Aytaç Zeynalova : - Kədərdən doğan sevinc ...

Aytaç Zeynalova
Bakı Qızlar Universitetinin
filologiya-tarix fakültəsinin II kurs tələbəsi
E-mail: aytaczeynalva@gmail.com.
2016-cı ildə tarixin faciəli günlərindən biri idi. Hamının təşviş və həyəcanla açdığı səhərlərin birində televizoru açdım. (Bilirsiz, biz insanlar cismən nə qədər böyüsək də, çoxumuz ruhən həmişə uşaq qalırıq.) Adətim üzrə yenə cizgi filmi axtarırdım, amma hər dəfə unudurdum ki, faciəvi günlərdə Azərbaycan telekanalları, yalnız azğınların bizə yaşatdığı ağrı-acı, əzab və iztirabları xatırladan filmlər və videoçarxlarla dolu olurdu. Hansı kanalda yayımlandığını tam olaraq xatırlamıram. Xatırladığım yalnız bir şey - Sədaqətin adının boş yerə Sədaqət olmamağı, Növrəstənin tuş gəldiyi bəlalardan necə üzüağ çıxmağı və xalqın ar-namusunun azğınlara yem edilməməyi idi.
Bəli, mən o gün "Qırmızı qar" filmini izləmişdim. Filmin ssenari müəllifinə qiyabi də olsa, ilk gizli rəğbətim hələ o vaxtdan oyanmışdı.
Ləyaqətli qadından və xalq namusundan söhbət gedəndə filmin hər səhnəsi gözlərimin önünə gəlirdi. İstər-istəməz, Növrəstə nəzərimdə "Əsl Azərbaycan qadını bax, belə olar" məntiqinə məni inandırırdı.
Onu da deyim ki, filmin ssenaristi ilə yollarımın bu cür kəsişəcəyini, ümumiyyətlə, kəsişəcəyini xəyal belə edə bilməzdim. Düzdür, onda uşaq idim, araşdırıb-axtarmaq hələ mənə tamam yad anlayışlar idi. Ancaq tale elə gətirdi ki, bir gün mən həmin ssenaristin özü ilə üz-üzə dayandım və bu xatirələrimi onun özü də canlı olaraq mənim dilimdən eşitdi.
Ağarəhim müəllimlə bağlı ikinci təəssüratım onun təsis etdiyi və əsl Azərbaycan xanımlarının yetişdiyi Bakı Qızlar Universitetində oldu. Yeni tədris ilinin ilk günləri idi. O, auditoriyaya daxil olaraq öz zəngin qəlbinin ən incə duyğularını bizlərlə bölüşməyə, universitetin amalını, əqidəsini bizlərə – birinci kurs tələbələrinə izah etməyə başladı.
Sanki o insan danışdıqca günlərlə çörəyə və suya ehtiyacı olan, ancaq ümidi üzülməyənlər tək hiss və duyğular burulğanına düşdüm.
Ağarəhim müəllimin sözləri belə bir duyğusal anlarımda mənim üçün bir ümid işığı idi. Bəlkə də, o gündən beynimin durğun sularında azadlıq dənizinin ilk fikir gəmiləri üzməyə başlamışdı. Bu hisslərimdə və düşüncələrimdə tam əminliklə deyə bilərəm ki, mən əsla yanılmamışdım.
Xatirələri böyük hörmət və qayğı ilə yaşamımın incə bir küncünə alaraq görkəmli yazıçımızın yaradıcılıq fəaliyyətindən bəhs etmək istəyirəm .
İti qələminin sehrini nəsr əsərləri ilə sınayan və həmin yolda şərəf və ləyaqətlə addımlayan Ağarəhim Nüsrət oğlu öz qələm təcrübəsi ilə çağdaş həmfikirləri arasında dərin düşüncəsinin, bənzərsiz xarakterinin, iti yaddaşının və dərin məntiqinin gücü ilə silinməz cığırlar açmışdır. Elmi yaradıcılıqla kifayətlənməyən professor Ağarəhim Rəhimov sanballı bədii əsərlərin altına da öz imzasını atmışdır. Professorun elmi fəaliyyətinin bir ədib kimi bədii yaradıcılığına əsaslı şəkildə təkan verməsi təbii ki, təsadüfi hal deyil. Dilin qanun və qaydalarına bələd olmaq, sözlərin istifadə olunacağı məqamları ustalıqla bilmək yazıçının dilçilik elminə olan marağını aydınca ortaya qoyur.
Yazıçının həyat yolu o qədər parlaq və işıqlıdır ki, onun illərlə sinə gərdiyi əzab-əziyyətləri görməzdən gəlmək və bir pedaqoji elmlər doktoru, təhsil qurucusu olan pedaqoq-alim kimi cəmiyyətin inkişafına, elmin tərəqqisinə verdiyi töhfələrin üzərindən sükutla keçilməsi əsla mümkün deyil.
Ağarəhim müəllim həyatı boyunca hər zaman xalqımızın maddi-mənəvi rifahını, tarixi soy-kökümüzün özlüyünü, gələcək nəsillərin inkişafını, cəmiyyətdə yol verilmiş səhvlərin aradan qaldırılması ideyasını məqsədləri sırasında ən önə çəkərək həmin məqsədlərə sahib çıxılması üçün düz əqidə, pak niyyətlə daim mübarizə aparmışdır. Onun yaradıcılığı o qədər rəngarəngdir ki, yazıçının hər bir əsəri oxucu mənəviyyatının dərinliyinə sirayət edir, istər mənəvi-əxlaqi, istər əqli-psixoloji keyfiyyətlərlə onu ovsunlayır. Bu yerdə yazarın: "Əxlaq düşüncədən asılıdır, mənəviyyat isə gendən gəlir" fikrini deyilişi, səslənməsi gözəl sözlər kimi qəbul etmək olmaz.
