğun insan
İnsan uşaq ikən yaşadığı duyğular, hisslər, sevinc, bəzən də kədər, qəm sənət adamları, yaradıcılıq üçün düşünürəm daim açıb içinə baxa bilinəcək sandıqdır. Hətta, rəssamın özü belə dərk etmədən bu amillər onun gələcəyə tuşlanmış əzəmətli sənət əsərinin təhtəlşüurdan süzülərək dünyaya doğuşunun təməlidir.
Əli Səfərovla , onun yaradıcılığı ilə deyərdim ki, qiyabi olaraq tanışlığım lap çoxdandır. Ancaq buna rağmən məndə elə bir hiss var ki, mən Əməkdar rəssam Əli Səfərovu o qədər yaxından tanıyır, onun yaradıcılığına yaxından o qədər bələdəm ki, əsərlərini yaradarkən yaşadığı duyğu və hətta düşüncələrini o qədər səlis duyuram ki... Bütün bunları mənə pıçıldayan, bəzən də hayqıran Əli Səfərovun rövnəq, axar çay sularını xatırladan, şəlalə tək şırıldayan, yağış damcıları tək taqqıldayan, torpaq tək mışıldayan, dağ tək bağıran, yaz küləyitək vıyıldayan tablo və əsərləridir!
Mən Əli Səfərovun özü ilə ünsiyyətdə olmamışdan öncə onun rəsm əsərləri, yaradıcılıqirsi ilə artıq köhnə dost idim desəm, yanılmaram. Çünki, palitra ustasının yaradıcılığı, əsərləri onun özü haqqında o qədər sanballı mənbədir ki, rəssamın əsərlərini tanıyıb, sonra onun özünü tanıdım. Doğrudan da Əli müəllimin əsərləri, yaradıcılığı məni aldatmamışdı – Əli Səfərov böyük rəssam, ziyalı, erudit, vətən oğlu, ana yurduna aşiq vətənpərvər, vurğun insandır.
Fırça ustasının “Naxçıvanda qış”, “İlandağ” (Haçadağ), “Xan Araz”, “Şərur yolu”, “Ayasofya”, “Xanəgah”, “Gülüstan türbəsi”, “Yallı”, “Nağıllar aləmi”, “Çoban iti ilə”, “Qız alma ilə”, “Qaçqınlar”, “Füzuli”, “Şəhriyar”, “Çayçı”, “Milli dəyərlərimiz”, “Mirzə Cəlil”, “İlham və Fərizə” adlı əsərlərini seyr etdikcə rəssamın yurduna, elinə-obasına, xalqına nə qədər vurğun olduğu aşkara çıxır. Və beləcə qayıdaq başlanğıca... Əli Səfərovun tablolarındakı rənglərin yallısı, rövnəqliliyinin sirri onun qoynunda böyüdüyü öz dövrünün maarifçi şəxsiyyəti olmuş Əli bəyin (Ə. Səfərov babasının adının layiqli daşıyıcısıdır) öz əllərilə əkdiyi, bəslədiyi, nazlandırdığı gülüstan həyətdə böyüməsidir. O həyətdə ki, bağın mərkəzində nəhəng tut ağacını əkmişdi. O tut ağacı, tarixin neçə-neçə ağrılı-acılı illərinin, günlərinin şahidi olmuşdur.
Hələ 1905-ci ildə, xain ermənilərin təxribatı zamanı tut ağacının əlçatmaz gövdəsinin içi yanmışdı. Ancaq buna rağmən tut ağacı hələ də yaşayırdı, sahibini, həyətdəki sakinlərini bəhrəsi ilə sevindirir, bəsləyirdi.
Haqqında söhbət açmaq istədiyim fırça ustası Əli Səfərov 1954-cü il Azərbaycanın qədim guşəsi Nəqşi Cahanda dünyaya göz açmışdır. Bu təsadüfi deyildir, çünki Naxçıvan böyük mədəniyyət beşiyi olaraq, istedadlı, maarifpərvər və ruhi mədəniyyətə malik insanların beşiyidir. Əli müəllimin digər istedadlarından biri də mahir fırça ustası olmaqla yanaşı incə qələmə sahib olmasıdır. Yenə deyəcəyəm, bu təsadüfdürmü? – Xeyr! Rəssam jurnalist ailəsində böyümüşdür. Əli müəllimin atası Ələsgər Səfərov təəssüflər olsun haqq dünyasına cavan ikən, 43 yaşında 5 övladını həyat yoldaşı Dilarə Səfərlinin himayəsinə tərk edərək köçmüşdür. Beləcə, qəm, kədər, qüssə, atasızlıq sızıltısı rəssam Əli Səfərovun tablolarına buradan süzülərək məskən salmışdır. Əli müəllimin anası 20-ci əsrin ikinci yarısında Azərbaycan ədəbiyyatı və şeirinin unudulmaz nümayəndəsi İslam Səfərlinin bacısıdır. Gələcək rəssamın ailəs Əli hələ məktəbli ikən səfalı həyət evini, o qoca tut ağacı bitən baba yurdunu bina evi ilə əvəzləməli olurlar. Bəlkə də bu təsadüf yox, zərurət idi. Bu zərurət isə hələ uşaq Əlinin gələcəkdə rəssam kimi yetişməyində xidməti olmuş rəssam Azər Əsgərovun onların qonşusu olması idi. “Məktəblilər evi”ndə o rəsm dərnəyi aparırdı. Əlidə rəssam ruhunu duyub onu dərnəyə dəvət edir. İlk dəfə rəsm dərslərinə atılan addım gələcək yaradıcı həyat yolunun astanası oldu. Daha sonra Əli Səfərov elə bu dərnəkdəcə Fərman Əsgərovdan boyakarlığın incəliklərinə yiyələnir. Rəssamlığa aparan yolda növbəti addım gələcək rəngkarın sulu boya xırdalıqlarını öyrənmək üçün Əməkdar rəssam Şəmil Mustafayevin emalatxanasına getməsi olur.
