Ramiz Göyüş , AYB -nin üzvü : - Mənə xatirən qalacaq...

12 mart Xalq Şairi Cabir Novruzun doğum günüdür. Bir neçə il bundan əvvəl böyük şairin yaradıcılığı haqqında yazdığım bir yazı ilə onun parlaq xatirəsini anımaq məqsədilə bu yazını paylaşıram.
Mart ayının 12-si, axşam idi. Işdən evə qayıdırdım. Maşında radionun düyməsini ən çox dinlədiyim 90FM dalğasına köklədim. Azərbaycanın üç böyük sənətkarının -Xalq şairi Cabir Novruz, Xalq artisti, bəstəkar Oktay Kazımi və SSRİ xalq artisit Rəşid Behbudovun yaratdıqları “Tələsin, insanlar” mahnısı səslənirdi. Mahnının sözləri, musiqisi və müğəninin ifası hisslərimə hakim kəsilmişdi. Sanki mahnını birinci dəfə idi eşidirdim. Bir azdan mahnı sona yetdi. Arxasınca diktorun səsi eşidildi. Səslənən verliş xalq şairi Cabir Novruza həsr olunmuşdu. Sən demə 12 mart onun doğum günü imiş. Verlişə sona qədər qulaq asdım. Cabir Novruzun əzbərdən bildiyim şeirlərini yenidən xatırladım. Yadıma onun “Mənə xatirən qalacaq” şeiri düşdü. Həmin şeirin iki bəndini xatırladım:
Hamı çəkilib gedəcək, Təkcə xatirən qalacaq. Hamıdan da etibarlı, Mənə xatirən qalacaq.
O gələcək daim dilə, Susmaq nədir bilməyəcək. Yaşayacaq mənim ilə, Ta ömrümün sonuna dək.
Belədir yekun, nəticə, Adın yaxın, özün uzaq. Hər şey çəkilib gedəcək, Bircə xatirən qalacaq.
Cabir Novruz bu şeiri 1988-ci ildə ömür- gün yoldaşı Səfurə xanımın xatirəsinə yazmışdır. Lakin adama elə gəlir ki, özünə həsr edib. Şeir o qədər güclü və təbii, o qədər kövrək və həzin, o qədər yanıqlıdır ki, sanki əziz adamını itirmiş istənilən bir insanın dilindən yazılıb.
Bəlkə də təsadüf deyil ki, şairin ölümündən 5 il sonra avtomobil qəzasında faciəli şəkildə həlak olmuş oğlu, tanınmış dövlət adamı Mirzə Novruzovun ölümünə yazılmış elegiyaya, şairin kiçik oğlu Müşfiq bu şeiri daxil edib (həmin video diski mənə rəhmətlik Mirzə müəllimi yaxından tanıyan adam kimi Müşfiq xatirə olaraq verib.) ... Bu kiçicik yazını yazmaqdan ötrü Cabir Novruzun yaradıcılığını, tale kitabını yenidən vərəqlədim. Haqqında yazılmış xatirələrə, əsərləri haqqında yazılan esselərə, çox saylı məqalə və yazılara, kitablara yenidən nəzər saldim. “Fəxri Xiyaban”da uyuyan məzarını ziyarət etdim. Cabir Novruzun dünyaya göz açdığı Xızı torpağına getdim. Onun təşəbbüsü ilə yaradılmış “Müşfiq ocağı”nı ziyarət etdim. Doğma kəndi, indi artıq mövcud olmayan Upa kəndinin bir zamanlar yerləşdiyi əraziləri gəzdim. Uzun illər yaxın qonşuları olmuş, dostum Eldar Ağayevle Cabir Novruzun ailəsi haqqında xatirələrə qulaq asdım, onun şeirlərinə yazılmış mahnıları dönə-dönə dinlədim. Bir sözlə Cabir Novruzun ruhundan xeyir-dua aldım. Cabir Novruzun yaradıcılığı haqqında şairlər, yazıçılar, ədəbiyyatşünaslar, müasirləri çox fikirlər yazmışlar və hələ sağlığında onun yaradıcılığına yüksək dəyər vermişlər. Cabir Novruzu poeziyasına dərindən nüfuz etdikcə mənə elə gəldiki, onun poetikası hələ tam öyrəniləməyib. Bu yazıni da Cabir Novruz yaradıcılığının daha dərindən öyrənilməsində bir addım olacağını düşünərək yazdım. Bir də axı böyük şairləri, yazıçıları bir sözlə yaradıcı adamları daim xatırlamaq onları bu günün oxucusuna tanıtmaq, gələcək nəslillərə ötürmək üçün fərqli səpkidə yazıların yaranmasına ehtiyac vardır .Onun yaradıcılığı haqqında yazıların böyük əksəriyyəti 30-40 il bundan qabaq həmin dövrünnəzəri-estetik baxış bucağından yazılmışdır.
