Musa Xanbabazadə, filoloq-ədəbiyyatşünas : - Hifz edək tanrı əmanətini

Ədəbiyyat 15:17 / 19.06.2024 Baxış sayı: 1735

 

(Yazıç-dramaturq Qafar Cəfərlinin “Tanrı əmanəti” dramı üstündə gəzişmələr)

 

“Qıl körpüsündə rəqs”(Bakı “Ecoprint- 2014) tanınmış yazıçı-dramaturq Qafar Cəfərlinin on ikinci kitabıdır və bu kitab, eyni zamanda, dramaturqun poetik axtarışlarının qədirbilən oxuculara ədəbi-bədii təqdimatı və xitabıdır. Nəfis tər-

tibatlı bu topluda dramaturqun “Qıl körpüsündə rəqs”, “Tanrı əmanəti”, “Şəhid bayraq” dramları və habelə “Gülgəzi”, “ Yaşamaq eşqi”, “Tənha qadın”, “İntihar” ,

“Pənco-pənco”, “Tost” və “Fateh” hekayələri yer alır. Həm pyeslərin, həm də hekayələrin mövzusu müasir həyatdır, bugünün mövcud reallıqları müharibədir, narkomaniyadır, sosial ağrı və dərdlərdir və bütün bunları müəllif obrazların həyatında, mübarizə və mücadilələrində real, canlı, təbii dialoqlarda əks etdirir.

      Tarix etibarilə “Tanrı əmanəti” dramaturqun ilk pyesidir, 10 may - 14 avqust 2023-də yazılıb və oxucuların ixtiyarına verilib.

       Dramın qəhrəmanları ikiqütblüdür: mənəviyyatçılar, maddiyyatçılar.

       Mənəviyyatçılar qütbündə Xəyalə, Solmaz, Nüsrət, prokuror, polis rəisinin müavini Əli Zaminli durur

       Maddiyyatçılar qütbünü təmsil edir Rafiq Kazımov, onun oğlu Elşad, Xəyalənin atası Kərim kişi, Xəyalənin bacıları Kübra və Şəfiqə.

       Birincilər (mənəviyyatçılar) haqq-ədalətin yolçularıdır. Əxlaq və namus keşikçi-

ləridir. Doğruluq və dürüstlüyün bəkçiləridir. Mənəvi yüksəlişin, mənəvi tərəqqinin xidmətçiləridir. Maddi üstünlüyə can atmırlar. Gün-güzəranına haram qatmırlar. Yad-

dırlar yalançlığa, saxtakarlığa, rüşvətbazlığa. Qənimdirlər yaltaqlığa, məddahlığa, sərvətbazlığa. Bu ali və uca keyfiyyətləri dramda daha çox Xəyalə özündə ehtiva edir. Xəyalə bütün bu mənəvi zənginlikləri daşıyıcısıdır, qoruyucusu və ötürücüsü-

dür. Və başı bəlalar çəkmiş bu obrazın ömür yolu, xarakteri, dünyabaxışı, cəmiyyətə münasibəti daha çox dramın Xəyalə-Solmaz, Xəyalə-Zaminli, Xəyalə-Rafiq, Xəyalə-Şəfiqə, Xəyalə-Kərim xətlərində açılır. Hər xətt bu və ya digər dərəcədə Xəyalənin ömür yoluna, uğur və uğursuzluqlarına, günah və günhasızlıqlarına, qonum-qonşulara münasibətlərinə, qabarma və büdrəmələrinə güzgü tutur və Xəyalə həyatının ən mübhəm nöqtələrinin üzə çıxmasında və işıqlandırılmasında vasitəçilik edir.

        “Tanrı əmanəti” əsərinin ən dramatik, ən gərgin səhnəsi dramın 4-cü şəklidir-

Zaminli-Xəyalə xətti. Bu şəkli şərti olaraq “Xəyalənin etirafları”da adlandırmaq olar.