Əli Səfərov qayğısız yeniyetməlik çağında qəmli bir səhər həyatında ilk dəfə kədərlə üz-üzə gəlir, atasını əbədi olaraq itirir. Əli müəllimin həyatda növbəti yaşadığı hüzn əmisi – Natiq Səfərovun vəfatı olur. Natiq Səfərov dövrünün savadlı ziyalısı kimi dünya mütaliəsindən peşəkar tərcümələr edərək Azərbaycan ədəbiyyatında tanınmışdır.Yazıçı-tərcüməçi Natiq Səfərovun özü demişkən: “Mən qədim türklərin ən sonuncusuyam”! Bu kəlmənin o illər üçün iti qılıc qədər təhlükəli olduğunu yəqin ki, zənn edirsiniz.
Artıq müasir elm tərəfindən əminliklə sübut olunmuşdur ki, insanda olan ən xırda xüsusiyyətlərinin belə kökü şəcərəyə dirənir. Əgər özümüzü tanımaq istəyiriksə hökmən əsl-nəcabətimizi öyrənməliyik. Əli müəllimin alicənablığının, mədəniyyətinin kökündə də elə bu durur. Xanım Səfərova Əli müəllimin ata nənəsi idi. Deyilənə görə çox mərd və insan xanım olub. Onun atası pristav yanında tərcüməçi olmuş, sonradan ona bəylik titulu verilmişdir. Dövrünün ziyalısı olmuşdur. Rəssam Əli Səfərov haqda yazdığım məqalədə rəngkarın şəcərəsinə nəzər atmaqda bir məqsədim var. Əli Səfərovun vurğunu olduğum rəng aləmindəki nəciblik, gözəllik və məftunluğun kökünün haradan su içdiyini, haradan qidalandığını açmaqdır.
Beləcə rəssam Əli müəllimin yaradıcılığına aparan yolun yolçusu olaq...
Əli Səfərov məktəbi bitirdikdən sonra sənədlərini rəssamlıq məktəbinə vermək istəsə də anası Dilarə xanım buna razı olmur. Bu da bir qismət idi ki, Əli ilk əmək fəaliyyətinə Naxçıvanda dərc olunan “Şərq qapısı” qəzetində başlayır. Babasının vasitəçiliyilə bu işə düzəlməsi əslində bir qismət payı olur. Əli Səfərovun ağ kağız üzərinə fikir və düşüncələrini, müşahidələrini gözəl köçürmək qabiliyyəti buradan başlayır. Ancaq insan ruhən rəssam doğulubsa istər 15, istər 50 ... fərq etməz, axır-əzəl o, rənglər məbədinə daxil olacaq. 1974-cü ildə gənc Əli haqqında bir az öncə bəhs eydiyim dayısı şair-dramaturq İslam Səfərlinin xahişi ilə anasının razılığını aldıqdan sonra Əzim Əzimzadə adına Rəssamlıq məktəbinin “Bədii tərtibat” fakültəsinə daxil olur. Əli Səfərov rəssamlıq məktəbində Əməkdar incəsənət xadimi Qüdrət Qurbanov (hazırda Moskva şəhərində yaşayır), İsa Məmmədov, Rakif İsmayılov, Adil Talıbov, Feyruz Quliyev, Ofeliya Xankişiyeva, Nailə Kazımova, Soltan Məmmədov, İradə Quliyeva və başqa rəssamlarla birgə təhsil almışdır. Onun müəllimləri Azərbaycan rəssamlıq məktəbinə töhfələr vermiş rəssamlarımız Rəşid Heydərzadə, Arif Ələsgərov olmuşlar. Rəssam Əli müəllimin diplom işi o zaman müəllimləri tərəfindən alqışla qarşılanmışdı. Bakıdakı “Ovçular evi”nin eksteryeri və ətraf sahəsinin tərtibatının eskizləri ilk peşəkar addımlardan oldu. Əli Səfərov diplom işi olaraq işlədiyi eskizlər yüksək qiymətləndirilərək müəllimi Arif Ələsgərovun “...rəssamlıq təhsilini davam etdirmək üçün səni təyinatla Xarkova (Ukraynanın şimal şərqində şəhər) göndəririk” – xəbərinə fikirli yanaşdı. Bir çox gənc rəssamın eşitmək arzusunda olduğu belə bir təklifə Əli Səfərovun tərəddün etməyinin bircə səbəbi vardı; anası, ailəsi...
