Əlizadə NURİ  : - Mən qırıq simlərin təranəsiyəm...

Ədəbiyyat 16:05 / 03.02.2025 Baxış sayı: 1394

Güllə olmasam da, güllə səsiyəm,

Bir solnuş bağçada gül həvəsiyəm...

Qırılmış simlərin təranəsiyəm-

Dinləyə bilənə mükafat düşür.

 

Bu axan suyun da öz ahəngi var...

İndi at da yoxdu, boş üzəngi var.

Hamının yanında əcəl zəngi var-

Hamının payına bir saat düşüb.

 

Günə girmədim ki görünüm deyə,

Sürmədim bu ömrü sürünüm deyə.

...Ayın işığına bürünüb deyə-

İlahi, o daxma nə abad düşüb?!