Arzu Əsəd : - Söz əməldən doğmasa ...

YAZARLAR 11:35 / 24.12.2024 Baxış sayı: 3589

Boz ədəbiyyat adi, meşşan, cəmiyyətlə kompromisdə yaşanılan həyatdan doğur. Yaşam qeyri-adiliklərlə, normalardan qopmalarla, cəmiyyətlə antoqonizmdə olmalarla zəngin olmalıdır ki, yaradıcı insanın şüuraltısında ədəbi material toplanılsın. Sənət fırtınası yaratmaq üçün hisslərin yaşandığı təcrübə dənizi olmalıdır, yoxsa əsdirdiyin külək toz-torpaq qaldırmaqdan başqa bir işə yaramayacaq.

Məclislərdə əlli-əlli vurub sufi şeiri yazmaq olmaz, sufi təcridə, xəlvətə çəkilib haqqa qovuşmaq təcrübəsini yaşamalıdır. Zindanları göz önünə gətirmədən, məhrumiyyətlərə hazır olmadan inqilabi şeirlər, şəhid olmağa hazır olmadan vətənpərvər şeirlər yazılmaz. Xəlqə rüsva olmadan sevgı şeirləri yazılmaz.

Cəmiyyətdə qatman bağlamış meşşan əxlaq dəyərlərinə, kəsif çürüntü iyi verən adət-ənənələrə zidd həyat tərzi keçirmədən novator sənət nümunələri yaradıla bilməz.

Söz əməldən doğmasa heç bir təsiri olmaz, yeni məna və məzmun kəsb etməz.

Yung yaradıcılıq kompleksinin ana bətnindəki körpə, torpaqdakı toxum kimi avtonom kompleks olduğunu yazır. Bu kompleksin özünün bir çox vaxtlar yaradıcının şüurunun nəzarətindən çıxdığını, öz qanunları ilə yaşadığını deyir. Ona görə, demək olar ki, bütün cəmiyyətlərdə sənət və ədəbiyyat adamlarına nisbətən daha çox davranış sərbəstliyi verilirdi ki, onlar bu normadankənar yaşam təcrübələrindən doğan həqiqi sənəti yarada bilib cəmiyyətə qazandirsınlar.

Sənət adamı cəmiyyətin özünüdərki üçün bir çox normadankənar davranısların təcrübə edildiyi yaradıciliq laboratoriyasıdır. Sənət adamı, doğrudan da, bütün cəmiyyət üçün gələcəyin layihələndirildyi, sabahkı həyətın necə olduğunu göstərən nümunədir.Amma normativ davranışları ilə deyil, normaları dəyişdirən yaradicılığı ilə.