Dramın həm 4-cü, həm də digər şəkillərində hadisə və epizodlarda aparıcı qəhrəmandır Xəyalə. Aydınlaşdırıcı- izahedici obrazdır Xəyalə. Ziddiyyət və düyünlərin açılmasıdır Xəyalə. Dərd heykəli, dərd abidəsidir Xəyalə. Kərim kişi, Kərim od-ocağının sarsılmaz iradəsidir Xəyalə. Dramın gizli və qaranlıq güşələrini

işıqlandıran həqiqət carçısıdır Xəyalə. Özü haqqında, öz həyat bioqrafiyası haq-

qında doğru-dürüst bilgiçidir Xəyalə. Sosial dərdlərə, məişət ağrılarına dözümlü-səbrlidir Xəyalə. Dərd-ağrılar, ehtiyac və möhtaclıqlar doğmalarını (atasını, bacı-qardaşlarını) sıxmasın, həyat və yaşamaq istəklərini yelə verməsin deyibən alverə

qurşanır, Dağıstan bazarlarında pul-para qazanaraq Qapanlı kəndinə- əzizlərinə göndərir. Xəyalə “Anam bu dünyadan köçəndə 16 yaşım təzəcə tamam olmuşdu.

İki kiçik bacımı, körpə qardaşımın və atamın qulluğunu tutmaq mənim boynuma düşürdü. Xadiməlik edir, evdə dərziliklə, həyət-bacada əkin-biçinlə məşğul olurdum. Atamın tüfeyli və əyyaş olması da mənim üçün böyük dərd idi. Həyatımın bir neçə ili beləcə keçdi. Artıq bacılarım Kübra və Şəfiqə atamın və qardaşımın qulluğunu tuta bilirdilər.” (səh.82)

       Öz-özünün ittihamçısı, intiqamçısıdır Xəyalə. Özünün, öz cinayət və qəbahət-

lərinin mərd-mərdanə etirafçısıdır Xəyalə. Etiraflarında böyükdür, ucadır- qəlibidir Xəyalə. Xəyalənin hünərvərliyinə, fədakarlığına yeni bir şeiriyyət, yeni bir təravət gətirir etirafları. Etiraflarında saflaşır- büllurlaşır Xəyalə. İftixarlaşır- qürurlaşır Xəyalə. Etiraflarında məsumlaşır, ilkinləşir, əsilləşir, gözəlləşir Xəyalə. Bacıllarının

(Kübra və Şəfiqə) bakirəliyinə təcavüz edən Rafiqi cəzalandırmaqda Xəyalə məğrurdur, şahanə-mərdanədir, erkək tinətli, aslan təbiətlidir. Sevinir-öyünür ki,

vətən qızlarının xoşbəxtlik və səadətini əllərindən alan bir alçağın, bir meşşanın,

bir maddiyyat əsirinin həyatına son qoyduğuna, bir vəhşi ehtirasçının canavar gözlərini ovduğuna, yəni Rafiqi o dünyaya yola saldığına: “Xəyalə birdən divar dibin-

dəki yanar qaz sobasını görür. Aşağı əyilib sobanın kranını burub söndürür, sonra kranı təzəzdən açır. Sobadan çıxan qazın əvvəl fışıltısı eşidilir. Qazın iyindən Xəyalə yaxası ilə burnunu tutur. Qapıya tərəf iki addım atır, geriyə dönür, xorultu ilə yatan Rafiqə tüpurub qapıya addımlayır” (səh.89-90)

       4-cü gəlişin ən dramatik səhnəsidir iki doğma bacının-Xəyalə ilə Şəfiqənin söz çarpışması, söz dartışması. Bu səhnə, eyni zamanda, Əxlaqla Əxlaqsızlığın, Mənə-

viyyatla Mənəviyyatsızlığın, Xalisliklə Naqisliyin üz-üzə dayanması, qənşər-qənşərə açıq döyüşü-savaşıdır.  Xəyalə Əxlaqın, Mənəviyyatın, Xalisliyin yolçusudur. Şəfiqə Əxlaqsızlığın, Mənəviyyatsızlığın, Naqisliyin qoçusudur. Pula-paraya yıxıldı Şəfiqənin qadın sevgisi və bu sevgi nəhayətdə dönüb oldu bir döşəmə əsgisi. Şəfiqə

