Allahverdi Eminov : - “100 ilin şeirləri” nə üçün yazılmır?..

İkinci dünya müharibəsində doğulmuşam və həmin kəndin məktəbində də birinci sinfə getmişəm. İlk müəllimim mərhum Səfəralı Məmmədov olmuşdur (Allah rəhmət eləsin, qəbri nurla dolsun), sərasər gözümüzə nur verib, ürəyimizə təpər bəxş edib. O vaxt evdə analarımızın çit parçadan tikdiyi çantamızda iki-üç dərslik aparırdıq məktəbə, iki-üç dəftər və perolu qələm. Yükümüz bunlardı. Kitablarımızda (“Əlifba”, “Ana dili”) M.Ə.Sabirin, A.Səhhətin, Rəşidbəy Əfəndiyevin, Abdulla Şaiqin şeirləriydi. Bu şeirləri desəm ki, elə sinifdəcə əzbərləyirdik – səmimiyyətimə inanın!
Maraqlı bir də o idi, tapmacalar da şeirlə idi. Xatırlayıram:
Bir sürü atlar,
Çəməndə otlar.
Vaxtı gələndə
Dərisi çatlar. (pambıq)
Yaxud:
Bizdə bir kişi var,
Xor-xor yatışı var. (pişik)
Şeirlə yazılan bu tapmacalar təsadüfi deyildi, dərslik müəllifləri – böyük maarifçilər uşaqların poetik zövqünün, həyatı idrakının, emosional nitqinin inkişafının “açarı”nı məhz şeirdə görmüşdülər və yanılmamışdılar. Bu simalar məktəbdə uşaq şeirlərini oxumamışdılar, təəssüf hissi keçirmişdilər, vaxt gəldi o “boşluğu” doldurdular. Yeni yaradılan dərsliklərə, oxu kitablarına uşaqlar üçün şeirlər qələmə aldılar. XIX əsrin jurnallarında, dərsliklərində, məcmuələrində təkrar olunmayacaq poetik nümunələr çap etdirdilər. Bir həqiqət kimi etiraf yerinə düşür ki, bu şeirlər XX əsrin ziyalılarının yetişməsində (şairlər istisna deyil) misilsiz rol oynadı. Hətta alimlərimiz öz fikirlərini oxuduqları mühazirələrində ifadə etmişlər, yeri gələndə şeir də yazmışlar. Bunu dünya alimlərinin timsalında görürük. A.Eynşteyn, Nils Bor, Lui Paster, Yusif Məmmədəliyev və başqalarının arxivlərində o şeirlər qorunur. Əlbəttə, onlar şeirlərini çap üçün yazmamışlar. Poetik ovqat – onların mühazirələrinə hopmuşdur. Poetik ovqat şeir ruhu sərt alimin xarakterinə bir həzinlik gətirirdi. Tarixin yaddaşından:
Akademik P.Aleksandrov təbiətcə rasional (qeyri-emosional) olmuşdur. O, xatırlayır ki, müəllimimiz Klyuçevskinin və Timiryozevin mühazirələrində əsas məqsəd – amil tələbələrə çox şeyi, elmin bəzi elementlərni öyrətmək olsa da, mühazirələri canlı qurur, insanın yaradıcılığı ilə təmasının emosionallığını duymağa imkan yaradırdı, bununla tələbələr müəllimin təmasını duymaq imkanı qazanırdılar. Vətən alimlərimizdə də belə bir cəhət olmuşdur. Professorlardan Y.Məmmədəliyev, Qoşqar Əhmədov, Azad Mirzəcanzadə, Fəramaz Maqsudov, Arif Babayev poeziyaya müttəfiq idilər.