Rəssamlıq məktəbini bitirdikdən sonra Əli Səfərovun təyinatını doğma yurdu Naxçıvanda ictimai iaşə idarəsinə tərtibatçı-rəssam kimi verilir. Daha sonralar rəssam şüşə qablar, Naxçıvan alüminium–qablar zavodunda çalışmışdır. Əli müəllim yaradıcılıq fəaliyyətini Naxçıvan Dövlət Musiqili Dram Teatrı ilə başlayır. O, burada icraçı-rəssam, tərtibatçı rəssam kimi çalışır.
Teatr sözün həqiqi mənasında kainatdır, məbəddir. Əli Səfərov teatrda tərtibatçı-rəssam kimi çalışdığı ilk illərdə teatr rəssamlığının səhnə tərtibatının, dekorasiyaların hazırlanması və s. heç bir nəzəri kitabda yazılmayan incəliklərini, sirlərini Naxçıvan və eləcə də Azərbaycan təsviri sənətinin tanınmış simaları rəssam Məmməd Qasımov və Yuran Məmmədovdan öyrənir. Bu illər dünya incəsənəti fonunda Azərbaycan təsviri sənəti heç də geri qalmırdı. Xüsusilə də teatr sahəsində səhnə tərtibatı sahəsində Azərbaycan teatr rəssamlığı və həmçinin teatr sənəti bahar çağını yaşayırdı. Əli müəllim uzun illər Naxçıvan teatrında icraçı-rəssam, quruluşçu-rəssam kimi Naxçıvan Dövlət Musiqili Dram Teatrında onlarla teatr tamaşasına bədii tərtibat vermişdir.
Onların sırasında Turan Oflazoğlunun “Dəli İbrahim”, Georgi Xuqayevin “Mənim qaynanam”, Aleksandr Puşkinin “Qaraçılar”, Cəlil Məmmədquluzadənin “Çay dəstgahı”, Aleksey Dudarevin “Astana”, Ramiq Muxtarın “Şəhərli kürəkən”, Teymur Elçinin “Osvensim”, Veyzerbonun (V.Hüqonun əsərləri əsasında) “Gülən adam”, SoltanMəcid Qənizadənin “Məzhəkə axşamı”, Məmməd Arazın “Azərbaycan dünyam mənim”, Hüseyn Cavidin “Uçurum”, Əkrəm Əylislinin “Bir cüt bədmüşk ağacı”, Ramiz Rövşənin “Dərs”, Anton Çexovun “Üç zarafat”, Mirzə Fətəli Axundzadənin “Müsyö Jordan və dərviş Məstəli şah” əsərlərinə bədii-təsviri quruluş vermişdir. Teatr aləmində rəssam səhnələşdirilmiş tamaşanın anşlaqla qarşılanmasında çox əhəmiyyətli və mühüm vəzifə daşıyıcısıdır. Siz bir anlıq təsəvvürünüzdə səhnə pərdələri açılarkən ilk gördüyünüz, izləyəcəyiniz tamaşa haqda sizə məlumat verə biləcək başlıca mənbənin nə olduğunu canlandırın. Əgər K.C.Stanislavskinin təbirincə teatr asılqandan başlayırsa, deyərdim ki, tamaşa da rəssamın quruluş verdiyi bədii tərtibatdan başlayır. Əli Səfərov tamaşalara verdiyi plastik tərtibatı əsərin müəllifi, tamaşanın rejissoru, bəstəkarı ilə ahəng, harmoniya yaradaraq professionallıqla yanaşı kollektiv fəaliyyətin ilahi inikasıdır, xüsusən də bu rejissor, bəstəkar, dramaturq, aktyor arasında təmasdır. Ümumiyyətlə teatr rəssamlığı anlayışında məni maraqlandıran teatr rəssamının sərhədsiz görmə, duyma, anlama, düşünmək xüsusiyyətidir, yəni teatr rəssamının təhtəlşüurunun dünyəviliyidir.
Məhz Əli Səfərovun yaradıcılığının daha bir sərhədsizliyi də rəssamın xəzinəsində Naxçıvan Dövlət Kukla teatrında səhnə tərtibatı verdiyi tamaşalardır. Onların sırasında T.Ağayevin “Cırtdanın kələyi”, Çingiz Ələsgərovun “İbrət dərsi”, Cəlil Məmmədquluzadənin “Çay dəstgahı”, Ələkbər Qasımovun “İnanmayaq tülkülərə” tamaşalarını sadalamaq olar.
Çalışdığı Babək rayon xalq teatrında “Ezop”, Bəxtiyar Vahabzadənin “Yollara iz düşür”, Cəfər Cabbarlının “Solğun çiçəklər”, Hüseyn Cavidin “Ana”, Süleyman Rüstəmin “Durna”, Nəcəfbəy Vəzirovun “Yağışdan çıxdıq, yağmura düşdük”, İlyas Əfəndiyevin “Unuda bilmirəm” Əli müəllimin yaradıcılıq yoluna daxildir.
