Tahir Rzayev, millət  vəkili : - "Azərbaycan sahibkarı ildən-ilə inkişaf etməkdə, təcrübə qazanmaqda, nailiyyətlərini artırmaqdadır."

İqtisadiyyat 20:23 / 23.02.2024 Baxış sayı: 2673

Bu  gün ölkəmizdə aparılan  əkin işləri və məhsuldarlıqla əlaqədar məsələlərlə bağlı Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri, millət vəkili Tahir Rzayev öz fikirlərini   diqqətə çatdırıb və bəzi statistik məlumatları açıqlayıb.. Komitə sədri qeyd edib ki, 2024-cü ilin məhsulu üçün 1155,1 min hektar sahədə dən üçün payızlıq bitgilər səpilib və həmin sahənin 598,3 min hektarına buğda, 417,1 min hektarına isə arpa səpini həyata keçirilib. Millət vəkili eyni zamanda onu da diqqətə çatdırıb ki, bu ilin, 2024-cü ilin yanvar ayında 70 milyon ABŞ dolları həcmində kənd təsərrüfatı məhsulu ixrac olunub və bu da ondan xəbər verir ki, kənd təsərrüfatı məhsulları ixracının həcmi ötən ilin müvafiq dövrünə nəzərən dəyər ifadəsində 12,1 faiz artıb. Komitə sədri həmçinin vurğulayıb ki, təkcə bu ilin yanvar ayı ərzində Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən 58 kənd təsərrüfatı texnikasının satışı maliyyələşdirilib və cari ilin, 2024-cü ilin birinci ayı ərzində kənd təsərrüfatı texnikası və avadanlıqlarının alışı üçün 7,3 milyon manat məbləğində güzəştli vəsait ayrılıb.

Azərbaycanın Qarabağ iqtisadi rayonunda kənd təsərrüfatı məhsullarının yetişdirilməsi ilə bağlı məsələyə toxunan Tahir Rzayev xatırladıb ki, ötən il, 2023-cü il işğaldan azad olunmuş ərazilərdə 80 min hektardan artıq torpaq sahəsində kənd təsərrüfatı məhsulları yetişdirilib. O, qeyd edib ki, bu ərazilərin də əksəriyyəti, daha dəqiq desək, 72 min hekatarı buğda, arpa, qarğıdalı olmaqla, dənli bitgilərin yetişdirilməsi üçün istifadə edilib. Millət vəkili nəzərə çatdırıb ki, 2023-cü ilin yanvar-dekabr ayları ərzində kənd təsərrüfatı məhsullarının ümumi istehsal həcmi ötən ilin müvafiq dövrü ilə müqaisədə 3 faiz artıb. Komitə sədri həmçinin onu da diqqətə çatdırıb ki, kənd təsərrüfatı məhsullarının ümumi istehsal həcminin dəyəri faktiki qiymətlərlə 12210,6 milyon manat təşkil edib ki, bunun da 48,6 faisi, 5933,9 milyon manatı bitgiçilik sahəsinin payına düşür və ümumiyyətlə, ötən ilin, 2023-cü ilin yanvar-dekabr aylarında kənd təsərrüfatı, meşə və balıqçılıq sahəsində yaradılan əlavə dəyərin ÜDM-də payı 5,5 faiz təşkil edib.

“Əkinə hazırlıq dövlətlə yanaşı, sahibkarların özlərindən çox asılıdır, çünki artıq sahibkarlar torpaqların mülkiyyətçiləridir və onlar bilavasitə əkinə hazırlıq tədbirlərində özləri maraqlı olmalıdırlar və buna ciddi hazrlaşmalıdırlar. Əlbəttə ki, müvafiq orqanlar da bu sahədə öz tədbirlərini görürlər. Demək olar ki, hər il əkin tədbirləri vaxtında və optimal müddətdə həyata keçirilir və bu da əlbəttə ki, məhsuldarlığın artırılması, bitgilərin normal inkişafı üçün çox vacibdir. Əgər əkin vaxtında aparılırsa, gələcək bol məhsldan danışmaq olar”, deyə fikirlərini bizimlə bölüşən Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri, millət vəkili Tahir Rzayev əkinə hazırlıq işlərinin məhz torpağın mülkiyyətmiləri olan sahibkarlardan daha çox asılı olduğunu xüsusilə vurğulayıb.