Deməli, aşağı yaşlardan uşaqlar şeirin ruhunu tutmağı bacarmalıdılar, emosional təsir qüvvəsini qiymətləndirmək, oxumaq, əzbərləmək səriştəsinə yiyələnməlidlər. Klassiklərimiz M.Ə.Sabir, A.Səhhət, A.Şaiq, R.Əfəndiyev ciddi əsərlər yazmaqla bahəm uşaqların estetik zövqünü nəzərə alıb ölməz şeirlərini yazdılar: “Uşaq və buz”, “Dovşan”, “Keçi”, “Durna”, “Xoruz”, “Doğdu Günəş qırmızı”, “Əlbir olub bir ayı bir şirilə” və s. şeirlərini gələcək nəslə əmanət qoydular. Bəli, bu poetik nümunələri “əmanət” hesab edirəm, ona görə ki, bu şeirlərin yazılma tarixindən 100 (yüz) il keçir, yəni bir əsr. Maraqlıdır, adlarını çəkdiyim şairlər yüz il yaşamadılar, amma şeirləri artıq ikiyüzüncü ilə qədəm qoyur.
Xatırlayıram: birinci sinifdə ilk tanış olduğumuz M.Ə.Sabirin “Uşaq və buz” şeiriydi (mərhum müəllif Əli Zeynalovun “Əlifba”sında). Müəllimimiz şeiri əzbərləməyi tapşırdı. Bütün sinif (17 şagird idik) şeiri əzbərləmişdi. Müəllimə cavab vermək üçün əllərimiz yuxarı qalxmışdır, havada titrəyirdi...
Özümə sual edirəm: “Uşaq və buz” bizə nəyi öyrədirdi? Türk uşağının buzun üstünə çıxması və buzla dioloqa – konfliktə girməsi nəyi diqtə edirdi? İki obrazla tanış oluruq: Uşaq və buz, kontrast məkan və ovqat, buz hələlik hökmrandır nə qədər əriməmişdir. Buz təbiətin bir predmeti olaraq öz vəzifəsini yerinə yetirir, o, həqiqətənmi güclüdür. İmkanlılar aman düşcək zəifləri yıxır, hökmranlığını diqtə edər? Şair bu sualı şeirin qayəsinə çıxarmışdır, buz şəxsini, uşaq isə öz müvazinətini saxlayır. Dünyaya gələn yeni nəsil necə, onlar həyatda güclülərlə qarşılaşanda təslim olacaqlarmı? Müqavimət göstərəcəklərmi? Cocuq bu vəziyyətlə qarşılaşanda qisas almaq yollarını axtarmır, amma istərdi. O, çevik düşüncə ilə, yaşı müqabilində savadı ilə buzun “dərsini” verir.
Şeir mübariz ruhludur, sadə bir məkanda – buzun üstündə bir məktəbli azəri – türk uşağını görürük. M.Ə.Sabir dahiyanə poetik təxəyyülü ilə türk cocuğunun ümumiləşmiş obrazını yaratmışdır. Bu uşaq üsyankardır xaraktercə, qürurunu pozmadan deyir:
Az qalıb ömrün sənin,
Yaz gələr artar qəmin.
Əriyib suya dönərsən,
Axıb çaya gedərsən.
Şair 100 il əvvəlki uzaqgörənliklə uşağın ağılı ilə xasiyyətinin vəhdətini təsvir etmiş, gələcək psixoloqlara xeyli material vermişdir.
Dünya uşaq ədəbiyyatında bu uşaq obrazı səviyyəsində qəhrəman yoxdur: O, ayağa durub sanki heç nə olmamış kimi istehza ilə, həm də elmi şəkildə sözünü deyir: lovğalanma, a buz, sənin də ömrünə çox qalmayıb. Yaz gələr, günəş şüaları səpələnər üstünə, əriyərsən, çay sularına qoşulub axarsan, – Müdrik cavab deyilmi?
Təkcə bu şeirdimi? “Məktəbə çağırış”, “Yaz günləri”, “Qarğa və tülkü”, “Ayı və şir”... 100 ilin şeirlərindəndir. “Məktəbə çağırış”da oxuyuruq:
Mənim bağım, baharım,
Fikri işıqlı oğlum.
Məktəb zamanı gəldi,
Dur, ey vəfalı oğlum.
Şeir yeni formadan: oynaq vəzndən, aydın ifadələrdən istifadə etməklə poetik lövhə yaratmışdır.
