BAHAR BƏRDƏLİ Filologiya üzrə fəlsəfə doktoru, dosent : - 80-cilər MÜSTƏQİLLİK İLLƏRİNDƏ AVDI QOŞQAR POEZİYASI

Müstəqillik dövrü Azərbaycan ədəbiyyatının yaranıb formalaşmasında bütün ədəbi nəsillərlə bərabər XX əsrin 80-ci illərində ədəbiyyata gələn - 80-cilərin də xüsusi rolu, xidmətləri olmuşdur. Sovet dönəmində bu ədəbi nəsil 40-50-cin illər ədəbi nəslinin, 60-cıların və 70-cilərin bir növ kölgəsində qalmışdı. Lakin Müstəqillik illərində bu ədəbi nəsil də öz mövqeyini ortaya qoyub, xarekterini göstərdi və poetik sözünü dedi. İstər Müstəqillik uğrunda gedən mübarizəyə münasibətdə, istərsə də Qarabağ müharibəsi dönəmində 80-cilərin səsi, sözü aydın eşidilməkdə idi.
Bu 80-ci illər ədəbi nəslin nümayəndələrindən biri də Avdı Qoşqardır. Düzdür, o, ilk yaradıcılığına hələ tələbəlik illərindən, yəni 70-ci illərin ikinci yarısından başlamışdır. Lakin bir şair kimi püxtələşməsi 80-ci illərə təsadüf edir. Onun “Yağaram dünyaya qarla, yağışla” adlı ilk şeirlər kitabı da 1989-cu ildə çap olunub. Müəllifin son dönəmlər çap olunan kitablarını araşdırarkən məlum oldu ki, onun yaradıcılığında başlıca yeri şeirlər və publisist mətinlər tutur. Yəqin ki, Avdı Qoşqarın bədii publisistikası onun jurnalist peşəsindən qaynaqlanır. Müxtəlif mövzulu şeirləri isə şairin yaradıcılığının ana xəttini təşkil edir.
Avdı Qoşqarın özünəməxsus poetik dünyası var. O, ovqat şairidir. Hansı ovqata köklənirsə şeirlərini də o səpkidə qələmə alır. Şairin şeir dünyasında Vətənin xüsusi yeri, çəkisi var. Odur ki, bu Vətənin Qarabağ adlı bir dərdi və bu dərdin təsviri öndədir. Şairin şeirlərini mövzular üzrə qurublaşdırarkən birinci yerdə onun Vətən şeirlərinin təhlili ilə başlamaq istədim. Şairin “Oğuz babam, oğuz yurdum”, “Azərbaycan əsgəri”, “Vətən”, “Biri Kəlbəcərdi, biri Göyçədi”, “Borçalıya səfər etdik, Əlabbas…”, “Talanan, qalanan o yurd mənimdir”, “Göyəzən dağına üz tutub”, “Şairlər bir xalqın qeyrət daşları…” kimi şeirləri bu mənada diqqəti çox çəkir.
“Talanan, qalanan o yurd mənimdir” adlı şeirində şair Birinci Qarabağ müharibəsində işğal edilən Vətən torpağında düşmənin məhv etdiyi evlərdən, insanlardan, körpələrdən bəhs edir:
Talanan, qalanan o yurd mənimdir,
Mənimdir gecəsi dara çəkilən,
…Harayı dünyaya göz dağı olan –
Körpə qışqırtısı, gəlin naləsi,
Sünbülü dən tutmaz tarla mənimdir…
Evi yandırılan, torpağı sovrulan, sakinləri qaçqına, köçkünə çevrilən bu yurd şairin dərd ağacına çevrilir. Yaradandan ilahi ədalət gözləyir. Lakin, “Allah da götürür bu qan-qadanı,// evi talananı, yurdu viranı…// qapısı bağlını, üzü dağlını…”
Şair başqa bir şeirində ululara, ulu dağlara, Göyəzənə üz tutur:
Ulu dədəm, hara saldın yönümü,
Boğur sellər harayımı, ünümü,
Qara əllər qaralayır günümü…
Nədən bilir qara ocaq daşıyam?