Coxumuza məlumdur ki, Cabir Novruz 2003-cü ildə 70 yaşında uzun sürən ağır xəstəlikdən sonra dünyasını dəyişib. Onun şeirlərini oxuduqca məni təəccüb bürüyür. Necə olub ki, bu qədər həssas qəlbə, güclü müşahidə qabiliyyətinə, incə zövqə, kövrək təbiətə malik , kiçik hadisədən son dərəcə mütəəssir olan bu insan 70 il yaşaya bilib, ürəyi partlamayıb. Diqqət edin şairin “Yaxşıların itkisinə dözə bilmirəm” şeirinə.
Yaxşıların itkisinə dözə bilmirəm , Bir işıqlı ürək yenə torpağın oldu. Elə bil ki, kasıblaşdı bu boyda aləm, Elə bil ki, üfüqlərdə söndü bir ulduz.
Nanəciblər köbələktək çoxalır gündə, Nəcibləri tapmaq olmur gündüz çıraqla. Ləyaqətin qıt vaxtında, qıt vədəsində, Bir ləyaqət sahibi də yox oldu,Allah!
60-70-ci illər Azərbaycan poeziyasının bütöv bir mərhələsi həm də Cabir Novruzun adı ilə bağlıdır. Bu mənada Cabir Novruz yaradıcılığından yazmaq elə müəyyən mənada həmin dövrün Azərbaycan poeziasına səyahətdir. Çünki Cabir Novruz yaradıcılığı mövzuca o qədər rəngarəng , o qədər əhatəli və genişdir. Mən çox hallarda bu poeziyını min bir rəng çalarlı göy qurşağına bənzədirəm. Sanki bu göy qurşağı göydən yerə elə göy qurşağı kimi, min bir rəngə çalan Xızı dağlarına, dağların döşündə min bir gül açan çəmənliyə köçmüş, oradan da Cabir Novruz yaradıcılığına hopmuşdur. Cabir Novruz Azərbaycanın milli poeziya ənənələrinə söykənərək özünün – poeziyasını yaratmışdır. Bu poeziya Azərbaycanımızın dilbər güşələrindən olan, Mikayıl Müşfiq, Cəfər Cabbarlı, Seyfəddin Dağlı, Məmməd Arif kimi söz, ədəbiyyat nəhənglərini bəxş etmiş Xızınin bərəkətli,halal torpağından, Xızının saf havasından, billur bulaqlarından, əsrarəngiz təbiətindən, maya tutaraq pərvazlanib, lakin şairin coşqun təbi və ilhamı doğulduğu mahala sığmayaraq Giləzi stansiyasından dəmiryolu relsləri kimi boy alaraq Bakıya çatmış, buradan isə bütün Azərbaycana, keçmiş SSRİ məkanına, dünyaya yayılmışdır. Azərbaycan ədəbiyyatının ən nəhəng simalarından tutmuş ən gənc şairlərimizə qədər çox böyük əksətiyyəti ana mözusuna müraciət etmiş, bu mövzuda özlərinin ən gözəl əsərlərini yaratmışlar.