M.Ə.Sabir səviyyəsində uşaqlar üçün yazan şair Abbas Səhhətdir. Qeyd edək ki, “Uşaq və buz”dan sonra XIX əsrin I yarısında uşaq poeziyasında bir canlanma yarandı. A.Səhhət, R.Əfəndiyev, Abdulla Şaiq dərsliklər və oxu kitabları üçün şeirlər yazdılar – kövrək üslubda, lakonik deyimdə. Şeirlərin baş qəhrəmanı məktəbə tələsən, dərslərini hazırlayan, təbiətsevər, təmizkar uşaqlardı, onlara dərs deyən müəllimlərsə savadlı ziyalılardı. Şamaxı mühitində formalaşan Sabir, Səhhət, S.M.Qənizadə və başqaları bu əyalətlə Bakı ab – hava arasında bir əlaqə yaradırdılar. Bu, dövrün tələbiydi, gənc nəsli bədii əsərlərlə tərbiyə etməkdi. Uşaqlar poetik nümunələri oxuyub ruhən zənginləşirdilər, estetik zövqə yiyələnirdilər, eyni zamanda əqli savada malik olurdular. Abbas Səhhətin özü səviyyəli şair və pedaqoqdu, uşaqların psixologiyasını, dilini “tutmuşdu”. Etiraf edək ki, əsrləri adlayan şeirlərin yazılmamasının bir səbəbi də güclü ilhamla yanaşı, uşaq psixologiyasına bələdlikdir, filosoflar uşaq psixologiyasını “müdriklik dərsləri” adlandırmaqda yanılmamışdılar. A.Səhhət fəhmini, yoxsa intellektin itiliyiləmi uşaq obrazını, iki müxtəlif davranışlı məktəbli subyekti yaratmışdır. Belə ki, uşaq savadlıdır, bədii hissiyyatlıdır, təbiətsevərdir. Bu “üç” komponent bir-birini tamamlayır. Şairin təbiəti önə çəkməsi tərbiyədə “təbiətvarilik” prinsipinə müvafiq gəlir. “İki uşaq” şeirində oxuyuruq:
Yoldaşına bir uşaq
Dedi: – Dur gəl oynayaq,
Oynamağın vaxtıdır.
Qızılgülün taxtıdır,
Qızılgülü əkərlər,
Misqal ilə çəkərlər...
Abbas Səhhət “İki uşaq”, “Yay səhəri”, “Cücələrim” şeirlərində M.Ə.Sabir ənənələrini yaşatmışdır. Bu gün üçün uşaq poeziyası üçün örnək olacaq bitkin uşaq obrazını yaratmışdır. Unutmayaq ki, 100 ilin şeirlərindən biri də “Od tutub qırmızı atəşlə”... misrası ilə başlanan şeirdir, “Yay səhəri” adlanır. Şeiri bu yaşımda bir də oxudum, məktəbli illərimə qayıtdım. Abbas Səhhətin səhər çağına. Çoban od qalayıbdır.
...Bir qədər çaydan uzaq od qalamış
dağda çoban,
Oyadır öz sürüsün otlağa
yaylaqda çoban.
İdillik mənzərə, şairin qüdrətli təsviri:
Yumşaq göy çəmənin üstə düşüb
şeh gecədən,
İsti yoxdur, hələ bir balaca
meh gecədən.
Gün çıxır, göydə bulud qırmızı
Rəngə boyanır,
Kəndlilər çox yorulub, uyğudan
indi oyanır.
Şeirdə poetik təfəkkürün inkişafı üçün istənilən qədər obrazlı ifadələr, misralar vardır, oxucunun təxəyyülü zənginləşir. Şairin emosional “çaları”nda obrazları “gizlənir”, “gözə görünmür”. Şeir uşaqlara nə verir? Günəşin şəfəqləri maviliyə yenicə səpələnir, dan yeri qızarır. Misralar oxucunun bədii təxəyyülünü qidalandırır, onlarda assosasiyalar yaradır. Kövrək uşaq xəyalında sanki rəssamın çəkdiyi canlı lövhə canlanır, orada üfüq qırmızı atəşlə od tutub yanır, alovlanır.