Avdı Qoşqarın poeziyası dərdin içindən boy verir. Dərd isə həyatda yetərincədir. Şair gələn bütün dərd-bəlaları özünüküləşdirib təsvir edir. İstər bu dərd Vətənin olsun, ya yurdaşlarının, fərq etməz. Hər kəsin dərdi həm də bir Şair – vətəndaş olaraq onun dərdidir. Çünki “Şairlər bu yurdun qeyrət daşları”dır. Avdı Qoşqara görə “Vətənə qeyrətli daş da gərəkdir,// Qor ala Sabirin qeyrət dağından…” Çünki bu daşlar yerinə oturmasa dünyanın mizan tərəzisi pozulacaq:
Şairlər bu yurdun qeyrət daşları,
Nəsimi Hələbdə çəkilib dara…
Stollar gəmirir əqidələri…
Şairlik harada, stollar hara?!
Bəzən vəzifə başında oturanlar haqqı, ədaləti unudur. Tərəzinin gözünü ədalətsizliyə əyənlərin hesabına şairlər dara çəkilir.
Ərlik, mərdanəlik –bu köhnə avaz,
İstəklər, tələblər qurğuşun dəlir…
Qabart qasırğanı, qabart Xan Araz!
Özümü tufana atmağım gəlir!
Xalqın, yurdun xilası üçün tufanlara sinə gərən şairlərimiz çoxdur. Qılıncla, top-mərmi ilə yanaşı söz də , şair də döyüşüb, vuruşub. Şairin lirik qəhrəmanı düşünür ki: “Dərd onunku, çəkəni mən,// Cütcüsü mən, əkəni mən…”- deyir.
Filalogiya elmləri doktoru Vaqif Yusifli Avdı Qoşqarın poeziyasından bəhs edərkən yazır: “Şairlər həmişə, bəlkə bütün ömürləri boyu Dərdlə həmdəm olurlar… Təbii ki, Dərd deyəndə, sızıltı, ağlamaq, hönkürmək yada düşməməlidir. Dərd insana ona görə verilir ki, o, həyatın, gözəlliyin qədrini bilsin. Avdı Qoşqar da bu dərdlər içindədir və onun şeirlərində də bu dərdlər sıralanır… Amma daxilən nikbin olan şair üçün bu dərdlər dərmansız yaşamaq gözəlliyi ilə mənalanır..” Daha sonra alim yazır ki: “ Bu dərdlərin timsalında bir şair qəlbinin çırpıntılarını, ürəyinin təlatümlərini eşidirik. Müasirimiz olan bir insanın həyatı, yaşamaq, Vətən, Torpaq, sevgi haqqında düşüncələri ilə tanış oluruq… sadəcə bir şair içinə yığılan dərdləri bizə açır, sanki yüngülləşir…”
Bu mənada Avdı Qoşqarın “ Çiçək açır qəm ağacı” adl şeiri həyatın təzadlı üzünü əks etdirir,-desək, yanılmarıq.
Çiçək açır qəm ağacı,
Budaqda zülüm yetişir…
Sellər gəlir sinəm üstə,
Dənizim, gölüm yetişir….
Duyğumu tərpədən simi,
Dartdım ağrılı yük kimi…
Küt ağrı ovur içimi,
Nədir, nə bilim…. Yetişir…
Avdı Qoşqarın şeirlərinə, doğurdan da, həyatın, dünyanın ən ağır yükü olan Dərd yüklənib. Onun şeirlərini Dərdsiz təsəvvür etmək qeyri mümkündür. Sanki hər ağrı-acını o yaşamalı və sonra da beləcə poetik dünyasına daşımalı, gətirməlidir. “Səsziz güllələrlə ölür oğullar” şeiri də şairin növbəti Dərdidir.
