Kamran Nəzirli : - Mənim nəyə gücüm çatır? SÖZgəlişi

SÖZgəlişi
Qədim yunan filosofu Epiktet Romada imperator Neronun katibi Epafroditin qulu olub, çox sonralar azad edilib, öz fəlsəfə məktəbini yaradıb; onun nəzəriyyəsinin əsas mahiyyəti və vəzifəsi insanlara “nəyə gücümüz çatır - nəyə gücümüz çatmır” kimi iki məntiqi hökmü biri birindən ayırmağı və fərqləndirməyi öyrətmək olub. Məncə, bizim dərsliklərə də əxlaqın və etiketin ən vacib, çoxqatlı elementləri, həmçinin prinsipləri daxil edilməli, məktəblərimizdə tədris olunmalı, öyrədilməlidir. Ədəb, mərifət, etiket qaydaları, simpatiya, antipatiya, insan hüquqları anlayışları, tanışlıq, özünütəqdimetmə, əməldə, düşüncədə intizam, dəqiqlik, mülayimlik, təmkin, məsuliyyət hissi, şükranlıq, üzrxahlıq, xoş rəftar, davranış, sual-cavab mədəniyyəti və sair və ilaxır kimi fəzilətlər var ki, onları yalnız təlim-tərbiyə prosesində öyrənmək, əxz eləmək mümkündü. Ailə yardımçı amildir, əsas məktəbdir, məktəb! Düşünürəm ki, bu sahələr bizim axsayan yerimizdir.
Bu yazını yazmağa məni vadar edən də son günlər sosial şəbəkələrdə, saytlarda oxuduğum yazılar, hörmətli yazıçılarımızın qurultayında, fasilələr zamanı dəhlizlərdə və pərdə arxasında gördüyüm, eşitdiyim yersiz, mənasız, hay-küylü, populist çıxışlar, kinayəli və həqarətli qeybətlər və bəzi sayt əməkdaşlarının davranışları oldu; açığı, bizim hörmətli ziyalılarımızın, ağsaqqal yazıçılarımızın, söz və qələm ustalarının bir çox sayt və sosial şəbəkə yazarı tərəfindən, eləcə də yalnız istedadına (sağlam düşüncəyə və dünyagörüşünə yox!) güvənib şıltaq iddialarını zorla populyarlaşdırmaq istəyənlər tərəfindən aşağılanmasını gözləmirdim; yazıçı dostlarıma qarşı, ümumiyyətlə, qurultaya nümayəndə seçilmiş qələm adamlarımıza qarşı antipatiya yox (“antipatiya” anlayışı ayrı şeydi!), düşmən münasibətilə, təhqirlə, həqarətlə, kinayəli eyhamlarla yanaşılmasından iyrəndim, bunları ürək ağrısıyla qarşıladım. Çox təəssüf edirəm! Ona görə ki, təhqiramiz sözlər yazanlar, ağız büzüb kinayə edənlər arasında mənim tanıdığım və qələminə hörmət bəslədiyim adamlar da vardı.
Dünya çox qarışıqdır, həm də sürüşkəndir. İndi Yer kürəsinin hansı səmtinə baxsan, orda “qaynar nöqtələr və qazanlar” görərsən. Bunu hər bir xalqın ağıllı adamları, sağlam düşüncəli siyasətçiləri, mütəfəkkirləri, fikir, düşüncə sahibləri yaxşı anlayırlar və o da bəllidir ki, biz bəşər olaraq qorxunc, hay-küylü günlər yaşayırıq; insan övladı son yüz ildə öz varlığının yer üzündə mövcud olduğu müddətdən buyana bəlkə də min dəfələrlə çox silah-sursat, maşın-texnika icad edib, yaradıb. Bir fransız filosofunun (yaddaşım məni aldatmırsa, Anri Berqson) sözlərinə görə, insanın bədəni texniki maşın kimi böyümüş, artmış, qəlbi isə elə yumruq boyda olaraq qalır, daha doğrusu, mexaniki qüvvələr o qədər çoxalıb ki, mənəvi qüvvələr gücsüzləşib, mexanizmə çevrilib. Mexanizm isə daim işləyir, qaynayır, qaynadılır, bəlkə də bilərəkdən, ya da hansı məkrli niyyətləsə onu partlatmaq istəyirlər, dağıdılmış parçaları və hissələri təzədən yığmaq, ya da bölmək istəyirlər. Bu gün bütün qitələr və qütblər sanki qaynar bir qazanın içinə düşüb, ordan çıxa bilmirlər.