“Əl çək yaxamdan, mən öz istəyimlə onunla (Rafiqlə-M. X) yatmışam. Can mənim-

dir, özüm bilərəm. Bu gün-sabah uşağımı doğaram, canı çıxar, uşağımı saxlayar”

(səh.93) deyəndə Xəyalə: “Demək, sən bilə-bilə etdin,hə? Demək, sən bilə-bilə ailəmizi ləkələdin, hə? Alçaq, sən bizi məhv elədin. Sən iyrəncsən, sən murdarsan”(səh.94) deyərək Şəfiqənin üstünə cumub üzünə bir şillə çəkir. Saçından tutub yerə yıxır. Əvvəlcə əlləriylə boğazından tutur. Sonra baş yaylığını çıxarıb boynuna dolayır və qışqıra-qışqıra var gücü ilə yaylığı sıxmağa başlayır.

       Onu da qeyd edim ki, “Tanrı əmanəti” dramındakı Xəyalə-Şəfiqə xətti böyük dramaturqumuz Hüseyn Cavidin “İblis” faciəsindəki Arif-Vasif xəttini xatırladır.

Hər iki xətdə mübarizə doğmalar arasında cərəyan edir. “Tanrı əmanəti”ndə  yüksək əxlaq və mənəviyyat sahibi Xəyalə əxlaqsızlıq  və mənəviyyatsızlıq mücəssəməsi

Şəfiqəyə qarşı çıxır, bacısının itirilmiş əxlaq və namusunun intiqamçısı olur. “İblis” -dəki qardaşlar isə “Bulsa hər kəs babanın qatilini, bil ki, məmnun edər ancaq o məni” deyən Rənaya sahiblənmək uğrunda duelə çıxırlar və duelin sekundantı da, təşkilatçısı da İblisdir. İblis quraşdırdığı bu oyuna çox sevinir və Hüseyn Cavid İblisin bu sevincini belə ifadə edir: “Nə tühaf !” Bir ananın övladı, bilmədən bir-birinin cəl-

ladı.” “Tanrı əmanəti”ndə isə savaşın nə sekundantı var, nə də təşkilatçısı. “İblis” də Vasifi Arif tapaça ilə qətlə yetirir, “Tanrı əmanəti”ndə Xəyalə Şəfiqəni boğub öldürür.

       Dramaturq Qafar Cəfərli bacısını boğub öldürən Xəyalənin mənəvi-psixoloji sar-sıntılarını, ruhi-əxlaqi iztirab və təbəddülatlarını, haldan-hala düşməsini, özünə gah  haqq qazandırmasını, gah da peşamlıq çəkdiyini mahircəsinə əks etdirir. Dinləyək

Xəyalənin Zaminliyə etirafını: “Qucağımda böyüyən bacım(Şəfiqə nəzərdə tutulur-M.X) gör mənə nə deyirdi. Ömrümü qurban verdiyimin, həyatın bütün ləzzətlərini əlimin arxası ilə itələyib gecə-gündüz bilmədən ailəm üçün çalışmağımın əvəzi idi mənə deyilənlənlər. Allahdan ölüm istədim. Bəli, mən ölmək istəyirdim. Mənim ən layiqli cəzam ölüm idi. Hövllü həyətə düşdüm. Ani olaraq necə ölməyi fikirləşdim. Dəli kimi ətrafa baxırdım. Birdən bağın yanındakı su quyusunu gördüm. Ucadan “Mən ölməliyəm, mən ölməliyəm”-deyib quyuya tərəf qaçdım. Quyuya bir-iki addım qalmış məni kimsə qucaqlıadı və ikimiz də yerə sərildik. Bu, qardaşım Sahib idi. Yerə oturub var səsimlə bu həyata, bu taleyə qarğış yağdırırdım. Qucağımda böyüyüb, indi isə əllərimlə qətlə yetirdiyim nakam bacıma nalə çəkib ağlayırdım” (səh.96)