Mənəvi-əxlaqi keyfiyyətlərin aşılanması halları, insanın ailədə, cəmiyyətdə və həyatda rolu, daxili aləmin paklığa ucaldılması Rəhimov yaradıcılığında mövzu və ideya rəngarəngliyinə gətirib çıxarır. Müəllif “Əsgər anası” əsərində Mələk ana obrazı ilə cəmiyyətə çox mühüm bir mesaj ötürür. O, doğruluğun, haqq-ədalətin, mərhəmət və insaniyyətin qan bağının üstündə dayandığını vurğulayır, ananın əzəməti, vüqarı, cəsarəti, iradəsi, qeyrəti və dürüstlüyü barədə gəlinən nəticə tamamilə təqdirəlayiqdir.
Yazıçının “Əsgər anası”ndakı Mələk ana obrazı, Hüseyn Cavidin “Ana” dramındakı Səlma ana obrazı ilə yaxından səsləşir. Mələk gəlininin namusuna göz tikən öz oğlu Şəkəri qətlə yetirir, Səlma ana isə oğlunun qatili Muradı bağışlayır.
Hər iki ana övlad itkisinə can yandırsa da, mənəvi cəhətdən kamillik zirvəsinə ucalırlar. Biri binamus oğlunun alçaqlığı qarşısında gəlini Nərgizin qeyrətini çəkir, digəri isə ona pənah gətirmiş, Allahın qonağı olaraq qəbul etdiyi, əslində isə oğlu Qanpoladın qatili olan Muradı bağışlayır, yaxalanmasın deyə, evdən çıxarır.
Bundan əlavə qeyd etməliyəm ki, Ağarəhim Rəhimovun bədii yaradıcılığında qadın obrazı ən yüksək mərtəbədə yer alır. Tərəddüd etmədən demək olar ki, ədəbiyyatda qadın obrazını bu qədər ülviləşdirən, aliləşdirən, humanist yanaşan, onları əlçatmaz bir inci tək təsvir edən çox az qələm sahibi olar ki, belə bir zirvədə qərar tutmuş olsun.
XXI əsrdə yaşamağımıza baxmayaraq, qadının həyatımızdakı rolu kifayət qədər dəyərləndirilməyən bir cəmiyyətdə yazıçı qadının ailədəki fədakarlığını ustalıqla ön mövqeyə çıxarır. O, bir yazıçı kimi qadının qurucu, idarə edən, haqq-ədalətin, mərhəmət və sədaqətin, sülhün, sevgi və dürüstlüyün hamisi olacağına qəti inanır.
Həyata olduqca fərqli və daha geniş bir pəncərədən baxmağı bacaran müəllif sağlamlığın vacib şərtlərdən biri olduğunu vurğulayır, lakin fiziki sağlamlığa nisbətən əqli və mənəvi sağlamlığı daha üstün tutur. Düşünür ki, heç bir həyati problemi olmayan, lakin qəlbiqaralıq, paxıllıq, nadanlıq, namərdlik, alçaqlıq kimi mənfi xüsusiyyətlərin yükü altında inləmək və buna qatlaşmaq daha böyük həyati problemdir.
Görkəmli mütəfəkkirin fəlsəfi yanaşmaları, əsərlərində yeni rəng və çalarlara istiqamət vermişdir. Onun roman və hekayələrinin məzmununu, mövzu və ideyasını uzaqlarda axtarmağa ehtiyac yoxdur, müəllif mövzuları real həyatdan götürür və həlli vacib olan problemləri qələminin qüdrəti ilə cəmiyyətə ötürməyə çalışır. Bu problemlər demək olar ki, çox zaman insanın daxili aləmindən doğur. Buna görə də, Ağarəhim Rəhimovun əsərləri gendən gələn mənəviyyatın doğru istiqamətdə tərbiyələndirilməsinə xidmət edir. Onun əsərlərin dili olduqca aydın və axıcı olasa da, hadisələrin gedişatı oxucunu düşüncə yolçuluğuna çıxarır. Yazıçının bir-iki hekayəsi ilə tanış olduqda, oxucu artıq onun dünyagörüşünə, öngörülüyünə bələd olur. Bitkin kompozisiyası ilə orjinal keyfiyyətlər qazanan bədii nümunələr oxucunu öz cazibəsində saxlamağı bacarır.
Ağarəhim Rəhimov günümüzdə əsərləri ilə vətənpərvərlik hissini aşılayan, gənc nəslə düşüncə azadlığı verən azsaylı yazıçılar sırasındadır. “Qırmızı qar”, “Əsgər anası”, “Qasırğa” kimi əsərlər buna bir nümunə kimi göstərilə bilər.
Yazarın qələmi o qədər sadə və incədir ki, yalnız gənc nəsil və yaşlı üstünü deyil, həmçinin uşaqların inkişafını, təfəkkürünü və mənəvi aləmini rəngləyəcək əsərlərini, çoxlu sayda uşaq hekayələrini misal göstərmək olar.
Yaşantıların, məntiqin və təxəyyülün əsrarəngiz ahəngindən xarüqələr yaradan yazıçı bizə əsl mənəviyyatın zənginliyinə vara bilməyi, öhdəmizə düşən məsuliyyətə sahib çıxmağı və ədaləti təmin edib, haqqı hayqırmağı aşılayır.
Əziz və hörmətli Ağarəhim müəllim, sizin də dediyiniz kimi: “Biz sizin sabahınızıq, sabahı olmayan cəmiyyət ölməyə məhkumdur”.