Ana mövzusu Cabir Novruz yaradıcılığının şah mövzusudur.O bu mövzuya silsilə şeirlər həsr edib. Bu şeirlərin hamısı bir- birindən gözəl olmaqla təkcə Cabir Novruzun anasına olan məhəbbətini əks etdirmir, əksinə ümumən bir övladın anaya olan məhəbbətinin ifadəsinə çevrilir və həm də bəşəriləşir. Mən bu yazıda həmin şeirlərdən birinə “Qocalır anam” şeirinə toxunmaq istərdim. Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri, Cabir Novruzun qələm yoldaşı Nəriman Həsənzadənin də həmin şeir haqqında maraqlı düşüncələri var: “Şeir bütövlükdə olduqca təsirlidir. Anasını bütün varlığı ilə sevən övlad, bütöv bir gözəllik dünyasının itəcəyindən ehtiyatlanır və bunun qanuna uyğunluğunu dərk etdiyi üçün müqəddəs iztirabı yaranır” .
Gözüm görə - görə qocalır anam. Görən niyə belə qocalır anam. ... Əlindən nə gələr övladların da , Gözünün işığı keçir görürəm , Böyük qocalığın qanadlarında , Anam əllərimdən uçur görürəm . ... Gödəlir, qısalır boyu - buxunu, Nazilir, incəlir hər gün. Qocalır əlləri, səsi, baxışı, Tək adı, famili cavan qalıbdı. Başına ağ duman sanki axışıb, Qırışlar üzündə yuva salıbdır. Boxçadan çıxarıb geyəndə hərdən , Gəlinlik paltarı gen gəlir ona... .........Uçub yaraşığı, itib bəzəyi , Düşür barmağından nişan üzüyü.
Azərbaycan ədəbiyyatının əxlaq-ləyaqət tarixinə nəzar salsaq, görərik ki, şairlərin, yazıçıların xanımları onlara çox sədaqətli,çox bağlı olmuş, onlar təkcə tale, ömür-gün yoldaşı deyil, həm də həmdəmi,könül sirdaşı, əsərlərinin ilk oxucusu, ilk rəyçisi bir sıra hallarda hətta köməkçisi, şeirlərini, əlyazmalarını, yadda saxlayan, toplayan,nəşr etdirən cəfakeş,fədakar insanlardır.
Bir çox hallarda böyük sənətkarın xanımları şairlərin təkcə sağlamlığı, qayğısına qalmamış, onları həm də yad,qəlb sındıran sözlərdən, düşmən təqsirlərindən, haqsız tənqidlərdən qorumuşlar. Dediklərimə çox saylı misallar gətirə bilərəm. Böyük Mirzə Cəlilin Həmidə xanımınin da, Cəfər Cabbarlının Sonasınin da, Rəsul Rzanın Nigarınin da, Səməd Vurğunun Xavərinin də, Hüseyn Arifin Məleykəsinin də, Xəlil Rzanın Firəngizinin də, Məmməd Arazın Florasınin da, Nəriman Həsənzadənin Sarasınin da....,Cabir Novruzun Səfurəsinin də bu şərəfli ciyahida mübarək adı var. Adları sadaladığım sənətkarların bir çoxları xanımlarından əvvəl dünyalarını dəyişmişlər. Lakin onların arasına elələri də vardır ki, artıq ixtiyar yaşlarında həyat yoldaşlarını itirmişlər və bu itkidən bu böyük kədərdən sarsılmışlar. Belə sənətkarlardan mən ikisi haqqında Nəriman Həsənzadə və Cabir Novruz haqqında bəzi parelelləri gətirmək istərdim. Onların hər ikisi təxminən eyni yaşda (55 yaşında) böyük məhəbbətlə sevdikləri ömür – gün yoldaşlarını itirmişlər. Sonra isə bu məhəbbəti poeziya mövzusu edərək milliləşdirmiş, əbədiləşdirmiş, bəşəriləşdirmişlər. Tanınmış ədəbiyyatşünas alim professor Rüstəm Kamalın belə bir deyimi var “Nəriman Həsənzadə XXI əsr Azərbaycan şeirinə qadın ölümü mövzusunu gətirdi”. Nəriman Həsənzadədən sonra isə taleyin acı diqtəsi ilə bu mövzuya müraciət edən Cabir Novruz oldu. Cabir Novruz Səfurə xanıma həsr etdiyi şeirləri indi də həyacansız oxumaq mümkün deyildir. Bu şeirlərdə bir kişi kədəri var. Bu şairin içinə hopmuş dərin kədərin yüksək bədii inkasıdır.