       Haqq-ədalət keşikçisi Əli Zaminliyə Xəyalənin digər bir etirafını dinləyək: “...Doğma bacımı boğub öldürmüşdüm. Gecəni meyidin yanında uzanıb qaldım. Səhər tezdən polisə xəbər verdim. Məni polisə apardılar və o, getməklə evimdən on il ayrı düşdüm. İstintaq vaxtı müstəntiq mənə dedi ki, Rafiqi istintaqa cəlb edə bilməyəcəklər, çünki onu evində qazdan boğulmuş vəziyyətdə tapıblar. Bundan son-

ra içim rahatlandı: ailəmizin üstündən namus ləkəsini silmişdim o an özümü dünya-

nın ən xoşbəxti hiss edirdim. Rəis, bilirsən bu nə qədər xoş bir duyğudur ? Bunu yaşayanlar daha dəqiq başa düşər.(səh.100-101)

       Xəyalənin digər bir etirafı acı olduğu qədər də şirindir, şirin olduğu qədər də səmimidir: “Bu şərəfsiz(Rafiq Kazımov nəzrədə tutulur-M.X)bizim ailəmizi məhv etdi.

Kübranın meydi Türkmənistanda hamilə vəziyyətdə bir evdə tapıldı. Bilinmədi kim öldürdü, niyə öldürdü? Şəfiqəni mən öldürdüm. Həbsdə olarkən qadaşım Sahib Ru-

siyada tutuldu, sonra ölüm xəbəri çıxdı. İnanıram ki, Elşadın(o Rafiq Kazımovun oğludur-M.X)zavalına gəlib. Atam isə namus oduna olmasa da, ailəsinin yaşadığı evin odu ilə yanıb kül oldu”(səh.101)
       Xəyalə cinayətlərinin mahiyyət və ağırlıqlarını dərk edir, bəzilərinə peşmandır,

bəzilərinə yox. O, Rafiqi öldürməyinə əsla təəssüflənmir, əsla peşmançılıq çəkmir.

Çünki Rafiq və Rafiqkimilər həm özlərinin, həm də başqalarının həyatına, sağlam-

lığına təhlükə və maneədir. Pozur cəmiyyətin normal həyatını bu dələduz və fırıldaq-

çılar. Zəhərləyir insan talelərini bu əliəyrilər, bu diliacılar. Qırılır neçə-neçə insan öm-

rü bu harınların təmtəraq və dəbdəbəsindən, yalançı-hədyançı vədəsindən. Axı bun-

lar maddiyatçılardır. Qaçırlar dəbdəbəyə, təmtəraqlı həyat tərzinə, qaçırlar varidata.

Pozurlar haqq-ədalətin pərsəngin. Daıdırlar könüllərin ahəngini. Güç-zorakılıq nü-

mayiş edirlər gözəllik və məsumluq səltənətinə. Qənim kəsirirlər insanın səadət və

ülviyyətinə. Köklənirlər pulçuluğa. Köklənirlər yalana. Qara-qara əlləri tələsir saxta-

karlığa, tələsir qarət-talana. Doğru-dürüstlərin kül tökürlər gözlərinə. Xalqa, qonum-qonşuya yox, yalnız gərəkdirlər özlərinə. Və sonucda basılırlar qanunlar, gec də ol

sa, tüpürürlər onları həbsə atdıran qara-qura oyunlara. Və ya da ki, gəbərirlər qey-

rətcanlı bir igidin dağ ağırlı şilləsindən. Və Xəyalə əxlaq və mənəviyyatı çoxdan yox-

