Tahir Rzayev , millət  vəkili : - "Bu  hər  birimizin  vətəndaşlıq  borcumuz  olmalıdı" 

SİYASƏT 14:21 / 06.12.2023 Baxış sayı: 2258

 

“Azərbaycan diasprosunun fəaliyyətini 30 il bundan əvvəlki fəaliyyəti ilə müqayisə etmək olmaz. Bu illər ərzində Azərbaycan diasporu demək olar ki, xeyli fəallaşıb. Öz iş dairəsini xeyli genişləndirib və dünyanın bir çox ölkələrilə əlaqələr yarada bilib. Diasporun fəaliyyətinə qiymət verərkən, 2001-ci ildə keçirilən Dünya Azərbaycanlılarının I qurultayında ulu öndərimiz Heydər Əliyevin fikirlərinə nəzər salmaq yaxşı olardı. Ulu öndərimiz həmin dövrdə Azərbaycan diasporunun, dünya azərbaycanlılarının fəaliyyətini yüksək qiymətləndirməklə bərabər, hələ də bu məsuliyyətli işdə müəyyən problemlərin olduğunu diqqətə çatdırır və ümidlə bildirirdi ki, dünya azərbaycanlıları birləşməlidirlər. Onlar Azərbaycan həqiqətlərini dünyaya çatdırmaqda fəal olmalı və bir məqsəd uğrunda mübarizə aparmalıdırlar. Sözsüz ki, həmin dövrdən sonra Azərbaycan diasporunun fəaliyyətində irələyiş və yüksəliş başlandı”.

Yenises.az  bildirir ki, Azərbaycan həqiqətlərinin  şaxələndirilməsi  istiqamətində  görülməsi  vacib olan  işlərlə  bağlı   Bizimyol.info xəbər portalına  danışan   Milli Məclisin deputatı Tahir Rzayev   2022-ci ildə aprelin 22-də Şuşa şəhərində keçirilən dünya Azərbaycanlıların V qurultayında Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin diaspor haqqında söylədiyi fikirlərdən sitat gətirib:- “Azərbaycan Respublikasının prezidenti öz çıxışında bildirdi ki, “son illər ərzində bizim diaspor təşkilatlarımız çox fəallaşıb. Həm İkinci Qarabağ müharibəsində biz bunu gördük, həm də ondan əvvəlki dövrdə”. Bu, diaspor təşkilatının fəaliyyətinə verilən bir qiymətdir. Əlbəttə ki, müəyyən çətinliklər, müəyyən problemlər var. Ancaq daimi olaraq, bu problemlərin aradan qaldırılması üçün tədbirlər görülür. Ölkəmizin rəhbəri qurultayında diaspor təşkilatlarının qarşısına yeni vəzifələr qoydu. O, bildirdi ki, ulu öndərimiz 1-ci qurultayda söyləmişdi ki, "Azərbaycan torpaqları mütləq işğaldan azad ediləcək və insanlarımız öz ata-baba yurdlarına qayıdacaqlar. Bunun üçün diaspor təşkilatlarının, dünya Azərbaycanlılarının birliyinə nail olmaq çox vacibdir. Və Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq vəzifəsi, hər bir azərbaycanlının üzərinə düşür". Bu fikir 2022-ci ildə də ölkə rəhbəri İlham Əliyev tərəfindən də səsləndirildi.

Cənab prezidentimiz bildirdi ki, “hər birimiz - həm Azərbaycan höküməti, həm səfirliklər, həm diaspor təşkilatları və bütün fəallar ölkəmizdəki yeni reallıqları dünya ictimaiyyətinə çatdırmalıdır. Əlbəttə ki, burada söhbət İkinci Qarabağ müharibəsində qazandığmız nailiyyətlərin dünya ictimaiyyətinə çatdırılmasından gedir”-deyə deputat əlavə edib. Onun sözlərinə görə, burada həm də, 30 il Azərbaycan xalqının başına gətirilən bəlaların bəşəriyyətə çatdırılmasından söhbət gedir, xarici ölkələrdə yaşayan azərbaycanlıların bu prosesdə fəal iştirak etməsi nəzərdə tutulurdu. Ölkə rəhbəri diaspor təşkilatlarının üzərinə çox böyük məsəliyyət düşdüyünü qeyd etməklə bərabər bildirmişdi ki, “biz tariximizi, mədəniyyətimizi və milli mədəni dəyərlərimizi daha geniş şəkildə təbliğ etməliyik. Bizim gənclərimiz İkinci Qarabağ müharibəsinin tarixini yaxşı bilməlidirlər. Və həqiqətləri öz dostlarına çatdırmalıdırlar”.

Deputatın fikrincə, bu gün dünyada gedən proseslər və ikili standartlar, eləcə də Azərbaycan reallıqlarının təhrif olunması diaspor təşkilatlarının da fəaliyyətinə müəyyən maneələr törədir. Ancaq buna baxmayaraq bu gün Azərbaycan xalqı birdir. Dünya azərbaycanlıları birdir. Və onların səyləri nəticəsində Azərbaycan reallıqları dünyaya çatdırılmalıdır.

“Bu gün bizim dostlarımızın bir çox beynəlxalq təşkilatlarının Azərbaycan həqiqətləri haqqında söylədikləri müsbət fikirlər bunu deməyə əsas verir. Azərbaycanda keçirilən bir çox beynəlxalq tədbirlər, eyni zamanda Azərbaycanın bir çox beynəlxalq tədbirlərdə iştirak etməsi və söz sahibi kimi öz fikirlərini, reallıqlarını dünya ictimaiyyətinə çatdırması diaspor təşkilatlarının da rolunun artırılmasına yeni imkanlar yaradır.

Bu gün Azərbaycan öz müstəqil siyasətini yeridir. Bu gün Azərbaycan heç bir dövlətdən asılı deyil. Və Azərbaycan prezidenti də öz çıxışlarında bunu dəfələrlə səsləndirmiş və bildirmişdir ki, “heç bir ölkə Azərbaycanla diktə yolu ilə danışa bilməz. Biz müstəqil suveren dövlətik öz yolumuz öz siyasətimiz vardır”. Əlbəttə ki, bütün bunlar diaspora təşkilatlarının fəaliyyətindədə özünü göstərməlidir. Çünki onlar Azərbaycan həqiqətlərini, Azərbaycan reallıqlarını dünyaya çatdırmaqdan ötrü əsaslı faktlara söykənməli, Azərbaycan prezidentinin tutduğu yolu və qazanılan uğurları geniş şəkildə dünyaya yaymalıdır.”-deyə deputat vurğulayıb. O, əlavə edib ki, bütün bunlar birlik, mübarizlik, cəsarət və yüksək intellekt tələb edir. Azərbaycan diaspor təşkilatları bir məqsəd uğrunda birləşməklə, Azərbaycanın uğurları naminə çalışmaqla özlərini dünya ictimaiyyətinə sübut edə biləcəklər.