Tofiq Əmrahov : - Oğluma məktub

(hekayə)
Sayalı qardaşı Kərəmi səslədi: "Kərəm, ay Kərəm!"
- Nədir bacı?
- Kərəm, muştuluğumu ver.
- Nə muştuluqdur, bacı.
- Muştuluğu verməsən deməyəcəm.
- Ay bacı, hələ de görüm nədir də...
- Belə oğlun oldu, çox arzuladığın oğul. Di muştuluğumu ver.
- Bıy Allah səni sevindirsin bacı? Səhər-səhər nə xoş xəbər oldu sənin bu xəbərin. Muştuluğun məndə...
- Yox qardaş, elə şey yoxdur, de görüm nə verirsən.
- Bax, o quzuların içərisində gördüyün o əmlik quzu oldu sənin muştuluğun.
Nə vaxt istəsən apara bilərsən.
- Sağ ol qardaş. Allah boya-başa çatdırsın, toylarını görək.
- Sağ ol bacı! Adını da qoydum Cəlal.
- Çox mübarək, qardaş. Gözəl addır. Adı ilə böyüsün, adına layiq kişi olsun.
----
Oğlunun hər yaşında bir qurban kəsdi Kərəm kişi. Oğul böyüdü, oxudu, toyunu etdi, ailə sahibi oldu Cəlal.
Sonralar, sonralar...
Son günlərini yaşayan, ağır xəstə olan Yasəmən ana bacısını əli ilə yanına çağırıb: - Bacı, bir dəftər gətir, qələmi al əlinə, mən deyim sən yaz. Yaz, anası Yasəməndən oğlu Cəlala məktub, Vəsiyyət məktubu!
Yaz bacı, yaz!
---
Oğul, bilirsənmi atan dünyadan necə köçdü?
– Əlbəttə bilmirsən, bəlkə də bilmək belə istəmirsən. İstəsən də istəməsən də mən deyirəm bil və agah ol!
Atan Kərəm ağır əməliyyat olundu, ölümdən bir təhər qurtardı. Həkimlər əməliyyat öncəsi onun sahibinin razılığı üçün kimi olmasını soruşdular. Oğlu və ya qızı.. Heç kəs olmadı. Çünki yeganə oğlu sən idin. Sən, ata-anasının halından neçə illərdən bəri bixəbər olan sən. Mən irəli durdum, mən imza atdım, mən razılıq verdim.
Atan o ağır günündə elə hey Cəlal, oğlum deyirdi. Əməliyyatdan sonra elə hey deyirdi, mən ölməyinə öləcəyəm, ancaq deyəsən Cəlalsız köçəcəyəm dünyadan… Borca düşdüm, xərcə düşdüm, atanın müalicəsi üçün. Dirçəldi, gündən-günə yaxşılaşırdı, öz dərdini unudub sənin fikrini çəkirdi. Elə hey deyirdi mənim Cəlalım, mənim balam, axı niyə gedirdin, nəyin yox idi. Hər şeyimiz var idi. Oxutmuşdum səni, diplomlu idin, ailən var idi. Heç kəsdən geri qalmayan toy etmişdim sənə, öz zəhmətimlə qazandığım pullarla. Bəs sən niyə getdin, kim apardı səni. Bu neçə illər ərzində bircə dəfə maraqlandınmı ki, görüm atıb gəldiyim o qoca atam və anam ölüblərmi, yoxsa sağdırlarmı?
Ehh oğlum, oğlum!- deyərək ah çəkirdi atan!
O yazıq atan, o çoban, naxırçı atan.
-Bilirsənmi atan səni hansı əziyyətlərlə böyütdü. Çobanlıq etdi, yorğan-döşəyi yapıncı, yastığı qara daşlar oldu. Gündüzlər çobanlıq edib, gecələr sənə yağ, qaymaq gətirən atan!
Hər gələndə deyərdi sən Allah arvad, bu nəhrə yağından yaxma elə, öz əllərinlə yedizdir Cəlalı. Qoy sağlam böyüsün.
-Bu bənövşə dəstəsini də yaylaqdan öz əllərimlə yığıb gətirmişəm, bunu da qoy Cəlalımızın baş ucunda, qoy gecələr yaxşı yuxular görüb, yaxşı da yatsın. Oyatmaz səni, əllərindən, gözlərindən öpüb yenə qayıdardı işinə.