almış Rafiq Kazımovun- bir maddiyyatçını, bir insan canavarını öldürməkdə özünü təqsirli bilmir, onu öldürməkdə peşmançılıq da keçirmir. Xəyalə Rafiqi öldürməklə təkcə bacılarının yox, həm də Rafiqin yırtıcı təbitəinin qurbanı olmuş neçə-neçə Kübraların, neçə-neçə Şəfiqələrin də intiqamını almış olur: “Mən Rafiqi öldürdüyümü

boynuma almışam, buna peşman deyiləm... Rafiqə görə namusum uğrunda cihad eləmişəm”(səh.102) Xəyalə bacısı Şəfiqəni öldürməsinə peşmandır, bacısından ötrü

bağrı-başı giryandır. Hətta Əli Zaminlidən xahiş edir ki, polisin müşayiəti ilə bacısının qəbrini ziyarət etməyə ona imkan yaratsın: “Mən bu günə kimi ürək edib bacım Şəfi-

qənin qəbrini ziyarət edə bilməmişəm. Üzüm gəlməyi, ayağım getməyib. Fikirləşmi-

şəm ki, Şəfiqə birdən məzardan qalxıb məni yenə ittiham edər. İndi isə bacıma yalvarıb bağışlanmağı xahiş etmək istəyirəm”(səh.104)

       Zaminli öz ömrünü amala, məhəbbətə, qeyrətə fəda edən, haqqından, ömrün-

dən könüllü keçən və insani qüdrətini təsdiqləyən Xəyalənin səmimi etiraflarına qəl-

bən inanır və üzünü Xəyaləyə tutaraq: “...həyatın yazılmamış qanunları var. Mən sə-

ni yenidən həbsxanaya göndərə bilmərəm. Buna vicdanım yol verməz. Onsuz da,

cəzanı ikiqat çəkmisən. Çəkdiyin əzablar isə bir insan ömrü üçün çoxdur, özü də lap çoxdur. Və bu halda verdiyin izahatı dəlil kimi saxlamağa da mənim haqqım yoxdur.

Xəyalə, sən indi öz həyatını yaşamalısan. Qalan ömrünü xoş, qayğısız keçirməyini arzu edirəm,...bütün baş verənləri unutmağa çalış. Elə bil ki, bir yuxu idi gördün və keçib getdi. Mən hər an sənə yardım etməyə hazıram.”(səh.104-105)

       Çoxları kimi Xəyalə də Tanrının övladı Tanrının bəndəsi, Tanrının əmanətidir.

Və bu əmanət, eyni zamanda, Tanrının bəşəriyyətə ən böyük səltənəti, heç vaxt bitməz-tükənməz sərvətidir. Bu sərvət, bu səltənət toxunulmazdır. Buna həqarət,

zor, təzyiq, müdaxiləsi yol verilməzdir. Tanrı əmanətini hər kəs faydalı, xeyirli işlərdə

əritməlidir, bir ömür möhlətində yurdunda, el-obasında güllər-çiçəklər bitirməlidir.

Fəqət insan qəssabları qoymadılar Xəyalə Tanrı əmanətini insan kimi yaşasın. Qoy-

madılar Xəyalə bu Tanrı əmanətini göz bəbəyi kimi qorusun. Sosial həyat və bu həyatın ağırlıqları əzdi Xəyalənin ruhunu. Əritdi Xəyalənin gənclik odunu. Sındırdı Xəyalənin qürurunu və nəhayət, Xəyalə məcbur qaldı və əl atdı qana çalxadı Tanrı

əmanətini- Tanrının yaratdığı bəndələri.  Ömür payını ehtiyaclarda əritdi Xəyalə. Ömür payını ötəri-köçəri həyat yollarında salıb itirdi Xəyalə. Təəssüflənir Xəyalə ömür payının gərəksizliyinə, kəsərsizliyininə. Təəssüflənir Xəyalə ömür payının səmərəsizliyinə, dəyərsizliyinə. Təəssüflənir Xəyalə el-obaya bu ömürdən bir əma-

nət, bir yadigar qalmadığına və bu ömrü köksünə basıb xalqına-millətinə saz kimi çalmadığına: “Tanrı hər kəsə bir ömür payı ayırır, amma onu əmanət verir bizlərə.