M.Ə.Sabir və A.Səhhətin poeziyasından “su içən” daha bir klassik Abdulla Şaiqdir. Onun da başqa ovqatlı “Səhər” şeiri “100 ilin” məhsuludur. Şair bu şeirində başqa bir poetik lövhə yaradır, özü də cansız şeylərdən başlayır.
Günəş doğdu, yayıldı,
Dağlar, daşlar ayıldı.
Sular, meşə, bayırlar,
Səhralar, həm çayırlar
Bir nur içində qaldı,
İşıq dünyanı aldı.
Balaca oxucunun diqqəti isti lövhəyə yönəlir, elə bil şeirin özü bir səhərdir. Səhərin oyanışı ilə canlı aləmin özü gözünü açır, səsini çıxarır.
Üfüq alışdı, yandı,
Quşlar bütün oyandı.
Ötüşdü şad, xəndan,
Səs ilə doldu orman.
Abdulla Şaiq uşaqlar üçün təkrarsız sənət inciləri yaratmışdır, sələflərindən fərqli olaraq məktəbli obrazlarını humanist planda təsvir edir. Klassiklərin “uşaqları” xeyli sərt, hazırcavab, sözünü deyəndirsə A.Şaiqin “uşaqları” ünsiyyətcil, heyvanlarla dialoqa girməyi xoşlayanlardır. Bu, şairə imkan verir ki, cocuqlar o heyvanlara yaxınlaşsınlar, dostluq eləsinlər. Şairin uşaq şeirlərindən yaradıcılıq baxımından fərqliliyi – heyvanları şəxsləndirir, surətlərini yaradır. “Keçi”, “Xoruz”, “Uşaq və dovşan” və s. şeirləri bu gün də “varisləri”ni yetişdirməmişdir, üstündən bir əsr (100 il) keçsə də! Uşaqlıq yaddaşımızın əbədi qonağı olan Xoruz tezdən gözünü açır və banlayır. Rəqibi isə tənbəl uşaqdır, səsi onu oyadır, uşaq əvvəlcə Xoruzu tərifləyir:
Ay pipiyi qan xoruz,
Gözləri mərcan xoruz!
Yəni, ay Xoruz, bu gözəllikdə pis vərdişin var, çox erkən durub adamı yatmağa qoymursan:
Sən nə tezdən durursan,
Qışqırıb banlayırsan,
Qoymayırsan yatmağa,
Ay canım, məstan xoruz.
Şeirdə “can” və “məstan” sözlərinə rast gəlirik. Qanda – qırmızı rəngdə üsyankarlıq çaları mövcuddur. Məstanda xoşallanma, xumarlanma elementi vardır. Həqiqətən də xoruz toyuqlar cinsində çox dik duran, əsəbi, rəqibinə parlaq gözlərilə baxan heyvandır. Amma bir balaca dən tapanda həlimləşir, toyuqları yeməyə səsləyir, qürurla özünü meyxoş məstanə aparır.
Abdulla Şaiq “Keçi” şeirində Xoruzdan fərqli dəcəl, sürünün qabağında sakit getməyən, qoşa buynuzunu daşa – ağaca ilişdirən keçinin özünəməxsus görünüşünü verir:
Ala-bula boz keçi,
Ay qoşa buynuz keçi!
Bu təqdimatdan sonra Keçinin öz başına bəlalar gətirə biləcək xasiyyətini deyir, xüsusilə, tək gəzməsini xatırladır:
Yalqız gəzib dolanma,
Dağa – daşa dırmanma –
Bir qurd çıxsa qarşına
Sən nə edərsən ona?
Çoban açınca gözün,
Qalar iki buynuzun.
Son iki misrada uşağın daha bir xarakteri nəzərə çarpır: “Sən, ay keçi, özünü ölüm qabağına vermə, çobanın yanından aralanma, çoban özünü yetirincə iki buynuzun sürüyə yadigar qalar!”
Abdulla Şaiqin “Uşaq və dovşan” şeiri də “100 il”in unikal əsəridir. Dovşan həm ev, həm də çöl heyvanıdır, məzlum və qorxaqdır, səksəkəli yaşayır. Qorxudan hətta infarkt keçirir. Tərbiyə tarixində qorxunu aradan qaldırmaq üçün sistem yaradılmamışdır – cəhd göstərilsə də. Amma ən yaxşı üsulu xeyirxahlıqla yanaşmaqdır. A.Şaiq şeirində belə bir təşəbbüsdə bulunur:
Qaçma səni sevəndən,
Can kimi bəsləyəndən.
