Gülnarə Allahverdiyeva. ADPU-nun nəzdində Azərbaycan  Dövlət Pedaqoji kollecinin müəllimi: - KİŞİ QEYRƏTİ İLƏ SİLAHLANMIŞ ORDUMUZ..

YAZARLAR 13:40 / 03.10.2023 Baxış sayı: 2473

Azərbaycan Xalq Cümhuriyyəti Şərqdə ilk demokratik respublika kimi dövlətçilik tariximizdə öz milli dəyərlərini qazanandan sonra Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarıyla 1918-ci il iyunun 26-Əlahiddə Azərbaycan Korpusunu yaratmışdı. Bu qərar həm də Şərqin ilk demokratik hökumətinin öz ordusunu yaratması üçün bir hüquqi əsas idi. Respublikamızın özünü müdafiəsi üçün nizami ordu və silahlı qüvvələrə ehtiyacı var idi. Şəxsi heyəti 1919-cu ilin sonlarında 25 min nəfər olan Azərbaycan Ordusunun 1920-ci ildə 40 min nəfərə çatdırılması planlaşdırılırdı...

Lakin Sovetlər imperiyası ölkəmizi işğal edərək hərbi nazirliyi ləğv etdi, buna görə də ordu quruculuğunu başa çatdırmaq mümkün olmadı. Ölkəmiz yenidən dövlət müstəqilliyi əldə etdikdən sonra 1991-ci il oktyabrın 9-da Milli Ordunun yaradılması haqqında Azərbaycan Respublikasının Ali Soveti qanun qəbul etdi. Ulu öndər Heydər Əliyevin 22 may 1998-ci il tarixli Fərmanına əsasən, Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün - 26 İyun Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü elan edildi və bu tarixin hər il rəsmi dövlət bayramı kimi qeyd edilməsinə başlandı.

Ümummilli liderimiz Heydər Əliyevin ciddi səyləri və rəhbərliyi nəticəsində ordu quruculuğu ölkəmizdə mütəşəkkil, qüdrətli ordu yaratmağa imkan verdi, onun gələcəkdə daha da möhkəmlənməsi üçün güclü zəmin hazırladı. Öz müstəqilliyini qazanmış ölkəmiz hərbi sahədə ciddi böhran yaşayırdı. Nizami ordumuz yox idi, Qarabağ uğrunda gedən savaşlarda vəziyyət nəzarətdən çıxmışdı. Ordunun maddi-texniki təminatında çoxlu problemlər vardı. Get-gedə müharibədəki uğursuz məğlubiyyətlərin qarşısını almaq üçün ölkənin bütün imkanları milli ordu quruculuğuna səfərbər edildi. Hərbi siyasət müəyyənləşdirildi, ordu dövlət qayğısı ilə əhatə olundu,xalqın. dövlətin müdafiə qabiliyyəti artırıldı.

Azərbaycan Respublikasının Prezidenti və Ali Baş Komandan İlham Əliyev Ulu Öndərin tutduğu siyasi xətti uğurla davam etdirməyə başladı. Məhz İlham Əliyevin rəhbərliyi altında ordu quruculuğu sahəsində mühüm yeniliklərə imza atıldı, siyasi və iqtisadi baxımdan davamlı inkişafımız qısa vaxtda Azərbaycan Ordusu Cənubi Qafqazın ən güclü ordusuna çevirdi, hərbi potensialımız birə-on artdı. Ən müasir silah-sursat, texnika, avadanlıqla təmin olunan ordumuzun qarşısında müqəddəs bir vəzifə durdu: 30 illik işğala son qoymaq, qəsbkar düşmənə həddini tanıtmaq, doğma yurd-yuvaları-ocaqları düşmən tapdağından azad etmək!!! Günü-gündən döyüş qabiliyyətini artıran Azərbaycan Ordusunun gücünü düşmənlər 2016-cı ilin aprel ayında gördü.