Akademik Nizami Cəfərov yazır: “Doğrudur, Avdı Qoşqarın şeirlərində “xalq”, “millət” sözlərinə, demək olar ki, təsadüf olunmur, ancaq onun poetik dilində “insan”, elə xalq, millət deməkdir. Və insanın dərdi tam miqyası ilə xalqın, millətin dərdidir”. (Bu çay yatağa sığ. S.6) Daha sonra akademik göstərir ki, “Avdı şeirlərində “xalq”, “millət”, “vətən” sözlərini bundan sonra da işlətdi, işlətmədi, fərqi yoxdur, onun poeziyasının bütün ruhunda , canında; poetik dilinin, üslubunun ədasında Vətən var, Millət var, Xalq var…”
“Dərd bilməmək…” şeirində şair bir daha dərddən danışır, onu anlamayanları qınayır:
Dərd bilməmək – naşılığın ən pisidir,
Ən hündür səs - əzilənin haqq səsidir,
Ən çətini – insanın son nəfəsidir…
Ən asan şey nədi – onu biləmmədim…
Ən böyük dərd isə Vətənin bu başından o başına gedə bilməməkdir. Öz soydaşlarına, qan qardaşlarına yetə bilməməkdir, səsinə, harayına çata bilməməkdir: “Ən çətin yol – Savalandan Əyriqara,// Yol uzanır cırıq-cırıq, para-para…// Yolçusu yox, boz yolların günü qara…// İtən izlə yolu tutub gələmmədim…”
Parçalanmış Vətənin harayını hər bir şair qəlbən, ruhən eşidir. O səsi, harayı misralara yükləyir və hər kəsə çatdırmağa çalışır. O cümlədən, Avdı Qoşqarın poeziyasında Vətənin dərd yükü də ağırçəkilidir. Şair, tədqiqatçı Əli Rza Xələfli yazır: “Avdı Qoşqar özü ruhən nə qədər azaddırsa yurdunu, Vətənini, millətini də o qədər azad görmək istəyir… ruhunun azadlığınca millətinin azadlığını görmək onun baş istəyidir…”
Avdı Qoşqarın şeirlərində əsas mövzulardan biri də Yaradana, Anaya, Ailəyə olan böyük sevgi, məhəbbətdir və onların təbii, real obrazıdır. “Qaldır öz yanına, Tanrım”, “İlahi, idrak ver…”, “Anama məktub”, “Anama”, “Ana, gözümün qarası”, “Anamın ölümünə” və s. şeirlərində şair ilahi işığın, eşqin fonunda bədii təxəyyülün, təvəkkürün gücü ilə həyatda gördüklərini, duyduqlarını poetik təsvir, tərənnüm edir.
İlahi, insaf ver yurddaşlarıma –
İdrak ver – özünü, kökünü bilsin…
… Yandır beyinlərdə alov selini,
İdrak ver, zülmətin qarası sönsün –
Sahiblik eləsin yurda yurddaşlar….
Şeir XX əsrin sonuna doğru hiyləkər düşmənin bu Vətəni, Torpağı, İnsanları parçalayıb məhv etdiyi günlərdə yazılıb. Birliyin, həmrəyliyin tələb olunduğu 90-cı illərdə təssüf ki, bu mümkün olmadı. Düşmən təkcə torpaqları deyil, xalqı da parçalayıb üz-üzə qoymuşdu. Lakin, otuz il sonra bu birlik, həmrəylik yarandı və o düşmən də əkdiklərini biçdi, ilahi ədalət qalib gəldi. Parçalanmış Vətən bütünləşdi, bütövləşdi.