Əli müəllim, Naxçıvan teatrlarında hansı rəssamlarla çalışmış, teatr rəssamlığının incəliklərinə, sirrlərinə və peşəkarlığına necə yiyələnmiş, daha hansı sənət fədailəri ilə yaradıcılıq dünyasında addımlamısınız? – sualıma çox geniş məlumat verərək teatr rəssamlığından bəhs etmişdir: “Mən Naxçıvan teatrında 1983/1987-ci illərdə işləmişəm. Həmin vaxtlar Naxçıvan Muxtar Respublikasının Əməkdar İncəsənət xadimi Məmməd Qasımov teatrın baş rəssamı idi. Teatrda çalışdığı illərdə 105 tamaçanın səhnə və geyim tərtibatını vermişdir. O illərdə Yuran Məmmədov teatrda rəssam işləyirdi. Təəssüflər olsun ki, 1984-cü ildə onu itirdik, vəfat etdi. 1987-ci ildə Naxçıvan teatrının 100 illiyi oldu. Məndən sonra teatrda Xalq rəssamı Hüseynqulu Əliyev, Əbülfəz Axundov işləmiş, hal-hazırda isə Naxçıvanın Əməkdar rəssamı Səyyad Bayramov çalışır. 1990-cı ildə Kukla teatrının direktoru Ələkbər Qasımovun (müəl: rəssam Məmməd Qasımovun oğlu) dəvətilə M.T.Sidqi adına Naxçıvan Dövlət Kükla teatrında baş rəssam kimi dəvət olundum. Mən Naxçıvan teatrında Xalq artistləri Zenfira Əliyeva, Məmməd Quliyev, Əyyub Haqverdiyev, Aydın Şahsuvarov, İbrahim Bənəniyarlı, Sofya Hüseynova, Əkbər Qardaşbəyov, Həsən Ağasoy, Kamran Quliyev və b. ilə çiyin-çiyinə çalışmışam. Və bu gün də fəxr edirəm ki, belə böyük sənətkarlarla birgə addımlamışam” fikrini rəssam Əli Səfərov qürurla səsləndirir. Beləcə bu notlarda rəssam düşüncələrini davam etdirərək söyləyir: “Naxçıvan teatrında işlədiyim vaxt Xalq artisti, teatrın baş rejissoru Vaqif Əsədov, Baxşı Qələndərli, quruluşçu rejissor, Naxçıvanın Əməkdar İncəsənət xadimi Əliqismət Lalayev və teatrın quruluşçu rejissoru Vəli Babayevlə 1983/1987-ci illər ərzində 16 tamaşaya səhnə tərtibatı və geyim eskizi vermişəm”.
Ümumilikdə teatr rəssamı kimi Əli müəllimin teatrda yaradıcılıq illərini aşağıda qeyd etdiyim dövlərə bölmək olar:
1983/1987-ci illər Naxmıvan Dövlət Musiqili Dram Teatrı;
1990/2012-ci illər Naxçıvan Dövlət Kukla Teatrı;
2009/2016-ci illər Babək rayon Xalq Teatrı.
Əli müəllimin 2009-cu ildə Babək rayon Mədəniyyət evində fəaliyyət göctərən “Buta” adlı dram dərnəyində Q.Fiqeyredunun “Ezop” tamaşasına verdiyi peşəkar səhnə tərtibatına görə Babək rayon Xalq Teatrı yaradılır.
Əli Səfərovun yaradıcılığı çoxşaxəlidir, bunun bariz nümunəsini indi sizinlə bölüşəcəm. Fırça ustası fitri istedada malik bir insandır, öz dəst-xəttini yaratmış rəssamdır, gözəl qələm sahibidir, həm də mahir ifaçıdır! Bəli, Naxçıvan Dövlət Kukla teatrında aktyor kimi təmənnasız bir çox rolların ifaçısıdır. İnsan, rəssam ruh gözəlliyini nə qədər incə duymalıdır ki, körpə fidanları səhnədə təmənnasız yaratdığı obrazları canlandıraraq sevindirsin. Rəssam və aktyor... İkisini də yaratmaq üçün ruh, ürək, qəlb gərəkdir. Adını çəkdiyim anlayışların vəhdətində Əli Səfərov ruhu ilə görən, qəlbi ilə duyan, ürəyi ilə hiss edən rəssamdır. Yəqin ki, buna görə rəssamın əsərlərini, tablolarını seyr edərkən nədənsə, su şırıltısı, yallı hayı, dağ harayı eşidirəm sanki...
Bir az öncə Əli Səfərovun qözəl qələmə malik olduğunu yazmışdım. O neçə-neçə məqalə və kitabların müəllifidir. Uzun müddət Naxçıvan Dövlət Radiosunda “İncəsənət radio proqramı” adlı müəllif verilişini aparmışdır. Bu zaman o, incəsənət aləmində baş verən yeniliklər, düşüncələr, tapıntılar, keçmişin və müasirliyin kəsişməsindən, ziddiyyət və təzadlarından, rəssamların yaradıcılığından, üslub və istiqamətlərdən bəhs edərək çox maraqlı məqamları işıqlandırmışdır. Verilişin efirə getdiyi müddər ərzində Əli Səfərov Bəhruz Kəngərli, Səttar Bəhlulzadə, Mikayıl Abdullayev, Tahir Salahov, Vəcihə Səmədova, Həsən Haqverdiyev, Şamil Qazıyev, Əyyub Fətəliyev, Çingiz Əzizov, Ülviyyə Həmzəyeva, Kamil Nəcəfzadə, Rafis İsmayılov, Nazim Bəykişiyevin yaradıcılığından, antik və intibah heykəltəraşlığı və rəssamlıq tarixindən, Azərbaycan xalça sənətindən, miniatür məktəbindən bəhs etmişdir.