Düşmən ordusunun təxribatlarına cavab olaraq, Azərbaycan Ordusu sürətli əks-hücum əməliyyatı ilə düşməni ağır məğlubiyyətə uğradaraq, Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altındakı ərazilərinin minlərlə hektar hissəsini azad etdi. Həmçinin minlərlə hektar ərazi Azərbaycan Ordusunun tam nəzarətinə keçdi. Azərbaycan Ordusu dördgünlük Aprel döyüşləri ilə xalqımıza ilk qələbə sevincini yaşatdı. Ermənistan silahlı qüvvələrinin 2020-ci il sentyabrın 27-də törətdiyi növbəti hərbi təxribata cavab olaraq, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin başladığı əks-hücum əməliyyatları nəticəsində Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı rayonları, Şuşa şəhəri, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 30-dan artıq kəndi, eləcə də Tərtər və Xocalı rayonlarının bir sıra kəndləri – bütövlükdə, 300-dən çox yaşayış məntəqəsi işğaldan azad edildi. 44 günlük müharibə Azərbaycanın tam Qələbəsi və Ermənistanın kapitulyasiyası ilə nəticələndi. Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu. Şuşanı bir neçə gün ərzində az itki ilə azad etməsi xalqımıza böyük qürur hissi yaşatdı.Vaxtilə Azərbaycanın xalq şairi Qabilin yazdığı bu şeir ordumuzun rəşadəti ilə səsləşdi: Uzanır danışıqlar, imzalanır sənədlər. Xəritədə aləmə göstərilir sərhədlər….

Səsimizə səs verir dünya başbilənləri;

Ümid sənədir ancaq, Azərbaycan əsgəri!

İşğal altında qalır torpağımız-daşımız,

Nələr görmür gözümüz, nələr çəkmir başımız.

Qarışıb bir-birinə baharımız-qışımız.

Çadır göstərmək olub hər çatana peşəmiz…

Sərgi olmasın deyə bu Mil-Muğan düzləri

Ümid sənədir ancaq, Azərbaycan əsgəri!

Vətən müharibəsi Azərbaycanın tarixi Zəfəri ilə başa çatdı. Ölkənin ərazi bütövlüyü bərpa edildi. Bu tarixi qələbə, ilk növbədə, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin azad iradəsi və rəşadətli Azərbaycan Ordusunun döyüş meydanında sərgilədiyi şücaəti ilə qazanıldı. Azərbaycan xalqı öz əzmini, birliyini, gücünü sübut etdi. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu 30 illik həsrətə son qoydu. Biz öz əzəli torpaqlarımıza alnıaçıq, üzüağ, zəfər bayrağı ilə qayıtdıq.

2018-ci ildə Azərbaycan Ordusunun 100 illiyinə həsr olunmuş hərbi paradda Prezident İlham Əliyev xalqa müraciət edərək bildirmişdi: “Gün gələcək və bu gün işğal altındakı torpaqlar azad olunandan sonra orada qaldırılacaq Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və hərbi paradda göstəriləcək”. Zəfər paradında biz dövlətimizin başçısının xalqa verdiyi bu sözə əməl etdiyini gördük. orpaq həsrətinə son qoyan zəfər bizi Azərbaycan Respublikasının işğal altındakı bütün əraziləri üzərində suverenliyinin bərqərar olunduğu böyük günə çatdırdı

. Tarixi yaşayış məskənlərimiz azad edildi. Artıq müstəqil Azərbaycan Respublikasının güclü ordusu, məğrur xalqı və bütün dünyada böyük nüfuzu var. Bu uğurların qazanılmasında Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun misilsiz xidmətləri danılmazdır. İndi hər bir Azərbaycan vətəndaşı onu xarici və digər təhlükələrdən layiqincə hifz edəcək ordunun olmasına tam arxayındır.

103 yaşlı Azərbaycan Ordusu dövlətin dayağı, xalqın güvənc yeri və qürur mənbəyidir. Son günlər Qarabağda keçirilən lokal antiterror əməliyyatı ordumuzun çevikliryini, rəşadətini və cəsurluğunu dünyaya bir daha sübut etdi.Dağlıq Qarabağ ərazisi düşməndən-separatçı ünsürlərdən tamamilə təmizləndi, qondarma rejim ləğv olundu.. İndi Azərbaycan torpaqları asudə nəfəs alır.Onun səmasından qara buludlar çəkilmişdir.Bu zəfəri bizə yaşadan Ali Baş Komandan İlham Əliyevə və Qüdrətli Ordumuza daima minnətdarıq. Torpağımızın azadlığı ,bütövlüyü uğrunda şəhid olan oğullarımızın ruhu şad olsun.

Gülnarə Allahverdiyeva. ADPU-nun nəzdində Dövlət Pedaqoji kollecinin müəllimi.