Xaliq Rəhimli : - Məclis dolması

YAZARLAR 21:12 / 07.09.2024 Baxış sayı: 920

 

(hekayə)

Dostluğa təzəcə başladığım tanınmış yazıçı Amil Həsrət buğu tavana dırmaşan qaynar qazanda  pörtləmiş kələmlərdən ərinməz-yorulmaz, qəribə bir həvəslə dolma bükürdü. Və dolma bükə-bükə də maraqlı olsun deyə üzünü  mənə tutub ədəbiyyata aid suallar verirdi. Sualı elə tez-tez verirdi ki, kobud hesablasaq təxminən hər  dolmaya  demək olar bir sual düşürdü. Arada "qazan" sualları da verirdi:

-Necədi, bükə bilirəmmi,məndən aşpaz olarmı ,ürəyin nə istəsə bişirə bilirəm, xaşın vaxtı gəlir inşallah barmaqlarını yalamasan adımı dəyişərəm ,- deyib üzümə diqqətlə baxırdı. Mənə elə gəlirdi ki, ədəbiyyatdan daha çox "qazan" söhbəti ona maraqlı gəlirdi.

-Düzünü de ,bir şey bacarırammı?

-Əlbəttə,əlbəttə -düzünə qalsa sizin bu qədər mətbəx bacarığınız mənim ağlıma gəlməzdi...

Belə deyndə Amil müəllim sanki ədəbiyyat suallarına güzəştə gedirdi. Gülümsəyə-gülümsəyə bükdüyü dolmanı səliqə ilə köhnə qulpuqırıq qazana düzürdü. Mən yorğunluqdanmı , nədənmi ,bir qədər düşünmək tələb edən ədəbiyyat suallarını cavablandırmağa çalışırdım amma çatdıra bilmirdim. Nizamini tamamlamamış Nəsimidən sual verirdi.

- Sən, çoxdandı ədəbiyyatla məşğul olursan ,babat şeirlərin  var amma nədənsə dünyagörüşün məni qane eləmir. Elementar suallarda çaşıb qalırsan...- İncimirsən ki, -bir az sərt dedim.

 İnciyəsi halda deyildim . Gözüm Amil müəllimin üzündə yox əlindəydi. Məni maraqlandıran onun dəfələrlə təkrarladığı suallardan daha çox  illərin arvadı kimi səliqə-sahmanla dolma bükməyiydi. Pörtləmiş kələmi qaynar sudan  necə çıxarıb açması, farşı eyni bölgüylə arasına qoyub bükməsi ,səliqəylə qazana düzməsi verdiyi ədəbiyyat suallarından daha maraqlı gəlirdi mənə. Hələ arada qurtum-qurtum içdiyi "efes" pivəsinin təsir gücü onun mənə verdiyi "ədəbi -bədii" suallarının fəlsəfəsini bir az da artırırdı .

--Mən elə bilirdim sənin kifayət qədər biliyin var. -Sən heç öz dahilərimizi düz-əməlli tanımırsan, o da ola ki,  dünya ədəbiyyatına çıxaq, -deyən Amil müəllim zarafatqarışıq məzəmmətindən də qalmırdı. Çox şeyləri  yadıma sala bilmirdim. Sanki bildiklərim də qazanın buxarına qarışıb mətbəxin bacasından havaya yayılırdı. Nə srri-billahdısa dolmadan başqa gözümə heç nə görünmürdü. Elə bil həyatın ən çətin sualları bir qazan dolmadan keçirdi. Həmin an dünyanın dahiləri bu mübarək qazanın başına yığılsalar belə yenə də Amil müəllimin dolma bükən barmaqlarını axtaracaqdım. Və hələ ki, belə  vaxtda nəinki ədəbiyyat, dünyanın özü mənə bir qazan dolmadan başqa bir şey deyildi...

Amil müəllim elə bil ürəyimi oxudu.

--Darıxma ,-darıxma bu saat hazır olacaq,- görürsən də qardaşın nələr yaradır.İş təkcə roman yazmaqla bitmir, gərək biş-düşü də bacarasan.

- Məndə də az yoxdu, acqarına sual-sual dalınca,əlbəttə ki, cavab gəlməz. O suallar elədi ki, gərək qarın tox ola, beyin,yaddaş normal  işləyə. Qurtum-qurtum "efes" pivəsi də öz yerində. Amil müəllim səliqəylə çörək dilimlədi ,xiyarı, pamidoru nazik-nazik doğrayıb çoban salatı düzəltdi. Yağlı-buğlu dolma qazanını iri boşqaba əndərib süfrəyə qoydu,- çək ,soyutma, iştahla ye ,həm də fikrin maraqlı olar, -dedi. Dolmanın ətri evi bürüdü. Bir-iki loxma yeyəndən  sonra -əladı ,çox əladı ,lap məclis dolmasıdı , sözünüzün duzu kimi əlinizin də duzu varmış,-dedim... Amil müəllim fərəhlənmək əvəzinə gözlənilmədən doluxsundu, qəhərləndi. -Ürəklənib ,-mən təkcə povest, hekayə yazmıram ,həm də xeyli vaxtdı qazan qaynadıram, - dedi... Üzündəki təbəssümlü kədər isti dolmanın buğuna qarışıb otağı dörd dolandı, divardan asılan xatirə şəkillərinə çökdü, hərlənib-fırlanıb təzədən Amil müəllimin baxışlarına qondu.  Bir növ adətkarda olduğu nisgili qovmaq üçün  pivədən  qurtumladı. "Qəm dərmanını" içən kimi kədəri yox oldu ,üzündə qəribə  gülüş əmələ gəldi. Qurtumnan-qurtuma  gülüşü çoxaldı ,çoxaldı dəli bir şaqqanağa çevrildı. Əlini çiynimə şappıldatdı.- Ə, zalım balası niyə yemirsən , gül kimi dolmanı soyudursaan, pivəni də zəif içirsəəən!... Mən nədənsə süfrədən gözümü çəkib Amil müəllimin gülüşünün altında gizlənmiş  kədəri axtarırdım. Bu kədər həm də nakam taleyindən ona yadigar qalmışdı .O boyda sevgidən bir ovuc kədər. Burası da maraqlıydı ki ,budaqda çox qalmayan sərçə kimi həmin o kədər Amil müəllimin üzünə qonmağıyla qeyb olunmağı bir oldu. Kədərin sarı rəngi  bir anın içindəcə üzündən-gözündən çəkildi. Amma ilk dəfəfəydi ki, kədərin insana bu qədər gözəl yaraşdığını hiss elədim...