Ayaz Arabaçı : - Bu da bir zarafatdı..

Ədəbiyyat 08:05 / 11.04.2024 Baxış sayı: 2326

 

Arzulardan ulduz-ulduz sönürük,

Ömrün-günün dadı-duzu dəyişir.

Yavaş-yavaş canavara dönürük,

İçimizdə ceyran-quzu, dəyişir.

 

Ömrümüzə bir gözucu baxıb keç,

Dərdimizin yox tanışı-bilişi..

Bəlkə bizim günahımız yoxdu heç.

Bəlkə elə yaşdı görən bu işi.

 

Gülüm, axı qabaq belə deyildik,

Hər işimiz şahanəydi, şahanə.

İndi isə hər dəqiqə elə bil,

Axtarırıq dalaşmağa bəhanə.

 

Bunu niyə burdan ora qoymusan,

Çayı niyə dağıtmısan masaya.

Nə yedin ki, sən belə tez doymusan,

Niyə belə kəc baxırsan kasaya.

 

Buz baxışın qış gətirir yazıma,

Söz oxunla ürəyimi dəlmisən..

Bu nə iydi, ödüm gəldi ağzıma,

Gedib harda "zəhərrənib" gəlmisən.

 

O kimdi ki bütün günü zəng edir,

Qabağına Əhməd adı yazmısan.

Yerə-göyə sığışmırsan söylə bir,

İndi kimin xəyalında azmısan.

 

Alma,

dedim, qulağınmı karıydı,

Yığıb yenə gətirmisən bunları.

Dünən üç-dörd iyirmilik varıydı,

Neynəmisən cibindəki pulları.

 

Gülüm, axı bu mən bilən gün deyil,

Ömür deyil yaşayırıq-sürürük.

Unudulub ortadakı şirin dil,

Ancaq elə itə dönüb hürürük.