Fərhad Tapdıqoğlu : - Təsadüfi görüş.

(hekayə)
Mürşüd müəllimin çalışdığı müəssisə məişət soyuducuları üçün motor- kompressor istehsal edirdi.O iki yüz əlli nəfərin çalışdığı ,kompressorlar üçün stator və tökmə rotor hazırlayan sexin rəisi idi.
Növbəti iş günü həmişəki kimi müəssisəyə erkən gələn rəis sexin mühəndis- texnik işçiləri ,növbə briqadirləri ilə " pitiminutka"( beş dəqiqəlik operativ iclas ) keçirdi.
Səhər saat 7- də birinci növbə işə başlayırdı.26 əməliyyatdan keçən stator hazırlanması konveyer üsulu ilə gedirdi.Texniki nəzarət şöbəsinin işçiləri təkcə hazır məhsulları yoxlamır,həm də ayrı - ayrı əməliyyatlarda məhsulun keyfiyyətinə nəzarət edirdilər.
Mürşüd müəllimin rəhbərlik etdiyi kollektiv dəfələrlə zavod üzrə sosializm yarışının qalibi olmuşdu.Sex rəisinin yüksək təşkilatçılığı,idarəetməsi uğur qazanmaqda başlıca rol oynayırdı.
SSRİ dağılandan sonra ,keçmiş müttəfiq respublikalar arasında iqtisadi əlaqələr pozulduğundan mal- material,ehtiyat hissələri ilə təminat getdikcə zəifləyirdi.
Əvvəllər heç kimin fikir vermədiyi mis məftillər ,alüminium metallar nə qədər nəzarətdə saxlanılsa da, oğurluq halları barəsində məlumat gəzirdi.
Mürşüd müəllim hələki,oğurluq edənlərin kimliyini bilməsə də,elələrini tapıb üzə çıxarmaq üçün çox çalışırdı.Hətta zavodda növbətçilik edən dispetçer heyəti də bu işdə ona kömək edəcəklərinə söz vermişdilər.
Axşam saat 8- də istehsalat üzrə direktor müavininin apardığı sellektor müşavirəsində sexdə gündəlik planın gedişatı barəsində məlumat
verdikdən sonra Mürşüd müəllim sexin növbə rəisi Kərəmə tapşırığını deyib ,evinə yollandı.Rəisin əsas tapşırıqlarından biri oğurluq hallarına yol verilməməsi idi.
Gecə saat bir radələrində zavodun dispetçerinin zəngi Mürşüd müəllimi yuxudan oyatdı:
-- Mürşüd müəllim,gecəniz xeyir.Növbətçi avtobus arxanızca gəlir.Xahiş edirəm təcili zavodun giriş qapısına gələsiniz. Sizin növbə rəisiniz Kərəm ,bir neçə kiloqram mis məftil və alüminium külçələrini zavodun hasarının qaranlıq hissələrinin birindən aparmaq istərkən tutmuşam.
Mürşüd müəllim :
--Necə? Kərəm oğurluq edib?-- əsəbindən dodaqları titrədi.
Zavoda gələn Mürşüd müəllim ,inanmaq istəməsə də,fakt göz qabağında idi.Kərəm şəhərdə məsul vəzifədə çalışanların birinin qohumu idi.
Mürşüd müəllim Kərəmə işdən çıxmaq üçün ərizə yazdırdı.Oğurlanan materiallar sexə qaytarıldı.
Zavod direktoru işə gələndə rəis ona vəziyyəti izah elədi," filankəsin" qohumu olduğunu xatırladıb,Kərəmin işdən azad olma ərizəsinə dərkənar qoydurdu.Direktor kadrlar şöbəsinin rəisinin telefonunun düyməsini basaraq ,ondan gəlib ,ərizəni götürüb,sənədləşdirməyi tapşırdı.
Kərəm zavodla haqq- hesabını üzüb,əmək kitabçasını alandan sonra Mürşüd müəllimin yanına gəldi:
-- Rəis ,məni zavoddan çıxartdırdın. Yaxşı eləmədin.Sağlıq olsa haçansa Sizinlə görüşərik.Özün bilirsən ki,mən kimin adamıyam.Onsuz da mən işsiz qalmayacam.
Mürşüd müəllim ona heç nə demədi.
....Bir il çəkmədi ki,sexin işi tamam dayandı.Amma zavodda müəyyən sahələrdə xırda sifarişlər yerinə yetirilirdi.