Əli müəllim eyni zamanda bir sıra uşaq ədəbiyyatı kitablarına illüstrasiyalar vermişdir. Uşaq ədəbiyyatına üllüstrasiyalar işləyən rəssam haradasa qəlbində özü də uşaq olmalıdır. Rəssam yaradıcılığı boyu istər vətəndə, istərsə də xarici ölkələrin rəsm salonlarında, sərgi zallarında onlarla sərgilərin, beynəlxalq rəsm festivallarının iştirakmısı olmuş, əsərləri nümayiş olunaraq seyrçilərin ixtiyarına verilmişdir. Əli Səfərovun illər boyu sanki yaradıcılıq hesabatı olan ilk fərdi sərgisi 2012-ci il Naxçıvan Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına sərgi salonunda keçirilmişdir. Palitra ustasının ikinci fərdi sərgisi isə çox maraqlı anlarla yaddaqalan olmuşdur. İkinci fərdi sərgi 2014-cü ildə Əli müəllimin 60 illik yubileyinə təsadüf etmişdir. Elə həmin il növbəti yaddaqalan məqam o olmuşdur ki, Əli Səfərova Əməkdar rəssam fəxri adı verilmişdir.
Əli müəllimin yaradıcılığını xarakterizə edərkən sənətkarın həyat və yaradıcılığına həsr olunmuş şairə-dramaturq, Əməkdar İncəsənət xadimi Aybəniz Ağaqızının (Qeyd: A.Ağaqızı Ə.Səfərovun həyat yoldaşıdır) müəllifi olduğu “İşıqlı sənətkar ömrü” kitabından olan ifadənin təbirincə - “Tanrının bizə bəxş etdiyi bütün rəng çalarları” Əli müəllimin yaradıcılığına hakim kəsilib. Rəssamın “Çoban iti ilə”, “Mənzərə”, “Nağıllar aləmi”, “İlanlı dağ”, “Şərur yallısı”, “Gülüstan türbəsi”, “Xanəgah”, “Qaçqınlar”, “Şəhriyar”, “Ayasofya”, “Çayçı”, “Şərur yolu”, ”Xan Araz”, “Milli dəyərlərimiz” silsiləsindən “Rəqs” (Sudan gələn kuzəli qız), “Mirzə Cəlil”, “Natürmort”, “Naxçıvanda qış”, “Azadlığa aparan yol, İlham və Fərizə”, “Vayxır gölü”, “İlk nübar”, “Akvarium”, “Dədə Qorqud harayı”, “Düşüncə. Bəhruz Kəngərli”, “Ağaclıq”, “Gəzinti”, “Nəhəcir dağı”, “Qızıl payız”, “Ordubad dağları”, “Dağ kəndi”, “Üzən ada”, “Batabat”, “Əlincə qalası”, “Şahbuz yolu”, “Yaz yağışı”, “Naxçıvanda şənlik”, “Biləv”, “Qanlıgöl yaylağı”, “Xalçaçı qız”, “Qız alma ilə”... adlı əsərləri saymaqla bitmir. Əli Səfərov yaradıcılıq yolunda tək bir üsluba üstünlük vermir. Onun tablolarına nəzər yetirdikdə bir necə üslubun eyni anda iştirakının şahidi oluruq.
İncəsənətdə üslub və istiqamətlər müxtəlifdir. Vahid üslub anlayışı axtarışımız yanlış olar, çünki hər bir yeni üslub ondan öncəki üslubun davamıdır və bu üslub da özündən sonrakı mərhələyə ötürülərək rəvan şəkildə hərəkət edir. Bədii üslub çərçivəsində sənətə yenisi “doğulur”. Bəzən bir üslubda bir neçə üslubun vəhdətinə, sintezinə, cəminə və mövcudluğuna rast gəlinir. Bunları yazmaqda əsas məqsədim incəsənətdə üslub və istiqamətlərin nəzəri hissəsindən bəhs etmək deyil, əsas qayəm söhbəti rəssam Əli Səfərovun dəst-xəttinin üzərinə gətirməkdir.
Yuxarıda qeyd etdiyim kimi, Əli müəllimin palitrasında müxtəlif üslublara müraciət edərək, həddən ziyadə təkrarsız, şux, rəvan, rövnəq dağ süxurlarını xatırladan rəng çeşidləri ilə seyrçini heyrətləndirməyə qadirdir. Rəssamın özünün dediyi kimi – “Özünü tapmaq üçün daim işləməlisən. Rəssam öz cığırını (müəl: bu ifadə nə qədər də doğrudur) tapmaq üçün illərlə yol getməlidir.”
Rəssam yaradıcılığında zirvəyə çatmaq üçün özü-özü ilə döyüşməli, mübarizə apararaq qalib gəlməlidir. Deməli sənət yolu mübarizə yolundan keçir. Rəssam üçün qalxaraq çatdığı bir zirvə növbəti zirvəyə aparan yolun astanasıdır. Beləcə rəssam əlində fırça və növbəti mübarizə yolu!