Dovşan kritik məqamlarda, hansı ki, uşaqdan qorxur, nə bilsin uşağın ürəyi təmizdir, şəxsi maraqdan uzaqdır. İntuitiv olaraq belə bir hissi sezirsə, uşağa nifrət bəsləmir. Ümumiyyətlə, A.Şaiq bir psixoloq kimi uşaqları (eləcə də canlıları) nifrət hissindən qorumağa, çəkindirməyə çağırır, bunu zərif və inandırıcı müşahidə zəminində aşılayır.
Uşaq öz sevgisini bildirir və ilk dialoqda bunu rəva görür. Şair bu bədii məqamla uşağın fikrini oyatmağa, müstəqil sözünü deməyə təhrik etmək üçün dovşanı predmet seçmiş, uşağın ruhunda – canında olan hazır ştrixlər üzərində məqsədini vermişdir: dovşan daha digər həmcinslərindən fərqlənir, sadəlövh deyil, onu aldatmaq çətindir. Uşaq niyyətindən irəli gələrək yanıldığını görür. Dovşan bildirir:
Dura bilmirəm, dadaş!
Yanında var alabaş.
Xəbərdaram işindən,
Qurtarmaram dişindən.
Dovşan obrazı Buz obrazından seçilir xaraktercə. Buzda mənfi xüsusiyyətlər vardır, uşağı yıxmaq xasiyyətlidir, Dovşan elə deyil, uşağa inamsızlıq göstərmir, sadəcə Alabaşdan şübhələnir, hər halda itdir, ət yeyəndir, onu da həzmdən keçirər...
Məni düşündürən bir məsələyə də aydınlıq gətirməyə çalışacağam. Barəsində yazdıqlarımla, barı, yanaşı gedən, onlarla səsləşən şeirlər nə üçün hələ də (bu gün də) yazılmamışdır? Bəlkə innən belə qələmə alınacaqdır! Nikbin cavab verməkdə çətinlik çəkirəm, baxmayaraq Zaman dəyişib, elm tərəqqi edib, şairlər intellektualdır və sair, amma ki!
Maraqlıdır, XIX əsrdə – bir ucu XX əsrə çıxır – uşaqlar üçün şeirlər yazılıbdır. Məsələn: Əli Ülvi, Əli Səttar, Əlövsət Fərzəli, Seyid Əzim Şirvani, M. Kəmaləddin və başqaları uşaqlar üçün şeirlər yazıb çap etdirmişlərsə “100 ilin şeirləri” səviyyəsinə qalxmamışlar. Bax, sirr də bundadır!
M.Ə.Sabir, A.Səhhət, A.Şaiq “üçlüyü” uşaqları nəzərdə tutub heç də “Amerika kəşf etməmişlər”, lakin bu şeirlər uşaq poeziyasında “Amerika qitəsinin kəşfi” qədər yenidir. “Keçi”, “Uşaq və buz”, “Xoruz”, “Yay səhəri”, “Səhər durunca”, “Yaz günləri”, – bu “100 ilin şeirləri” poeziya fondunun təkrarsız nümunələridir.
Uşaq poeziyamıza sonralar S.Vurğun, S.Rüstəm, R.Rza, Mir Mehdi Seyidzadə, Hüseyn Abbaszadə, M.Dilbazi, Məstan Günər (Əliyev), Hikmət Ziya, Tofiq Mütəllibov, İlyas Tapdıq, Fikrət Sadıq, Tofiq Mahmud uşaq şeirlərilə peşəkarlıqla məşğul oldular və xeyli sayda kitabları nəşrdən çıxdı, lakin “100 ilin şeirləri” yazılmadı, bunun səbəbini izah etmək mümkünsüzdür! Mövzu həmin mövzu, predmetlər də həmçinin, bəs nədən o əsərlər qələmə gəlmədi? Son on illərdə (XX əsri nəzərdə tuturuq) Zahid Xəlil, Aləmzar.Əlizadə, Rafiq Yusifoğlu, Mir Sabir uşaq poeziyasının ən yaxşı nümunələrini yazdılarsa, adını çəkdiyimiz şeirlər olmadı...