Sənin saçın birdən – birə ağardı, Mənim ömrüm viran oldu dağıldı. İnsan tamam əfsanədi, nağıldı , Əvvəli heç, sonu heçdi ay ana.
Safurənin anasısan, anamsan, Sən də ona mənim kimi yanansan. O, gedəli sən də ömrü talansan , Yaşayırsan gözü yaşlı, ay ana.
....Lap mələklər xidmət edə bu evə, Peyğəmbərlər hörmət edər bu evə, Allah özü diqqət edə bu evə, Səfurəsiz yenə heçdir, ay ana.
Lakin sonradan Cabir Novruz sevgili Səfurəsinə şeirlər yaza - yaza özündə duruş tapa bildi. Ona bu sevgisini ürəyində və şeirlərində yaşatmaq qaldı .
İnsan - insanı duymasa, Ruhu ölər, bağrı çatlar. Yenə qardaş olacaqlar, Bir – biri ilə bütün yadlar. Məhəbbətdən aşağıdır, Ədavətlər, küdürətlər. And içirəm etiqada, Eşq – məhəbbət ölməyəcək. Sevənə yox zaval, xəta, Eşq – məhəbbət ölməyəcək.
Cabir Novruz yaradıcılığında “Gecikmiş məhəbbət” motivi ayrıca məna təşkil edir. Fikrimcə şairin bu nəğmələri də Səfurəsinə, qadın sevgisinə, qadın məhəbbətinə olan ilahi inamın təzahürü idi.
Sən elə bir vaxtda rast gəldin mənə Dayanıb durmuşdum yol ayrıcında Sən elə bir vaxtda rast gəldin mənə Bir üzüm cavandı, bir üzüm qoca
Nə deyə bildim ki, sevən çağımdır Nə dedim sevirəm mənə dayaq ol. Nə deyə bildim ki, mənə yaxın ol Nə deyə bildim ki, məndən uzaq ol.
Cabir Novruzun bəşəriyyəti narahat edən problemləri cəsarətlə poeziyasına gətirdi. Onun poeziyasinda publisistik üslub üstünlük təşkil edirdi. Cabir Novruz poeziyası ”Publisistik damarına” görə Azərbaycan ədəbiyyatının üslubsəhifəsidir. O, cəmiyyətin sosial ziddiyətlərini, bəşəriyyətin ağrılarını cəsarət və qətiyyətilə dilə gətirdi. Xitab, hökm,əmr-nida yüklü bu poeziyanın, dili anlaşılandır.
İndi Məkkə dəbə düşüb, İndi çoxu Həccə gedir... Yüzlərilə lotu, düşük, Dəllal, oğru Həccə gedir .....Gedir köhnə kommunistlər, Gedir təzə dinpərəstlər, Ateistlər, populistlər .....Gedir dünən var səsilə, Allah yoxdu ulayanlar. Bircə tikə, bircə gilə Əqidəsi olmayanlar....