Deyir ki, sənə bu işıqlı dünyanı bəxş etdim, get necə bacarırsan, yaşa. Bəs biz bu

Yaşamağı bacarırıqmı? Tanrının əmanətini qoruya bilirikmi? Yox deyirəm mən. Tanrı verən bu ömrü boşuna xərcləyirik, Çünki minnətsiz, əvəzsiz verilib bizə, bahasına pul vermədən hədiyyə almışıq bu ömrü”(səh.102)

        Haqqın-ədalətin, insan hüquq və azadlıqlarına ayıq-sayıq keşikçisidir Əli Za-

minli- o atəş ürəkli, o atəş dilli, o polad biləkli, o dürüst əlli. Amansızdır əliəyrilərə, el-obaya xor baxanlara, talan-qarətə işıq yandıranlara, insaf-müravvətin gözlərindən pərdə asdıranlara. Amansızdır sıravi vətəndaşları alçaldanlara, onların əxlaq və mənəviyyatlarına qəsd edənlərə, müqəddəs qanunlara zidd gedənlərə. Təcrübəli-

səriştəlidir. Peşəsinin vurğunu, mahir bilgisidir. Birbaşa cinayət hadisəsinin(hadisə-

lərinin) açılması məşğul olur. Cinayətin(cinayətlərin) başvermə səbəblərini bütün incəlik və təfərrüatları ilə öyrənir. Qorxmazdır, cəsurdur. Təpədən-dırnağadək qürur-

dur. Qətiyyətli, inamlıdır. İnanır ki, təhqiqat prosesində kiçik bir əyinti, yalnışlıq belə

qanunların aliliyinə kölgə salır, cinayətkarı ya həbsə göndərir, ya da azadlığa. Mər-

həmətli və insaflıdır. Fəaliyyətində  yazılmamış qanunların hökmünü dinləməyi baca-

rır, yəni vicdanını səsinə qulağ asır. Zaminlinin xarakterini səciyyələndirən yuxarıda-

kı fikirlər dramın Zaminli-Nüsrət, Zaminli-Solmaz, Zaminli-Prokuror, Zaminli-Xəyalə

xəttlərində öz dolğun bəddi ifadəsini tapır. Bu xəttlərdə dramaturq Zaminlinin arzu və

əməllərinin böyüklüyünü və insanlığını qısa, lakin dolğun dialoqlarda elə canlandırır ki, o, oxucuların nəzərində təmiz, kristal şəxsiyyət kimi ucalır. Bu baxımdan Əli Zaminli öz paqon sələfləri ilə-Xalq yazıçıları Süleyman Rəhimovun Mehmanı, Mehdi Hüseynin Fərhad Kamalovu, İlyas Əfəndiyevin Çahangiri ilə eyni cərgədə dayanmağa layiqdir. Hər dörd surət humanizmin və qanunçuluğun ifadəcisi, öz xal-

qının-millətinin aludəçisidir. Bu dörd surətin dördü də ən dolaşıq düyünləri açmaqda mahirdir, vəzifəsini vicdanla, dəqiqlik və məsuliyyətlə yerinə yetirir, döyüş-savaşlardan üzüağ və alnıaçıq çıxır.

       Dramaturq Qafar Cəfərli ictimai ədalətsizliyin, ağır sosial durumun qurbanları sayır Kübaranı, Şəfiqəni, Sahibi... Pulçuluğun ağalıq etdiyi bir cəmiyyətdə onların ömürləri kama çatmadan qırılmazdı, ömür günəşləri vaxtsız qaralmazdı əgər mərhəmətli-insaflı olsaydı yandaşları. Bəlkə də, onların axmazdı acı göz yaşları, əgər onları bağrına bassaydı yurdun vətəndaşları. Bu arxasız yavrular nə ata-ana

nəfəsilə isindilər, nə qohum-əqrəba ocağında qızındılar, nə də hökümət qayğısında böyüdülər. İstisimar etdi onları maddiyyaçılar. Təcavüz etdi namuslarına varidatçılar.

