Əbülfət Mədətoğlu : - " Mən özümü  heç vaxtı"

Ədəbiyyat 08:05 / 25.12.2023 Baxış sayı: 4465

 

Mən özümü heç vaxtı-

vaxt ağzına atmadım...

Yaşamaqçün bu baxtı -

xətir üstə yatmadım!..

 

Gecəmi göz ələdi,

göz gözə göz elədi!

Sevgim bir gözələdi -

ha yüyürdüm çatmadım...

 

Qəm olsa da yaşıdım,

ürəyimdə daşıdım!..

Göz yaşımdan yaş idim -

boğulsam da, batmadım...

 

Üstümə gün ac gələ -

acam eşqdən, ac, hələ!..

Ürəyimi aç, bələ -

o , sənindi, satmadım!..

 

Üzü nurlu duamın

bitirmədim davamın!

Yel oynayan yuvamın -

odun külə qatmadım!..

 

çınqı hənrim, qor tağım...

gəl ay hicran ortağım!

Bir yerdəndi torpağım -

bir də qaldım - artmadım...