Poeziya elə bir nemətdir, onun doğuluşu və gəlişi İlahinin pıçıltısıdır, hər bir şəxsə aidiyyatı yoxdur. Poeziya ona görə yaranmır yalnız olanı insanlara çatdırsın. Poeziya həm də ola biləcək hadisələri hisslərlə ötürür, həqiqət olacaq nəsnədən danışır. Poeziya sözün “dili”dir, onun köməyilə insanlar birləşirlər, ayrılırlar. Orada istedad və ilham varsa poeziya mövcuddur. Antik filosof Aristotel təsadüfi deməmiş ki, poeziya tarixdən daha ciddi və fəlsəfidir. Mən şeiri insan vücudunun üzvlərilə müqayisə edərdim, onun hər bir hərfi orqanizm hüceyrəsinə bənzər, nəbz kimi vurmalı, döyünməlidir.
Söylədiyimdən məntiqi nəticə çıxarıb vurğulardım ki, klassik şairlərimiz: Nizami, Füzuli, Nəsimi, Vaqifdən üzü bizə sarı həqiqi poeziya axtarışında olmuşlar, yeni nəsli poeziyanın gücü ilə tərbiyə etmişlər. Şeiri əks – səda kimi qəbul etmişlər, ona görə ki, həyatın səslərinə, çağrışlarına cavab vermək qüdrətinə malikdir. Söhbət həqiqi poeziyadan gedirsə, xüsusən, aşağı yaşlarda olan uşaqları şeirdən məhrum etmək ancaq təəssüf doğurar. Şeir uşaqlarda xəyalpərvərlik hissləri oyadır, onları düşündürür, nitqini cilalayır. İnsana kamil yaşında nə lazımdır: emosional ruh, romantik ovqat, sərrast danışıq. Bunları nə riyaziyyat, nə kimya, nə də tarix öyrədir, bu missiya ədəbiyyatın, konkret poeziyanın missiyasıdır, uşaqlarımızı bu dəyərdən uzaqlaşdırmayaq. Bütün fənlərə hörmətlə yanaşaq, lakin uşaqları poeziyadan məhrum etmək təhsilin ən böyük qüsuru olardı, aşağı siniflərdən yazıçılar, şairlər – söz ustaları çıxırsa bu, yaxşıdır, lakin bunun dalısınca qaçmağa ehtiyac yoxdur. İşimiz aydın idraklı, zəngin təxəyyüllü, poetik ürəkli, tənqidi düşüncəli... oxucu hazırlamaqdır. Məgər bunlar azdır? O şey var ki, adı İlahi qığılcımdır. M.Qorki vaxtilə yazmışdır ki, gözəllik hissi sizdə vardır, görmə və eşitmə həssaslığı vardır, başlıcası isə yaxşı, düşünən qəlbdir. Bir alman alimi demişdir ki, əgər riyaziyyatçıda müəyyən qədər şairlik təbiəti yoxdursa, o, kamil riyaziyyatçı deyil.
Məsələ ondadır, dərsliklərimizə bəsit şeirlər ayaq açmasın, sifarişlə yox, ilhamla, səmimiyyətlə yazılmış bədii əsərlər uşaqların ixtiyarına verilsin. Əyləncə üçün yazılan, uşaqları səthiliyə aparan kitablara yer olmamalıdır.
Məşhur uşaq şairi S.Y.Marşak yazmışdır ki, uşaq kitabının əsil sirri ondadır, müəllif öz oxucusu ilə oynamağı bacarır, eyni zamanda bu oyunu çox ciddi şəkildə aparır.
Yenə özümü sual qarşısında qoydum: “Yüz ilin şeirləri” nə üçün yazılmır? Cavabı bir sirr olaraq qalır. Görünür, belə şeir inciləri zamanın hansı vaxtında İlahi tərəfindən vəhylə göndərilir –başqa cavabı yoxdur...
19.11.2022