Ümumiyyətlə sənət, yaradıcılıq adamı hərtərəfli yüksək biliyə, geniş dünyagörüşünə malik olmalıdır. Malik olmalıdır ki, dövrünün, zamanının nəbzini tuta bilsin, çərxi fələyin dövranı ilə ayaqlaşa bilsin. Vizual sənətdə çox müxtəlif üslub və istiqamətlər var. Çox vaxt onların dəqiq müəyyən edilmiş sərhədləri yoxdur və davamlı inkişafda, qarışıqlıqda və müxalifətdə olmaqla bir-birindən oynaq şəkildə hərəkət edirlər. Bir tarixi bədii üslub çərçivəsində həmişə yenisi doğulur və o da öz növbəsində axarıncısına keçir. Eyni vaxtda bir çox üslublar mövcuddur və buna görə də ümumiyyətlə “təmiz üslub” anlayışı yoxdur. Üslubların vəhdəti, sintezi və harmoniyası var.
Əli Səfərovun yaradıcılığının ovsunlayıcı xüsusiyyəti ondadır ki, rəssamın əsərlərini seyr edərkən onun iş zamanı nəticə yox, aksionizmdə olduğu kimi iş prosesindən zövq alaraq sənət yaratmasıdır. Güclü bədii təfəkkür və təxəyyülə malik sənətkar, palitra ustası Əli Səfərovun dediyi kimi, sevərək çalışdığı miniatür janrı onun yaradıcı fəaliyyətində əsas qollardandır. Rəssamın əsərlərində miniatürsayağı ab-havanın olması Naxçıvanın sirli, məftunedici, nağılvari, əfsanəvi dağlarının təsiri və vurğunluğudur.
Həzrəti Nuhun adı ilə hallanan, dünyavi və qeyri dünyavi anlayışa malik cazibə qüvvəsi ilə bəşəriyyəti heyrətləndirən Əshabü Kəhf, əzəmətli, qürurlu duruşu ilə məğrur, Naxçıvanın mərd gözətçiləri Haçadağ, Nəhəcir dağı! Dünya tufanınadək və sonrakı mərhələdə bəşəri tarixdə səmavi kitablardan tanınan qədim Nəqşi Cahan torpağının, havasının, suyunun qoxusunu və tamını düşünürəm ki, ancaq sənət insanı incəsənət vasitəsilə mənəviləşdirərək çatdıra bilər, necə ki, istedadlı rəssam Əli Səfərov dağın, havanın, suyun, küləyin, torpağın, rəngini kətan üzərinə fırçasına xas şəkildə köçürməyin sirlərini tapıb palitrasında təsvir edir.
Qayıdaq qaldığımız yerə... Əli müəllimin dediyi kimi-“Hələ tələbəlik illərindən miniatür janrını bəyənirdim”. Rəssamın bu janrda yaratdığı tablolardan “Nağıllı dünyam”, “Azərbaycan”, “Doğma diyar”, “Nizami”, “Dədə Qorqud harayı”, “Füzuli”, “Dahilər diyarı”, “Mirzə Cəlil”, “Sabir və zəmanəsi”, “Şəhriyar”, “Səttar”, “Düşüncə. Bəhruz Kəngərli” və s. sadalamaq olar.
“Dədə Qorqud harayı” tablosu süjet və kompozisiya, rəng çalarları və yaxı ustalığı baxımından seyrçini heyrətləndirməyə bilməz. Əsərə baxarkən rəğbət və məftunluq hissi insanı bürüyür. Miniatür janrına xas təsvir olunmuş burma-burma buludların arasında Türk, Altay və Oğuz rəvayət və dastanlarındakı el ağsaqqalı, ozan Qorqud Ata əlində qopuz günəş şüalarının döşündə bərq vuran dağların başı üzərindən oğuz elinə xeyir-dua verir. Tabloda Dədə Qorqud ümumiləşdirilmiş obraz şəklində verilmişdir. Əsərdə Odlar Yurdunun demək olar ki, bütün adət-ənənələri, folklorumuz, dekorativ-tətbiqi sənət nümunələrimiz, nağıllarımız, “Dədə Qorqud” dastanlarımızın boyları süjet və kompozisiya baxımından yüksək təxəyyül və təfəkkür inikasıdır. Əsərin kompozisiya həlli çox mürəkkəbdir. Əli Səfərov düşündüyü ifadəli, dolğun və poetik kompozisiya həlli ilə rəng və işığın ahəngdar vəhdətini yarada bilmişdir. Yaxud rəssamın “Nağıllar aləmi” adlı rəngkarlıq əsəri. Əsər tematik tablo janrında işlənmişdir. Əli Səfərovun “Nağıllar dünyası” işi Naxçıvan Kukla Teatrının foyesini bəzəyir. Gələcəyimiz olacaq övladlarımızda Vətənə eşq, sədaqət və vəfanı belə təbliğ edir rəssam.
Dağlar bizim əcdadımızdır! İnanclarımız, adətlərimiz, musiqimiz, dil və dinimiz, tariximiz, yaşantılarımız dağlara-qayalara hopmuş, guruldayan göylərə əks-səda salmışdır. Eləcə də Əli müəllimin bu əsərində... İlan dağ və Möminə Xatun türbəsinin fonunda nağıllı dünyamızın bütün personajları cəmləşmişlər. Rəssam bu əsərində də miniatür janrına müraciət etmişdir. Bir müşahidəmi qeyd edim ki, Əli Səfərovun fırça yaxmaları biri-birinin üzərinə heyrətamiz professionallıqla otuzdurulmuşdur. Onlar mənə işıq və kölgə, tünd və açıq rəng çalarları ilə yüz illər doyu bir-birinin üzərinə oturmuş dağ süxurlarını xatırladır. Palitra ustasının “Füzuli dünyası” tablosu paralanmış, alov tutaraq yanan qəlbin inikası fonunda əks olunmuşdur. Ədib uzaqlara dikilmiş ağır baxışları ilə ruhən ilahi eşqdən yanaraq bu dünyada biri-birinə həsrət qalan, eşq şərbətinin acısını, ülvi hisslərin göynərtisini dadırlar.
