Saqif Qaratorpaq : - Bir payız dumanıdı,bir uzaqlar,bir də mən.

Mürgülü gözlərini ovxalayır səhərlər,
Səba yeli axşamdan öz atını yəhərlər.
Başımda dəli sevda,ürəyimdə qəhərlər...
Bir payız dumanıdı,bir uzaqlar,bir də mən.
Dünəndən yağır elə,kəsən deyil bu çisək;
Darıxmasın,neyləsin bu havada bəs ürək?!
Xəyalım göməşibdi dən gəzən boz sərçətək;
Bir payız dumanıdı,bir sazaqlar...bir də mən.
Birləşibdi yerlə göy,dağa toxunur bulud,
Batıb duman gölünə uyuyur bir lal sükut.
İslanıb goy ot kimi göz yaşımdan bir umud,
Bir payız dumanıdı,bir yanaqlar...bir də mən.
Vaxtsız gələn sevgitək payız çiçəyi yalqız,
Oxuyub susdu birdən torağay da bir ağız.
Üşüyürük...burda mən,xatirələrdə o qız...
Bir payız dumanıdı,bir qovaqlar... bir də mən.
Səni necə axtarım?Qoymayıbsan bir ünvan;
Həsrətin uşaq kimi yapışıbdı yaxamdan.
Adını qulağıma pıçıldayır astadan:
Bir payız dumanıdı,bir dodaqlar...bir də mən...