İbrahim Ümidlinin  ŞEİRLƏRİ

Ədəbiyyat 18:46 / 10.11.2024 Baxış sayı: 3114

Yenises.az-da  ilk  dəfə

 

Özü bilsin

 

Öz könlümü mən verdim o yarə, özü bilsin.

Onunla oldu günümdə qarə, özü bilsin.

 

Ol yar idi eşqimdə mənim təkcə gümanım,

Bir olmadı heç dərdimə çarə, özü bilsin.

 

O ayrılmaq üçün min qapı axtardı əzəldən,

Məndə yolu göstərdim, işarə, özü bilsin.

 

Şeytan dedi, axtarmasan, heç kim səni sormaz,

Dəymə, o gedən çıxsın kənarə, özü bilsin.

 

Mən dedim, naleyi-fəryad nəyə lazım?

Onsuz gəlib hazırca qərarə, özü bilsin.

 

İbrahim! O yar ki səni əğyara dəyişdi,

Dinmə, daha ölsəndə dübarə, özü bilsin.

 

                       Bəlkə

 

Bilməm, sevmək halımı bərbad eləyə bəlkə,

Bərbad olan qəlbimi abad eləyə bəlkə.

 

Ümidlə dərdimi hər bir insana danışdım,

Dedim yarı görüb, kimsə irad eləyə bəlkə.

 

Ölsəm, gülü qoyma sinəm üstə, para qoy sən,

Para xatir, kimsə məni yad eləyə bəlkə.

 

Mənlə rəftarını arada əğyarlada et,

Acı dilindən ta o da dad eləyə bəlkə.

 

İbrahim, bunu vəfasızlara onçün yazdın,

Bir salam yazıb, könlünü şad eləyə bəlkə.

 

                        Səssiz Səbr

 

Bugün şeir yazdım, gözlədiyimi bilməsən də,

Nə qədər qal dedim, mən sevgimi sən görməsən də.

 

Eşq yolu çətin yoldur, tikanlara dözən lazım,

Dözdü  mənim canım, sən birinə dözməsən də.

 

Eyni zaman cövri-cəfa, qəmi-kədər çəkdi başım,

De, daha nələr çəksin? Sən cəfadan bezməsən də.

 

İbrahim, sil onu sən bu böyük yaddaşından,

Nolar ki sən onu həyatından silməsən də.

 

Görünməz Dəyər

 

Dostunun dadına yetiş, bu hiss özündən gəlsin

O da sənin dar günündə bircə sözündən gəlsin

 

Seçəndə elə yar seç, sənin ay başına dönüm

Yarı yolda buraxmasın, daim izindən gəlsin

 

 Bugün üzünə gülüb, sabah quyu qazanların

Yıxılsın öz quyusuna, irin dizindən gəlsin

 

İbrahim, heç vaxt sənin qədrini bilməyənlərə

Əziyyətin olsun haram, sonra gözündən gəlsin

 

 ADPU-nun Şəki filialının Filologiya fakültəsinin “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” ixtisasının 4-cü kurs tələbəsi.