“İndi hamı həccə gedir” şeirində həcc ziyarətinə getməyin dəbə düşdüyünü, bu mərəzə düçar olanları acı və öldürücü ifadələrlə tənqid atəşinə tutursa,
Köhnə dünya təzə dərdə düçar olub, Bu ən qorxunc azar olub . Yayılacaq dövr – dövr, nəsil – nəsil, Amerika gecə - gündüz dollar kəsir. Yer üzünə yayır qəsdən, Ayıq olun ey insanlar, Sayıq olun ay insanlar, Dünya dollar xəstəsidir.
deyərək “Dünya dollar xəstəsidir” şeirində müasir insanlığın düçar olduğu xəstəliyin diaqnozunu qurtulmağa verirdi. Bu şeirlər 20 il bundan öncə yazılsa da bu gün də aktualdır, bu gündə zamanla eyni səslənir. Ona görə də Cabir Novruz yaradıcılığından söhbət gedəndə belə bir ifadə dolu çox işlənir ki, onun yaradıcılığı hər zaman müasirdir. Cabir Novruzun 90-cu illərdə yazdığı şeirlər ayrıca bir tədqiqatın mövzusudur. 1991-ci ildə Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan bir çox faciələr, keşməkeşli bir tarix yaşamışdır. Bir tərəfdən xarici havadarlarının köməyi ilə Azərbaycan torpaqlarını işğal edərək ölkəmizə qarşı qəsbkarlıq edən erməni işğalçıları, bir tərəfdən Azərbaycanı parçalamağa çalışan və xaricdən dəstək alan separatçılar, bir tərəfdən “sapı özümüzdən” olan baltalar dövlətçiliyimiz üçün real təhlükə yaratmışdılar. Belə bir zamanda bütün mütərəqqi insanlar, o cümlədən ziyalılar və şairlər mübarizəyə qoşularaq, bu ölüm-dirim savaşının önündə addımlayırdılar. Məhz bu mübarizənin öndə gedən şairlərimizdən biri də Cabir Novruz idi. Həmin illərdə Cabir Novruz, böyük şairimiz Səməd Vurğunun ifadəsi ilə desək “Qələmini süngüyə çevirərək bu mübarizəyə qoşulur” və bir–birinin ardınca xalqı oyatmağa, mübarizəyə səsləyən şeirlər və poemalarını yaradır. Cabir Novruzun həmin illərdə yaradıcılığı əsərləri oxuduqca böyük Mirzə Ələkbər Sabiri xatırlayırsan. Cabir Novruz da,Sabir kimi həmin illərdə heç nədən qorxmadan, çəkinmədən, cəsarətlə və qətiyyətlə vətən xainlərini, bazar alverçilərini, üzdə bir sifəti batində min sifəti, olan əldə qayırma hacıları,xalqın qanını soran, vəzifə düşkünlərini, millətin canı-qanı, xalqın mal-sərvəti hesabına harınlayanları öldürücü şeirləri ilə ifşa edir.
Vaxt keçəcək dövr ötəcək, Qan-qadalı hərb bitəcək. İnamım var, bizim böyük qələbənin gəlişinə... ......... Onda necə çıxacaqlar, Çox xainlər el içinə... ......... Hansı üzlə qayıdacaq öz kəndinə, Öz kəndini qoyub qaçan fərarilər... ......... Hansı qəbrə qoyulacaq, Xalq acından saralanda, Topdağıtmaz sarayında, Hər gün öpüb əndamını, göz qaşını, Öz erməni oynaşını, Yeddi qapı arxasında, Yağ içində saxlayanlar... Amma üzdə millət deyib ağlayanlar...
və ya
Şuşa getdi, tükümüz də dəbərmədi Birimiz də ölüb,itib gəbərmədik Heç üfürən olmadı da gözümüzə Ondan sonra papaq qoyduq, Kişi dedik özümüzə...