Leyli və Məcnun isə Füzuli kainatında “məcnun” rənglərlə təsvir olunaraq ülvi məhəbbətin eşq alovunun ağuşunda rəssam Əli Səfərov tərəfindən əsrarəngiz tərzdə təsvir olunub.
Rəssamın yaradıcılıq yolunu izləyərkən bir deyil, bir neçə üslub və istiqamət müxtəlifliyinin şahidi oluruq; istər akademizmin, naturalizmin, neorealizmin, postimpressionizmin izlərini sezmək olar. Əli müəllimin portret, peyzaj, natürmortları özünəxas üslubu ilə seçilir. Ümumiyyətlə rəssam və ya hər hansı bir sənət sahibi “naxışlı” olmalıdır ki, yaratdığı yaradıcılıq əsəri də “naxışlı” olub insana ruhi qida versin. “Əli Səfərov, mənzərə və həm də natürmort rəssamıdır” deməyə ixtiyar verir. Rəngkarın natürmortlarında kontrast boyalar, isti-soyuq rənglər, rakurs seçiminin mahirliyi, təsvir olunmuş cansız əşyaların sanki fırça sehri ilə canlanması yüksək peşəkarlıqdan xəbər vermirmi...
Əli Səfərovun işlədiyi mənzərələri rəng çeşidi baxımından, işıq-kölgə effekti baxımından, rəsm motivlərinin iddiasız və sadəliyi baxımından bizə, - Bu sıradan palitra ustasının peyzajlarına nəzər yetirdikdə - “Qızıl payız”, “Şərur yolu”, “Xan Araz”, “İlanlı dağ”, “Naxçıvanda qış”, “Şahbuz yolu”, “Dağ kəndi”, “Əshabu Kəhf”, “Əlincə qalası”, “Ayasofya”, “Xanəgah”, “Gülüstan türbəsi”, “Təbiətin gözəlləri”, “Şərur yallısı” və başqa əsərlərini sıralaya bilərik. Əli müəllimin peyzajlarında impressionizm və postimpressionizm, naturalizmin ştrixləri duyulur və beləcə fırça ustasının kətan üzərində təsvir etdiyi mənzərələrin müxtəlifliyi, rəngarəngliyi əsərləri təkrarsızlığa gətirir. Beləcə mənzərə janrı rəssamın irsində mərkəsi yerlərdən birini tutur. Rəssamın təbiət mənzərələri o qədər füsünkar, cəlbedicidir ki, nazlı-qəmzəli buludların qoynunda yumşaq, məlahətli, harmonik rəng çalarlarına kələğayıtək bürünmüş qənirsiz Naxçıvan dağları rəssamın fırçası ilə kətan üzərinə elə məharətlə köçürülmüşdür ki... Nəğməkar, ahəngdar kompozisiyalar tamaşa etdiyimiz mənzərələrin əsas qayəsini təşkil edir.
Gəlin duvağını xatırladan buludların altında, əzəmətli İlanlı dağın (Haça dağ) ətəyində şırhaşırla axan suların qənşərində xatun Naxçıvan el qızlarının, pəhləvan cüssəli ərənlərinin qol-qola, əl-ələ verərək getdiyi yallı necə də rövnəq və ritmikdir. Əli Səfərovun “Şərur yallısı” və ya “İlanlı dağ” tabloları sanki, bir pəncərədir və biz də bu pəncərədən bunları seyr edirik. Başı ağ örpəyə bələnmiş qış fəslinin bakirəliyi və ya yaz fəslinin bahar pıçıltısı... “Təbiətin gözəlləri” adlı əsəri mən deyərdim ki, sözün həqiqi mənasında rənglərin bayramı, rəqsidir. Tünd və açıq rənglərlə işlənmiş əsərdə əks olunmuş yarpaqlar, qovuşaraq onlara qarışmış, ilk baxışdan sezilməyən, baxdıqca gözümüzün önündə bariz canlanan təbiət gözəlləri – rəngarəng tutuquşular.
Canlıymış kimi realdırlar əsərdə. Təsvir o qədər koloritlidir ki, kompozisiya baxımından o qədər mükəmməldir ki...
Rəssam Əli müəllim tariximizin, folklorumuzun, şifahi xalq ədəbiyyatımızın, milli və maddi irsimizin dərin bilicisi və təbliğatçısıdır. Əli Səfərovun lokal rəng yaxıları, təmiz rəng keçidlərinə üstünlük verməsi onun portretlərində lirizmi və mənəvi saflığı qabarıq formada təsvit etmə qabiliyyəti bədii-estetik baxımdan çox yüksəkdir. Rəssam yaratdığı obrazların mənəvi, ülvi və ruhi aləminə nüfuz edərək tamaşaçı ilə canlı ünsiyyət qurmağa nail olur. “Sabir və zəmanəsi”, “Səttar”, “Şəhriyar”, “Mirzə Cəlil”, “İlham və Fərizə”nin portretləri ifadəlilik axtarışları baxımından portret sahiblərinin təhtəlşüur və daxili dünyalarından xəbər verir.