-Bax belə böyüdürdü atan səni. O vaxtlar xarici paltarlar gətirilib satılardı. Hamısının ilkini atan sənə alıb geydirərdi. Qoy deməsinlər bunun atası kasıbdır, çobandır. Necə deyərlər atan səni “böyrəkli” böyüdərdi.
-Bu gün isə…
Atan yenidən yorğan-döşəyə düşdü. Atan o dözümlü, dəyanətli atan xəstəliyə tab gətirə bilmədi. Amansız fələyin amansız dərdi atanı əlimizdən alıb aparırdı. O isə… ölümə məğlub olmurdu, səni gözləyirdi, sən oğlunu, Cəlalı.
Elə hey Cəlal gəl, Cəlalım gəl deyirdi.
Gəl Cəlal, öz çiynində apar məni, öz əllərinlə rahatla, öz əllərinlə torpağa tapşır məni, Cəlal - deyirdi.
Ürəyinin çırpıntısı az qalırdı sinəsini dəlib çölə çıxsın, mənim isə ağlamaqdan gözlərimdə yaş qalmamışdı. Elə bil sahibsiz bir çöl-biyabanda idim. Sağım yadlar, solum yadlar. Qonşular bir-birinə pışıldaşaraq deyirdilər, hanı bunların oğulları. Mən də ölmək, atanla birlikdə dəfn olunmaq istəyirdim. Axı, onsuz mən necə yaşayaram, mənim son aqibətimin necə olacağını düşünürdüm.
Kərəm çırpınır, Əzrayıla can vermirdi Cəlalsız. Oğlum gəl, gəl deyirdi. Əlləri əlimdə, gözləri gözlərimdə gəlirmi Cəlalım- deyə soruşurdu. Mən isə deyirdim gəlir, Kərəm, gəlir. İndi çatar, lap az qalıb.
Uzaq bir qohumumuz irəli yeriyib, Cəlal gəldi ay Kərəm, əlini uzat, görüş oğlunla deyərək Kərəmin əlindən tutdu. Elə həmin andaca “Cəlalım, anan əmanəti” deyərək gözlərini əbədi yumdu.
Yadların çiyinlərində getdi atan, ay oğul. Yadlar torpağa tapşırdı atanı, o zəhmətkeş atanı, o əzabkeş atanı.
Mən də saçlarımı yolub ağı deyirdim:
Dağlar dağımdır mənim,
Qəm oylağımdır mənim.
Dindirmə qan ağlaram
Yaman çağımdır mənim
***
Eləmi dağlı qaldı,
Ürəyim dağlı qaldı.
Talandı ev-eşiyim,
Qapılar bağlı qaldı.
---
Atanın hələ ili çıxmayıb, Cəlal. İndi də mən yorğan döşəyə düşmüşəm. Son günlərimi yaşayıram.
Yox, yaşamıram güclə nəfəs alıram. Onsuzda atana demişdim ki, tezliklə bu yalançı dünyadan sənin yanına köçəcəyəm, sənə qovuşacam. İndi mən köçürəm. Bilmirəm bu sorağım sənə çatanda nə deyəcəksən, nə fikirləşib nə qərara gələcəksən bilmirəm. Ancaq onu bilki sənin heç nəyin lazım deyil. Atan var da qoyub gedib, dövlət də, mülk də. Məni də götürəcəklər, məni də dəfn edəcəklər.
Atan kimi yad çiyinlərində, yadlar torpağa tapşıracaq məni.
Bir şey düşündürür məni, sən el-oba işinə, tay-tuş arasına necə çıxacaqsan, nə bəhanələr gətirəcəksən onu bilmirəm.
Oğlum, əgər bir gün bu yazdıqlarım sənə çatsa, bil ki, səni gözləyərək, sənin bircə kəlmə “Ata bağışla, bağışla ana” sözünü eşitmədən köçdük dünyadan. Bilmirəm bəlkə bir gün gələcəksən, belə bir ümidim var. Amma gəlsən, heç olmasa bu vəsiyyətimi yerinə yetir. Qəbrimizin başında dayan, səssiz qal. O səssizlikdə səsini eşidə bilək. Əllərini atanın baş daşındakı uzanan əllərinin üstünə qoy və içindən bir nida keçsin: “Gəlmişəm, ata. Gec də olsa gəlmişəm”. Bəlkə o zaman onun ruhu səni bağışlaya.
Gəlməsən də... bil ki, biz səni çox sevirdik.
-Əlvida oğul, əlvida!