Bu şeirlərdə şair əsl vətəndaş mövqeyindən çıxış edir. Təkcə çıxış etmir, haray çəkir, bütün normal düşüncəyə malik isanların diqqətini məhz belə məsələlərə cəlb edirdi. “Özünü qoru xalqım” kitabına yazdığı ön sözdə Cabir Novruz həmin illərdə yazdığı şeirləri belə səciyyələndirirdi: “... son illər xalqımızın həyatında olduqca ağırlı, təlatümlü, faciəli illərdir. Bütün bu faciələrimizin başında da erməni qəsbkarlarının bizə qarşı xaincəsinə, cəlladcasına apardığı müharibə durur. Torpaqlarımızın böyük bir hissəsi yağılar tərəfindən zəbt olunmuşdur... Qarabağ eləcə də bir çox bölgələrimiz düşmən tapdağında nə zamandır inləyir : .... Yetər, bəsdir, bu qədər parçalanmaq, bölünmək, onun, bunun kölgəsində özünü varlığını itirmək. .... Mən inanıram ki, tezliklə erməni gürzələrinin başını əzib öz xərabələrinə qədər qovub, işğal olunan torpaqlarımızın hər bir qarışını onlardan alacayıq.”
... ... İllərlə səni, xalqım, Söküb talan ediblər. Balaca səsin qalxıb, Güllə baran ediblər.. ..... .... .... Amma ki, iradəni Sındıra bilməyiblər. Yenə göylər dumandır, Qəhrəman, ulu xalqım. Ən dəhşətli zamandır Özünü qoru xalqım
Cabir Novruz poeziyasının nəfəsini,ritm-intonasiyasını səciyyələndirən xüsusiyyətlərdən biri onu tribunluğudur. Onun yaradıcılığında xalqın problemləri o qədər aydın və qabarıq şəkildə verilir ki, heyran qalmaya bilmirsən. Yadımdadır. Ömrünün son vaxtlarında xəstəlikdən əziyyət çəkməsinə baxmayaraq o bu şeirləri televiziyada silsilə şəklində gedən verilişlərdə davamlı olaraq söyləyirdi. Sanki,ömrünün sonuna az qaldığını hiss etmişdi. O, yorulmadan yazır və çıxış edirdi. Gəlin, onun “Ittiham” poemasından bəzi məqamlara diqqət yetirək:
Sizdən soruşuram, sizdən, Dərdi mənə yaxın olan. Belə ağır günümüzdə, Bu qədər çal-çağır olar? Torpqalar al-qan içində, Ekram toy-bayram içində, Oxuyan necə oxuyur, Yurd tar-mar olan yerdə. Şuşası əsir olanlar Necə sevinir görəsən? Donuz çıxıb təpəmizə, Biz hələ cəng göyrənirik. Güllə atmaq əvəzinə, Rəqs eləmək öyrənirik.
Sonda bir neçə kəlmə Cabir Novruzun mahnı yaradıcılığı haqqında... Fikrimcə Cabir Novruz mahnı janırında şeirlər yazmaq fikrində olmayıb. Sadəcə onun şeirlərindəki lirizm,epik sujet,güclü ritm-tembr potensialı imkan verib ki, həmin şeirlərə musiqi yazılsın. İki böyük sənətkarın Cabir Novruzun və Oktay Kazımınin birgə istedadı, mahnı yaradıcılığında şedevrlərin – incilərin yaranmasına ,milli musqi xəzinəmizin zənginləşməsinə səbəb olmuşdur.
Daha bir maraqlı fakt Cabir Novruzun mahnı mətni kimi seçilən şeirlərinin məzmunu taleyüklü məsələlərə həsr olunmuşdur. Bu gün artıq Cabir Novruz da, Oktay Kazımı də, Rəşid Behbudov da həyatda yoxdur. Lakin bu üç böyük sənətkarın yaratdığı nəğmələr, onların hər üçünün qırılmış ömürlərinin davamıdır və hələ zaman-zaman yaşayacaqdır.
71Ramiz Goyushov, Rafail Inceyurd Ismayilov və başqa 69 nəfər