Altmışıncı illərdə isti yay günlərində həyətimizdə ocaq başında yetim qarnı doyduran İRİ QAZANda nənəmin dovğa buladığı taxta kəfkiri xatırlayıram; bir dəfə uşaq sadəlövhlüyü ilə, həm də nənəmə mərhəmət və sevgi hissimdən soruşdum ki, “yorulmadın qazanı qarışdırmaqdan?”. Nənəm ayranlı aşa (biz dovğaya “ayranlı aş” deyərdik!) bulaşmış uzun taxta kəfkirini bir anlıq qazandan çıxarıb mənə tuşladı, gülə-gülə dedi:
- Bax, bu kəfkiri görürsən? “İngilis barmağı” kimidi, gərək onunla qazanı qaynayanadək qarışdırasan, yoxsa dovğa yeyə bilməzsən...
Yetmişinci illərdə artıq dovğa bulamaq növbəsi anama çatmışdı, bu dəfə qazan da, kəfkir də kiçilmişdi, əlbəttə ki, anam dovğanı qaz plitəsinin, hərdən isə odun peçinin üstündə bulayırdı, taxta kəfkirlə. Bu gün bizim evdə də bəzən dovğa günü olur; qazan, kəfkir, qatıq, göy-göyərti, müasir qaz plitəsi...hər şey fərqli tam, dad verir, fiziki, mənəvi görkəmləri də dəyişib hər şeyin, kiçik, rahat məişət əşyaları, birdoyumluq piyalələr qonum-qonşuya pay üçün deyil. Amma qazanı qaynatmaq üçün mütləq onu qarışdırmalısan, qarışdırmalısan və qarışdırmalısan! Bəzən evdə bu mənzərə məni bezdirir, yenə mərhəmət və sevgiylə dovğanı dəmir kəfkirlə bulayan xanımıma deyirəm:
- Bunun ayrı yolu yoxdu bəyəm? Mütləq gərək qarışdırasan?
- Olmaz, - deyir,- qarışdırmasan çürüyər, yeməli olmaz. Qazan gərək qaynayana qədər qarışdırılsın...
Belədə başımı yellədib alıram ondan kəfkiri, özüm başlayıram qarışdırmağa, heç iki dəqiqə keçmir, hövsələm çatmır, başlayıram kəfkiri əsəbi-əsəbi fırlatmağa, xanımım bunu görüb kəfkiri məndən qapır.
- Yeri get işinlə məşğul ol, - deyir,- səndən qazan qaynadan çıxmaz!
Dünyanın mizan-tərəzisinin itdiyi, böyük-kiçik münasibətlərinin, ədəb-ərkan, əxlaq, tərbiyə, təhsil və adi insani hisslərin öləziyən dövrünü yaşayırıq; mənim birdən-birə dovğa bulamaq əhvalatını xatrlamağım da nənəmin “ingilis barmağı”na bənzətdiyi o kəfkirə görədir; yaşa dolduqca və sevdiyim ingilis yazıçısı Con Qolsuorsini oxuyub sevə-sevə tərcümə elədikcə, mənasını anlamadığım o eyhamın - “ingilis barmağı”nın çoxqatlı və çoxyönümlü olduğuna əminliyim artır, bu gün elə Conun dediyi kimi, “bizim hər işimizdə sanki bir ingilis barmağı var”, daim qazan qaynadır, qaşınmayan yerdən qan çıxarırlar; xeyir-şərimiz, məclisimiz, insani münasibətlərimiz, qonum-qonşuyla, dost-tanışla, xarici aləmlə təmaslarımız, fəaliyyət sahələrimiz, məişətimiz, bir sözlə, evimizin içi də, çölü də onsuz ötüşmür. Bizim düşüncə tərzimiz, yanaşmalarımız, etik-estetik, milli-mənəvi dəyərlərimiz, dünyagörüşlərimiz, məktəbə, təhsilə, kitaba, ədəbiyyata, yazıçıya, şairə, müəllimə, həkimə, qaziyə, şəhidə, məmura, siyasətçiyə, fəhləyə, kasıba, varlıya... bir sözlə, vətəndaşa və ona rahatlıq və dinclik gətirə biləcək hər şeyə münasibətimiz hər gün dəyişir, hər gün yaralanır və zədələnir.