Bu dərbədərlər süründülər təkbaşına, böyüdülər özbaşına və sonda da boğuldular göz yaşına. Nə bir xatirələri qaldı, nə nişanələri, nə də arxalarıyca göz axıtdı annə-

ləri. Kasıbçılıq-yoxsulluq, ehtiyac-möhtaclıqlar uddu, uddu bu köməksiz yavruları. Onlara əl uzatmadı yurdun pul-paralı gavurları.

       Dramda Nüsrət-Solmaz-Xəyalə xətti öz təbiiliyi, öz koloritliyilə seçilir. Bu xəttin daşıyıçıları bir-birilə yaxın qonşuluq münasibətindədir, bir-birinə can deyib can eşidir, çətin gündə, dar ayaqda bir-birinə arxa-dayaq durur. Xəyalənin atasının yas mərasiminin Nüsrət kişinin həyətində keçirilməsi elə bu xoş və səmimi münasibətin ən bariz örnəyi, ən bariz nümunəsidir. Dramaturq Nüsrət-Solmaz xəttilə demək istəyir ki, Azərbaycan cəmiyyəti yalnız Rafiq Kazımov kimi xalqa-millətə laqeyd və biganələrdən ibarət deyil. Bu xalqın Nüsrət və Solmaz kimi minillik ənənəyə bağlı övladları da var ki, onlar gərəkli məqamlarda bu ənənə və gələnəkləri ləyaqətlə yaşadır və bu gələnəkləri təkmilləşdirə-təkmilləşdirə sabahlara daşıyırlar. Bu dramatik paralelləri görən oxucu Rafiqkimiləri təpikləyir, Nüsrət və Solmaz kimiləri çəpikləyir.

       Dramaturq Qafar Cəfərli dramda belə bir həqiqəti bir daha yada salır ki, hər hansı fərdin tərbiyə olunmasında cəmiyyətlə bərabər valideynlərin də rolu müstəsnadır. Ailə, ata-ana fərdin (oğlan olsun, ya qız) ilk tərbiyəçisi-müəllimidir, ilk mürşidi-xocasıdır, ilk bənnası-memarıdır. Fərdin (övladın) faciəsi onda başlayır ki, ata-ana naqisdir, eyibli- qəzalıdır, əxlaq və mənəviyyatı şikəstdir və bu şikəstlik övladın əyir belini, işdən-gücdən soyudur ayağını-əlini və bu əyri uşaq düşür cəmiyyətdə əyrilərin əlinə. Uyur, yamanca uyur əyrilərin fitnəsinə-felinə. Kərim kişi əyyaşlığa-sərxoşluğa, müftəxorluğa qursanmasaydı, vaxtında balalarına diqqətli-qayğılı olsaydı, bəlkə də, balaları (Kübra, Şəfiqə, Sahib) öz talelərini Rafiq Kazımov kimi bir qansıza tapşırmaz və Rafiqin fəlakətinə basılmazdılar. Başı daşdan-daşa dəyəndən, balalarını bir-bir itirəndən sonra Kərim kişi Şəfiqənin meyidinə yaxınlaşır, qızının başını dizləri üstünə alır, hönkür- hönkür ağlayır və balalarının ölümündə özünün günahkar olduğunu acı-acı etiraf edir: "Şəfiqə, qızım, atan səni çağırır, aç gözlərini, mənim balam. Danış mənimlə, danış bu bədbəxt atanla, bu şərəfsiz atanla. Mən sənin həyatını məhv elədim. Bacın Kubra da mənim badıma getdi. Xəyaləm də bədbəxt oldu. Bağışlayın məni, balalarım. Adım ata oldu, amma heç birinizə atalıq edə bilmədim. Etdiklərimin cəzasını Allahım mənə göstərmiş, mən səfeh anlamırdım. Budur, balamın meyidi atanın qucağında... Qızlarım, mənə cənnəti nəsib etmək üçün dünyaya gəldiniz, amma mən cəhənnəmi seçdim. Mən elə cəhənnəmə də layiqəm. Mən ölməli insanam. Allahım, məni elə burda-nakam balamın meyidi üstdə öldür. Öldür məni. (səh.219) Bu, yanlış tərbiyəçinin, bu bədbəxt və şərəfsiz atanın gecikmiş etiraflarıdır. Dramaturqun Kərim kişinin dilindən səsləndirdiyi bu etiraflar keçmişə yox, bugünün və sabahın gənc ata-analarına ünvanlanıb. Dramaturq bu etiraflarda demək istəyir ki, ey gənc ata və analar! Övladlarınızı mərdlik-qəhrəmanlıq, sarsılmazlıq-əyilməzlik ruhunda tərbiyə edin, elə tərbiyə edin ki, onlar haqqa çiyin versin, doğruluq-dürüstlüyün yanında yer alsın, köləlik və mütiliyi özlərinə yaxın buraxmasınlar. Övladlarınız qul-kölə ruhunda böyüsələr, didər-parçalayar onları sabahın Rafiq və Elşad Kazımovları-humanizmin, insansevərliyin, yüksəliş və tərəqqinin paslanmış buxovları.

