Aysel  Xanlarqizi Səfərli  :  - MƏKTUB

YAZARLAR 10:50 / 15.06.2025 Baxış sayı: 1970

 

TANRIYA MƏKTUBLAR SİLSİLƏSİNDƏN

II. MƏKTUB

Salam…

Gecənin tükürpədici tənhalığındayam yenə. Ay bulud duvağına bürünüb azadlığın zirvəsindən ulduzlarla pıçıldaşır.Bu duyğuların təsiri altında həyatı və insanları düşünürəm. Nədəndir bilmirəm, amma nə vaxt göylərə baxsam ağlıma sən gəlirsən.Hələ dünyaya gəlməmiş ana bətnindəykən “yaz” demisən mənə, “yazmaq xilas edər…”demisən.Mən də sənin bəxş etdiyin fitri bacarıqla o gündən əlimdə qələm, yazıram…

İndi fikirlərimi sənlə bölüşmək elə hüzur verir ki,Tanrım…

Bu gecə həyatı və insanları düşünürəm. Əvvəllər insanları o qədər də dəqiq təhlil edə bilmirdim. Yaşananların qazandırdığı təcrübələr mənə çox şey öyrətdi…

Elə insanlar var ki, Tanrı kimidirlər! Az qala qabağında təzim edib baş əymək istəyirsən. Onlarla qarşılaşmağı Tanrının lütfu hesab edirsən. Belələri ilə eyni gəzəgəndə, planetdə olduğunu bilmək də hüzur verir. Bəlkə dünyanın hələ də öz oxu ətrafında fırlana bilməsi belə adamların bu dünyada var olmağının hörmətinədir. Onlar sənə həyatın iç üzünü, kişiliyi, qadınlığı, doğruluğu, dürüstlüğü, səxavəti, mərdliyi, hansısa bir yaxşılığa qarşı təmənnasızlığı, bir sözlə insan olmağı öyrədirlər. Gözündə Tanrılaşan insanlarla ünsiyyət səni xoşbəxt edir. Onları tanıdıqca bu dünyada yaşama həvəsin artsa da, öz ömrünü sorğu suala çəkirsən ki, bəs mən qırx ildir kimləri tanımışam, kimlərə dəyər vermişəm, kimlərlə ünsiyyətdə olmuşam, nələrlə qarşılaşmışam, kimləri adam yerinə qoymuşam. Bu suallara cavab axtaranda bir anlıq keçmişə qayıdırsan, vaxtilə yaxşı tanıya bilmədiyin adamları təhlil etməyə başlayırsan. Keçmişdəki hadisələrin qəhrəmanı olan insanları bu günki halıyla yaxalayanda onların üzündəki riya pərdəsinin necə də yırtıldığının fərqinə varırsan. Gözlərinin önünə açılan səhnədə bir vaxtlar div kimi görünənlərin necə cücəyə döndüyünü, cırtdana çevrildiyini seyr edirsən və o andaca bəzilərinin o həqiqət səhnəsində büdrəyib sənin ayaqlarının altına düşdüyünü görürsən… Elə anlarda Tanrıya yaxınlaşdığımı və o səhnəyə Tanrının gözündən baxdığımı düşünürəm. O an Tanrı kimi insanlar səni Tanrının yanına daha da yaxınlaşdırır. Və bəzən ayağının altına düşənləri əzmək istəyirsən, amma bu zaman dikdabanlarına da heyifin gəlir! “Dəyməz” deyib uzaqlaşırsan...

Son vaxtlar böyük şair, Yunis İmrənin kitabını oxuyuram. O, insanı bir ölkə kimi, ağılı da o ölkənin şahı kimi təsəvvür edir! İnsana aid bütün pis məziyyətləri ortaya qoyaraq insanın öz ölkəsini xilas etməsi üçün həmişə Şaha - yəni əqlə müraciət edir.

O, bir şeirində necə də gözəl demişdir :

"Yaradılanı xoş gördük

Yaradandan ötrü… "

Düşünürəm… Yunis İmrə, elə böyük bir ürəyin, inamın sahibidir ki, yaradana əsaslanaraq onun xəlq elədiyi ən adi məxluqatı da bağışlaya bilir. Bəlkə də kamil insan olmaq budur. Ancaq mənsə bəzən dözümsüzlük nümayiş etdirib ona etiraz edirəm.Öz-özumə bu böyük sufi ilə danışmağa başlayıram :

“Ay üstad!Ay pirim! Elə insanlar var ki, onların astar üzünü görəndə Tanrıya etiraz etmək istəyirsən! Deyirsən ki, “Hikmətindən sual olunmaz Ya Rəbbim,bəs bu insanları niyə yaratmısan? "

Bu məqamda dahi şairimizin misraları yadıma düşür,bir az dəyişdirərək öz-özümə pıçıldayıram:

“Bu riyakar insanları neylərdin , İlahi!"