Görürsən və demək olar ki, hər gün eşidirsən: uşaq dərs oxumur, yemək yeyəndə belə telefonla əlləşir, ya da öz çəkisindən dəfələrlə ağır bir yeşiyi qaldırmağa çalışır; deyirsən:”a bala, sənin ona gücün çatmaz, qol-qıçını şikəst edərsən...”; deyir:”yox, gücüm çatar (dərk eləmir!)” Yeniyetmə dərsdən qaçıb tində siqaret çəkir, ya da ictimai yerlərdə heyvərəlik edir; deyirsən:”a bala, özünə ziyan edirsən axı!” Deyir: “sən kimsən, mənə öyrədəsən? Sənə nə var?” Gənc həddən artıq təkəbbürlü və iddialıdır, iddiları ilə imkanları arasındakı məsafənin uzunluğunu dərk eləmir, deyir:”yox e, imkan verin özümü reallaşdırım!” İmkan verirsən ya da meydan verirsən (əslində meydan və imkanlar bəs qədərdir), birbaşa gəlib oturur yekə bir idarədə rəhbər; deyirsən:”di get, özünü göstər!” Göstərir. Nə göstərir? Yalnız görüntü və reklam, başqa heç nə! Məlum olur ki, təcrübə, bilik, savad yox, dünyagörüş məhdud, protokoldan, siyasətdən, kitabdan, etikadan xəbəri yox...Deyir:”bunlar mənə lazım deyil, mənə pul lazımdı ki, dünyanı idarə edim”. Yaşlı adam ötən günləri üçün darıxır, keçmişini tez-tez dilə gətirir, “bizim vaxtımızda belə deyildi, nə bilim, siz balnan yağ içində yaşayırsız, sizin üçün hər şey var...”. Deyirsən:”a kişi, nostaljini burax getsin cəhənnəmə, bu günü yaşa, bu günlə yaşa, yaxşı düşün, yaxşı yaşa!” Xeyri olmur. Qoca adam deyingən olub, hər şeyə mız qoyur; onu eləmə, bunu eləmə, bu olmaz, o olmaz, filan-beşməkan... Deyirsən:”ay baba, səbirli ol, təmkinli ol, hər şeydə çöp axtarma, sən həyatını yaşamısan yaxşı-pis, o birilərə mane olma, necə istəyirlər elə də yaşasınlar və s. və i.” Deyir:”yox, mən deyən kimi olmalıdı, vəssalam!”
Uşaq da, yeniyetmə də, yaşlı da, qoca da canlıdı, amma onlar yaz, yay, payız və qış kimi təbiət hadisəsi olsaydılar, məgər onların dəyanəti, ruhi və fiziki müvazinətləri, balansı, ritmi, ölçü və meyarları, gücü, qüdrəti...lazımi səviyyədə olardı? Görəsən onlar bu cəhətlərdən məharətlə yararlana bilərdilərmi? Texniki tərəqqi, informasiya texnologiyası, robotlar şəbəkəsi çoxaldıqca, artıb hər yanı bürüdükcə, adamın əməyi, şüuru, düşüncəsi, ətrafa münasibəti, bir sözlə, hər şeyi daralır, o özünə qayıda bilmir, nəfsinin, tamahının, istəklərinin və təkəbbürlü iddialarının quluna çevrilir və dağılır. Adam özündə olanı aramır, başqasında olanı mənimsəmək, necə deyərlər, hazırın naziri olmaq istəyir! Əlbəttə, xalqlar bir-birinə bənzəmir, hər xalqın öz mentaliteti var. Türkün, ingilisin, almanın, rusun...baxışları və dəyərləri eyni ola bilməz. Amma elə kodekslər var ki, bu, hər bir xalq, millət üçün vacibdir və keçərlidir. Bunu yaşından-başından, siyasi və ictimai statusundan asılı olmayaraq hər bir vətəndaşımız anlamalıdır. İndi bizim içimizdə o qədər bulanıq şeylər boy atıb ki, düşünürəm: gərək hər kəs özünü içindən söküb təzədən tiksin! Hə, dostum Rəşad Məcidin sözü olmasın, biz təmizlənməliyik! Məncə, “nədən başlamalı?” məşhur sualın çox gecikmiş cavabı budur: məktəbimizdən, təhsilimizdən! Əlbəttə, biz öz içimizdəki “qaynayan qazan”ı sahmana sala bilərik; əlimiz süfrədə hara qədər çatırsa, nəsibimiz də o qədər olsa, məncə, daha etik olar. Epiktetin sözünə qayıdıram:”Süfrəyə çox şey qoyula bilər, sən yalnız özünə uzadılan qabdan öz payını götür. Gücün nəyə çatırsa, ondan yapış, qaldıra bilmədiyin yükün altına girmə”.
29 oktyabr 2022-ci il