       "Tanrı əmanəti" xoşbəxt sonluqla bitir. Uzunmüddətli müayinə-müalicələrdən sonra Xəyalə sağalır və azadlığa buraxılır. Həm kənd camaatı, həm qonum-qonşular, həm kənd icra nümayəndəsi, həm də Əli Zaminli Xəyaləyə qayğılı-sayğılı münasibətdədir, ondan sevgi-məhəbbətlərini əsirgəmirlər. Bütün kənd Xəyalə üçün ucaldılmış təzə evin açılışına tələsir. Tələsənlər içində Əli Zaminli də var. Əslində o hamıdan çox sevinir. Şadlığı- fərəhi yerə-göyə sığmır. Və asılqandan pencəyini götürür, "Onda biz də gedək. Bu tədbirdə iştirak etməyin özü savabdır",- deyərək iri addımlarla qapıya yönəlir.

       "Tanrı əmanəti" həcmcə kiçikdir, məna-məzmun baxımdan həm çəkilidir, həm də sanballıdır.

       Dramaturq Qafar Cəfərli bir qadının taleyi fonunda günümüzün bir-birilə bağlı ən vacib məsələlərini (işsizlik, insan taleyinə biganəlik, uşaq əməyinin istismarı, mənəvi- əxlaqi dəyərlərin aşınması, valideyn məsuliyyətinin arxa plana keçməsi...) dramatik ampulada kəskinliklə qabardır, bu neqativliklərin gələcəkdə daha böyük fəsadlar yaradacağının anonsunu verir və hamını, hər kəsi bu xoşagəlməz gerçəkliklərə və habelə Tanrının bizlərə ən böyük əmanətinə, yəni insan övladına zülm,işgəncə yaşatmasına laqeydlik və biganəlik sərgiləməsinə amansız mübarizəyə çağırır. Oxucuları ayıq- sayıqlığa səfərbər edir dramaturqun vaxtında çalınmış bu həyəcan təbili və heç şübhəsiz, bu təbil günlərin birində ayağa qaldıracaq haqqı pozulmuş obanı-eli.

       "Tanrı əmanəti", eyni zamanda, Tanrı övladlarını Tanrının ən böyük əsərinə, ən böyük əmanətinə (insana) sonsuz hörmət və qayğıya səsləyir. Səsləyərək deyir ki, ey insan, sən Tanrı əmanətini öz canın, qanın kimi qoru, onun xeyirxah arzu-istəklərinə işıq yandır. Ey insan! Tanrı əmanətini qurban etmə gəl çirkin xəyanətinə, çalış o əmanətə sən salma ləkə, toxunma bircə yol da Tanrı ülviyyətinə, Tanrı qüdsiyyətinə.