Komitə sədri  vurğulayıb ki,“Sözsüz ki, əkin sahələrinin əhatəsi çox genişdir, çünki hər il respublika üzrə 100 min hektara yaxın sahədə elə pambıq əkilir və bu da ölkənin iqtisadiyyatı üçün vacib olan bir məhsuldur. Ona görə ki, bu, valyuta gətirən, həm də uzun müddətli saxlanılan və istifadə edilən məhsuldur. On minlərlə hektarda kənd təsərrüfatı məhsulları, bostan, tərəvəz məhsulları yetişdiriləcək ki, bunun da əkilməsi hava şəraitindən, digər tərəfdən də regionlardakı mövcud vəziyyətdən çox asılıdır. Bəzi regionlar var ki, orada növbəli əkin sistemi tətbiq olunur. Bu əlbəttə ki, çox vacibdir. Digər tərəfdən, həmin ərazilərdə elə olur ki, bir ildə eyni məhsulu iki dəfə əldə etmək mümkün olur. Heç şübhəsiz ki, bu da sahibkarın özünün təcrübəsindən, onun işə münasibətindən asılıdır və bu gün ölkədə sahibkarlığın inkişafına çox böyük diqqət var və Azərbaycan sahibkarı ildən-ilə inkişaf etməkdə, təcrübə qazanmaqda, nailiyyətlərini artırmaqdadır.

Azərbaycanın Qarabağ iqtisadi rayonu kənd təsərrüfatı üçün güclü, böyük potensiala malikdir, çünki bu rayonların əksəriyyətində əvvəllər, işğaldan əvvəl, sovetlər dövründə yüksək məhsuldarlıq əldə olunub. Həmin ərazilərdə pambıq, üzüm, taxıl və digər kənd təsərrüfatı birgiləri əkilib və bu da ölkənin kənd təsərrüfarına xeyli dərəcədə dəstək olub. Təbii ki,  ərazilər minalardan təmizlənildikdən sonra orada yenidən region üçün xarakterik olan və yüksək məhsul verən kənd təsərrüfatı bitgilərinin əkilməsi nəzərdə tutulur.

Heç şübhəsiz ki, kənd təsərrüfatının inkişafı bu gün dövlətdən çox sahibkarlardan yüksək təşkilatçılıq, məsuliyyət tələb edir. Dövr müasirliyi, yeni və qabaqcıl təcrübəni tətbiq etməyi, yeni texnologiyalara yiyələnməyi, kadr hazırlığını, qabaqcıl təcrübənin öyrənilməsini, toxumçuluq təsərrüfatlarının yaradılmasını, inkişafını, heyvanların cinsinin yaxşılaşdırılmasını və kənd təsərrüfatında marifləndirmənin genişləndirilməsini qarşıya bir məqsəd kimi qoyur. Sözsüz ki, bu tədbirlərin həyata keçirilməsi kənd təsərrüfatının inkişafı üçün çox vacibdir. Çünki ölkənin su ehtiyatları müəyyən dövrlərdə problemlər yaradır. Ona görə ki, bu ehtiyatların 70 faizi xarici amillərlə bağlıdır və kənardan formalaşsa  da  qarşıda duran əsas vəzifə bu gün kənd təsərrüfatını müasir üsullarla idarə etmək və qabaqcıl təcrübələrə yiyələnməkdir.

Sözsüz ki, Azərbaycanın kənd təsərrüfatı bilavasitə xalqın sosial rifah halının yaşılaşdırılması üçündür və nəzərə alsaq ki, bu gün ölkə əhalisinin 50 faizə yaxını rayon və kəndlərdə yaşayır və bu insanların əksəriyyəti kənd təsərrüfatı ilə məşğuldur, onda işsizliyin aradan qaldırılmasında, məşğulluq səviyyəsinin artırılmasında, ölkənin ərzaq təhlükəsizliyinin təmin olunmasında, sosial rifahın yaxşılaşdırılmasında kənd təsərrüfatının rolu daha aydın şəkildə bizə məlum olar. Əlbəttə ki, ölkə rəhbəri tərəfindən həyata keçirilən mühüm tədbirlər, kənd təsərrüfatına edilən güzəştlər, sahibkarların bir çox vergidən azad olunmaları, yeni sübsidiya mexanizminin həyata keçirilməsi, güzəştlərin tətbiqi Azərbaycanda kənd təsərrüfatının inkişafına yönəldilən qayğının, diqqətin nəticəsidir və elə bilirəm ki, bu qayğı və diqqət öz nəticələrini əməli fəaliyyətdə, əldə olunan nəticələrdə göstərəcəkdir”, deyə Tahir Rzayev bildirib.