Mürşüd müəllim ,xırda alverlə məşğul olub,ailəsinə çörək pulu qazanırdı.Həyat yoldaşı isə Mürşüd müəllimin etiraz etməsinə baxmayaraq, qonşu qadınlarla birlikdə Bakıya maye xlor aparıb,həyət- həyət gəzdirib satırdı..
Bir müddətdən sonra Mürşüd müəllimin oğlu Vasif orta məktəbi bitirib,atası ilə bir yerdə xırda alverlə məşğul olmağa başladı.Pul toplayıb ,bir mobil telefon aldı,lazımı adamların "haqqını" verib,danışığı "bir məmmədə"( o illərki min manata) telefonla zəng edənlərə verdi.Qazancı pis deyildi.Bacısı da gəlin köçdü.Vasifin özü də ailə qurdu. Artıq insanların çoxunun mobil telefonları vardı.Ona görə də Vasif o işi atıb,özünə kreditlə bir minik avtomobili aldl,taksi kimi işlətməyə başladı.İndi də elə taksi xidməti göstərir.Mürşüd müəllimün keçmiş işçilərindən biri ,onu öz kiçik sexində tornaçı kimi işlətdi. Amma Mürşüd müəllim haqsızlıqla barışmayıb oradan da çıxdı.
İndi o da,həyat yoldaşı da pensiyadadırlar,az miqdarda pensiya alırlar. Oğlanları Vasifin ailəsi ilə birlikdə Bakıda yaşayırlar.
Bu il Mürşüd müəllimin nəvəsi Elmir Azərbaycan Texniki Universitetinin " maşınqayırma və robototexnika " fakültəsini bitirib.İş üçün sənədlərini təqdim edib.
Bir gün Elmir babası Mürşüd müəllimə dedi:
-- Baba ,deyirdin ki,vaxtilə sən Sumqayıtda müəssisələrin birində işləmisən.Bəlkə o müəssisəyə gedək ,baxaq?
Mürşüd müəllim:
-- Mənim əziz nəvəm ,o zavod yəqin ki,artıq işləmir.Düzdür ,tam məlumatlı deyiləm.Amma elə düşünürəm.Gedək deyirsən,gedək- dedi.
Elmir atasının maşınına babasını əyləşdirib,o zavoda yola düşdü.
Babası gendən xarabalığa oxşayan bir müəssisənin yanında nəvəsinə ;" maşını saxla "- dedi.
İlahi,bu nə idi?! Bura Qarabağın işğaldan azad olunmuş torpaqlarındakı mənzərəni xatırladırdı.Sökülüb ,dağılmış zavod idarəsi....Zavodun əsas istehsal sahəsində deyil ,çöl tərəfində yerləşən böyük qarajının yeri əsil xarabalıq idi.Bir santimetrlik dəmir parçası belə tapmaq mümkün deyildi ..
Mürşüd müəllim istədi zavodun artıq "olmayan" darvazasından içəri keçsin .Qarşısını iki nəfər kəsdi:
-- Olmaz- dedilər.
Mürşüd müəllim izah etməyə çalışdı ki,o burada uzun illər işləyib,sadəcə sexlərə baxmaq istəyir.
O iki nəfər şaqqanaq çəkdi:
-- Əşşi,nə sex, filan?Heç nə yoxdur...
Bu zaman bir nəfər onlara yaxınlaşdı.
--Kərəm müəllim,bu vətəndaş işlədiyi sexə baxmaq istəyir- iki nəfərdən biri deyərək ,güldü.
Kərəm müəllim Mürşüd müəllimə baxmadan yüksək səs tonu ilə:
---Bura bizimdir ,almışıq..Olmaz!! Əslində bura indi bomboş sahədir - dedi.
Mürşüd müəllimi soyuq tər basdı.Kərəm müəllimi tanıdı. Bu oğurluq etdiyinə görə ,ərizəsini alıb ,işdən çıxartdlrdığı Kərəm idi.
Mürşüd müəllim bir kəlmə belə demədən nəvəsinin qolundan tutub ,
oradan uzaqlaşdı,maşınlarının yanına getdi.
Bir dəfə,bəlkə də sonuncu dəfə həyatının ən gözəl illərini qoyaraq vicdanla çalışdığı ,indi isə Kərəm kimilərin talan edib,xarabalığa çevirdikləri zavodun ərazisinə baxdı....