Ana obrazı da Avdının şeirlərində xüsusilə seçilir, fərqlənir. Şairin üz tutduğu Tanrı dərgahı ilə yanaşı bir Ana dərgahı da var. “Ana, gözümün qarası,// Gözümə qara çəkilir…// Bu dünya dar ağacıdır,// Günlərim dara çəkilir…” - deyə şair onu sıxan dərdini, ağrı-acısını anası ilə bölüşür. “Anama” şeirində isə şair üz tutduğu anasına dərd yükünün ağırlığından, şoxluğundan danışır.
Gəlmişdim dünyanın dərdini çəkəm,
Çəkməyə o qədər dərd tapıldı ki…
… Sırayla töküldü üstümə dərdlər –
Qılınclı-qalxanlı qor-qoşun kimi…
“Avdının ana şeirləri ona görə bənzərsiz, mükəmməl və təsirlidir ki, burada öz- özlüyündə nə qədər böyük ədəbi-ictimai dəyəri olsa da, ümumiyyətlə yox, ğzünəməxsuz bir Ana obrazı var. Yəni bu mənim, sənin, onun deyil, məhz Avdının Anasıdır”. Ana obrazı Avdının yaradıcılığında da xüsusi yer tutur. Oğlunun bütün ağır dərdlərini dinləyən Müqəddəs Ana obrazı şairin poeziyasından qırmızı xətt kimi keçir.
Şairin lirik qəhrəmanı Tanrı, Ana ilə bərabər Ailəni də, bir gözəli də sevir. Bu sevgilər müqəddəsdir, əbədidir. Poeziyanın da, hər bir Aşiqin də əbədi, əzəli mövzusudur. “Avdının yalnız poeziyasında yox, ümumən təfəkküründə, düşüncəsində, həyat tərzində bir ailə-əxlaq filosofluğu var… həmin mövqe üzdə deyil, çox-çox dərin etnoqrafik qatlardan – dədə-babalardan gəlir… Avdının poetik təfəkkürü fəlsəfi olduğu qədər də fəlsəfi təfəkkürü əxlaqlı, dədə- babalıdır…”
Şairin təbiət şeirləri də yetərincədir. İstər Vətənin təbiəti, istərsə də qardaş ölkələrin təbiəti Avdı Qoşqarın şeirlərində geniş əks olunur. Onun sırf təbiət şeirləri çox azdı. Təbiət kimi tərənnüm etdiyi şeirlərdə yenə şairin dərdi sıralanır. “Qərib bir yaz gecəsi”, “Yaş tökülür”, “Boz səhrəda bitən ağac”, “Bir tonqal yanırdı bu boz səhrada”, “Qapını qar kəsdi, sifəti ayaz” kimi təbiət şeirlərinin hər biri şairin düşüncələridi. Burada təbiətlə cəmiyyətin ağrı-acıları çuğlaşmış, qarışmış halda təsvir olunur. “Boz səhrada bitən ağac”da olduğu kimi:
Yel budayır, budaqların
Ölgün-ölgün silkələnir…
Yum gözünü, qum ələnir…
Boz səhrada bitən ağac…
Bu küləkdir, bu ayazdır,
Zaman biçən bir dəryazdır…
Yandıran çox, yanan azdır…
Boz səhrada bitən ağac….
Göründüyü kimi, şeirdə söhbət bəxtinə boz səhra düşən, yaşıl təbiətin bir parçası olan, kökü dərinlərə işləsə də, budaqları səhranın isti küləklərindən, qumundan param-parça olan bir ağacdan gedir. Ağac səhranın susuzluğuna, hər ağırlığına, yanğısına dözüb yaşayır. Əgər buna yaşamaq demək olarsa. Və bu bənzəyiş əzabkeş, qayğıkeş, cəfakeş, hər zülmə dözən, cəmiyyətin bəzən ədalətsizliyinə rəğmən hər şeylə barışıb yaşayan insanları yada salır. Demək, Avdının təbiət şeirləri də cəmiyyətin ağrılarından yoğrulub, bişib. Bu cəmiyyətin, təbiətin içində şairin lirik qəhrəmanı da alın yazısı ilə barışıb yaşayır:
Nədir yüklənən çiynimə,
Nəyi almayım eynimə?..