Həyat bizə əslində necə mələk donuna girənlərin astar üzünü də göstərir… Tanrının pəncərəsindən baxa bildiyində aşağıdan mələk kimi görünənlərin, yuxarıdan baxanda buynuzlarını da görürsən, birdən şeytan donuna girirlər. Sən yuxarıda olanda insanların səviyyəsini də kəşf edə bilirsən... Ucalıq kimi, alçaqlıq kimi… Elə adamlara rast gəlirsən ki, zirvələrdə dayanır, əlçatmaz olurlar və zirvə onlara çox yaraşır.Onlar, özü-sözü bir olanlardır. Özlərini həmişə o ucalıqda, o zirvədə saxlamağı bacaranlardır. O insanlar hörmət və sayğıyadəyər insanlardır.

Elə adamlar da var ki, nə vaxtsa dövran onların dəyirmanına su daşıyıb. Hər dövrün tələbinə uyğun adam olduqları üçün fürsəti əldən verməyib varın, dövlətin qoynuna girməyi bacarıblar. Ancaq var- dövlət içində olsalar da səxavət-cömərdlik onların qapısından keçə bilməyib.

Təmənnasız iş görməyən belələri hətta üstünə qonan milçəkdən də yağ umurlar. Onlar, dövranın və var -dövlətin sayəsində adları qalxan zirvənin kölgəsinə sığınırlar. Özünü hələ də o ucalıqda, o zirvədə zənn edirlər. Dövranın dəyişdiyini, körpünün altından necə sular axdığını görəndə isə yenə riyakarlığa əl atıb özlərini küləyin yönünə görə istiqamətləndirirlər. Tanrı qatından baxanda onların da saxta zirvələrdən başı aşağı necə yerə düşdüyünü, zəlil olduqlarını görürsən.

Elələrini təsvir etmək üçün çox sözə ehtiyac olmur , bir sözlə, alçaqdılar. Köpək kimidirlər. Nəyinsə kölgəsində gedirlər,amma o kölgəni özününki hesab edirlər. Onlar suya baxıb öz surətlərini görəndə elə bilirlər ki, o dərinlikdəki özləridir. Amma onların nəcə dayaz olduğunu görəndə adamı acı bir gülmək tutur. Belələri başlarını qaldırıb öz alçaqlıqlarından ətrafa boylananda elə- belə hündürlükləri, kiçik təpələri dağ zənn edirlər. Beləcə təpədə otursalar da elə bilirlər ki, heç vaxt ucala bilməyəcəkləri ucalıqda, buludların üstündə, zirvədədirlər. Çünkü bunların yan- yörəsində, öz mənfəətlərini davam etdirmək üçün o qədər təlxəklər var ki...

Təlxəklər onların gözündən pərdə asırlar, ucalıqları görməyinə mane olurlar və o yazıqları ucalıqdan düşmədiyinə inandırmağa çalışırlar, bunu bacarırlar da… Bu səbəblə onlar da ixtiyarsız olaraq təlxəklərin əsirinə çevrilirlər. Özlərinin təlxəyə çevrildiyinin fərqində də olmurlar. Riyakarca hələ də keçmiş dövrün sözlərinin “pula çevrilə biləcəyinə” inanaraq tutuquşu kimi eyni şablon sözləri təkrar edib özünə cəmiyyətdə yer tapmağa çalışan bu adamlar öz mənfəətlərinə əsir olub ayaq altına düşdüklərini bir gün mütləq görəcəklər. Ancaq gec olacaq. Həm görsələr belə, ətraflarındakı təlxəklər onları, “səhv gördüklərinə” inandıracaqlar.

Bəzi adamların astar üzlərini görəndə, dayazlıqlarını hiss edəndə, onları təəssüf ki tanıyanda məhz alçaqlığın da bir səviyyə olduğunu düşünürsən! Elə ən ağırı da budur!

Çünkü bu alçaqlıq yox, çuxurdur! Səviyyəsizliyin dibidir!

Nə yaxşı ki, varsan, Tanrım… Sənə şükürlər olsun…