Məsələn; Cəlil Məmmədquluzadənin “Molla Nəsrəddin”in qamçıladığı zəmanəsinin antipotları və onları ifşa edən jurnal məcmusunun fonunda təsviri; Heydər babanın zirvəsinə üz tutaraq ona titrək və qəhərli səsi ilə müraciət edən, ötən günlərin xiffətini çəkən ustad Şəhriyarın portreti... Şükürlər olsun, bizi, övladlarımızın məzəmmətindən qurtaran, alçalmış mənəviyyatımızı yüksəldən, döyüş ruhumuzu qəflət yuxusundan oyadan əsgərlərimiz var olsun! Torpaqlarımızın azad olunmasından əvvəl mənəvi əzab hissilə tamaşa etdiyimiz “Qaçqınlar” tablosu, tablodakı ağsaqqal və ağbirçəklərin, qızcığazın qəmli gözlərindəki vətən həsrətli, dərdli baxışlar. Vətən eşqi ilə yaradan rəssam, Əli Səfərov! Bu gün o, ağsaqqal və ağbirçəklərin, o balaca qızcığazın gözündə fərəh, qürur, sevinc, el-oba həsrətinə son qoyan qığılcım parlayır.
“İlham və Fərizə”nin portretində saf eşqləri, ülvi məhəbbətləri ilə, 20 Yanvar əliyalın, azadlıq yoluna çıxan, haqq tələb edən, haqq səsi ilə bəşəriyyətə hay haylayan şəhidlərimizin sual dolu baxışları rəssam tərəfindən nə qədər yanıqlı canlandırılıb... Yaxud əlində alma ilə xəyallara dalan gənc qız portreti - görəsən o “nəyi” düşünür, daha doğrusu “kimi” düşünür...
Əli müəllimin məişət janrında işləyib bədii təsir qüvvəsi ilə bizi ovsunlayaraq yaratdığı “Çoban iti ilə”, “Çayçı”, “İlk nübar” əsərlərini qeyd edə bilərik.
“Çoban iti ilə” tablosundan çobanın xəyallara dalaraq çaldığı tütəyin yanıqlı, həzin səsi və bu rahatlıqda hüzur tapan, insan istisinə sığınan Alabaşla yaşıl yamacda əsəri; hamının məhz onun dəmlədiyi kəklikotulu çayın ətrini və təmini almaq üçün gəlib ürək söhbətləri etdikləri çayxananın məşhur çayçısının portreti; yaxud “İlk nübar” Əli müəllimin fırçasına xas lirizm, mənəvi saflıq, ifadəlilik axtarış və tapıntıları, bədii təsir qüvvəsini onun bütün yaradıcılığı boyu müşahidə edə bilərik. Ümumən, Əli Səfərovun yaradıcılığına xas lirizm, kontrast və harmonik yanaşma, rənglərin rəssamın fırçasından süzülərək tədricən yumşalma, yaxıların bəzən alov dillərinə bənzəyərək təlatümü, bəzən də axar su tək məlahəti, müsiqi tək ahəngi, kompozisiya həlli, isti və soyuq rənglərin biri –birini əvəzləyərək mükəmməl keçidləri insanı heyrətləndirməyə bilməz.
Əgər rəssamı insan kimi, şəxsiyyət kimi, vətəndaş kimi tanımaq istəyirsənsə onun əsərləri ilə danışmalısan. Elə bu məqamdaca, mən yenə də şairə-dramaturq Aybəniz Ağaqızının (müəl: Ə.Səfərovun həyat yoldaşı) “İşıqlı sənətkar ömrü” adlı kitabına müraciət etmək istəyirəm:
“Naxçıvanda yaşayıb-yaradan bir rəssam var! İstedadlı, sadədən sadə bir rəssam, yazar, mütaliə vurğunu, insan... Həyatı rənglərlə, çalarlarla dolu. Bəlkə də yaşadığı çətin anlar tünd çalarları əks etdirər, mənsə onun həyatını bir gülüstana bənzədirəm. Bu gülüstanda isə Tanrının bizə bəxş etdiyi bütün rəng çalarları var. Bu rənglər bir rəssam ömrünün həyat simfoniyasıdır. Yolun işıqlı olsun, gözəl insan!...”
Bu sətirləri xatırlamağım təsadüfi deyil. Əli müəllim haqqında məqaləni yazmamışdan öncə Əli Səfərovla qısa müddət ünsiyyətdə olsam da, məndə belə bir hiss var ki, mən istedadlı, sənət aləmində seçilən dəst-xətti olan bir rəssamla dünya böyüklüyündə söhbət qurmuş, bu şəxsiyyətin yüksək mədəniyyətinin, istedadının, insaniyyətinin heyranı olmuşam! Var olun sənətkar, var olun, yaşayın, yaradın ki, sizin rənglərlə sözbətinizin dinləyiciləri, seyrçiləri olaq!
Sənətşünaslıq üzrə Fəlsəfə doktoru, Azərbaycan Rəssamlar İttifaqının üzvü: Ülkər Veysəlli-Hacıyeva