… Min ildir ruhum talanır,
Üstünə qətran calanır…
Tədqiqatçı Rüstəm Kamalın Avdı Qoşqarın şeirləri haqqında maraqlı fikirləri var: “Dərdini yalnız şeirlə, özü də virtual ünvanlara, ruhlara çatdırır… Dərdin miqyasını təbiət hadisəsi kimi, sel-tufan kimi təsəvvür edir: “Elə bil ağnayıb Mirov gəlirdi!”..- deyir. Yaxud: “Dərd axıb sellənib, dərd təndən böyük..” Daha sonra tədqiqatçı yazır: “Avdı Qoşqarın təcrübə obyekti öz ömrüdür… bütün şeirləri ömrünün dərkinə və dəyərləndirilməsinə həsr olunub… Ömür fəlsəfəsini mənalar qarşıdurması üstündə qurur: yer-göy, yuxarı-aşağı, yaz-payız, dogma-yad, sevinc-kədər, ömür-ölüm… Qarşıdurmaları şeirlərin sujet strukturunu təşkil edir…”
Avdı Qoşqar seçdiyi mövzuya, predmetə, hadisəyə hansı yöndən, hansı rakusdan yanaşır yanaşsın mütləq orda dərd axtarır və maraqlıdır ki, o dərdi tapır, sonra da təsvir edir. “Yüklə bu dərdləri çiynimə, Tanrım,// Yüklə…daşıyaram üzü qüruba…”-deyir. Çiynunə yüklənən dərd, içindən boy verən dərd ağacı şairin yazdığı şeirlərin mayasına hopub və onu daima dilləndirir: “Ovuda bilmirəm bircə ürəyi,// Ömür-gün böyründən sürüşüb gedir…// Baxışı buluddan, ürəyi göynən,// Duyğusu Tanrıynan görüşüb gedir…”
Beləliklə, Avdı Qoşqarın poetik dünyasını bir az izlədik. Heç də hamar, rahat olmayan bu dünyada şairin Yerlə Göy arasında, Tanrı ilə öz arasında, Ana-övlad arasında, keçmişlə bu gün arasında bir körpü rolu oynadığının şahidi olduq. Ululara, Yaradana, Dağlara, Anaya üzünü tutaraq öz dünyasından, gördüklərindən, dyduqlarından, yaşadıqlarından danışan şairin lirik qəhrəmanı öz lirik-fəlsəfi baxışlarını da ortaya qoyur. Həyat həqiqətlərinin axtarışı üçün ömrünü girov qoyan lirik qəhrəman onu tapmayanda Tanrı dərgahına, Ana qucağına sığınır. Çünki o həqiqətləri tapmağa bir insan ömrü də bəs eləməz.
Ömrünün müdrik yaşına qədəm qoyan şairin poeziyasında da müdrik obrazlar, düşüncələrdə yer almaqdadır. Bir zamanlar gördüklərinə çılğınlıqla yanaşan şairin lirik “Mən”i indi olanlara real, təbii hadisə kimi yanaşır. Lakin “Ərənlərin ovlandığı, bətnindən, tənindən neçə-neçə əbləhlərin boylandığı” bu dünya ilə heç vaxt ruhu barışmayıb və yəqin ki, bundan sonra da barışmayacaq. Bununla belə, şairin poeziyasından bir ümid, inam, işıq da süzülməkdədir. Ağ-qara zolaqlara bölünən dünyanın, gecəsi ilə gündüzünün bərabər olduğu kayınatın zülmət qaranlığı ilə yanaşı, onun nurlu səhəri, Günəşli yazı da var. Demək, Avdı Qoşqarın şeirləri həyatın, təbiətin, cəmiyyətin təbiiliyindən qaynaqlanıb, bişib, araya, ərsəyə gəlib və neçə-neçə oxucusunun da qəlbinə yol tapıb.
