Xaliq Rəhimli : - Hind çayı

YAZARLAR 13:43 / 07.06.2023 Baxış sayı: 9409

 

Şirin söhbətin yanında  gərək xoruzquyruğu çay ola. Şirin söhbət var     amma çay yox. Dostların da çay süfrəsində fərqli vərdişlər olurmuş .Səfər kiçinin hamıdan birinci çay süzməyə öyrəşən əli şaynik üçün darıxırdı. Stəkanı nəlbəkiyə elə çırpırdı ki ,-nəsə lazımdı ?- deyə çayçı özünü yetirirdi.

Hümmət kişi - özünə süz ,mənə bəsdir -deməyi sevirdi. Bahab kişi buğum- buğum  buğlanan çaya  baxa-baxa danışmağı xoşlayırdı. Əlini stəkana sürtməyə öyrəşmişdi elə bil pişik tumarlayırdı. Hərdən bir qurtum içərdi ki ,danışdığı əhvalatın davamı yadına düşsün.Oruc kişi stakanı əlində çox saxlayardı , elə bil dünyanın qulpundan yapışıb. Lakin indi bu vərdişləri işə salmaq üçün süfrədə çay yox idi . Çay olmadığından da şirin söhbət alınmırdı .Stakana öyrəşən barmaqlar təsbehə işləyirdi.

Parkın ərazisindəki dönərxananın yalan olmasın yemək-içmək üçün yüz nəfərə yaxın yeri var idi. Amma xidmət baha olduğundan  müştəriləri barmaqla sayardın. Dünya görmüş Oruc kişi parkda sıxlıq olduğundan inzibatçıdan  kafenin xidmətindən istifadə etmədən bir küncündə təqaüdçü dostlarla  oturmağa icazə almışdı .Səbri tükənən Səfər kişi ofisianta demişdi ki ,-ə a bala o böyür başındakı əlavələri -zadı yığışdır adam kimi bizə bir çay ver içək ,nolar sözümüz boğazımızda qalmasın ,səkkiz manata da çay olaaaar. -Yox e, dayı eləyə bimərəm ,müdürün tapşırığıdı, məni qana salma. Qan sözündən Səfər kişinin gözü su içməmişdi, çimçəşmişdi,lənət çeytana demişdi

-Eybi yox ay bala, Allah xatirinə çaysız da keçinə bilərik ,təki sənə söz gəlməsin. Bununla da söhbət bağlanmışdı. Birinci dəfəydi ki ,həmin o gərgin xoşagəlməz söhbətdən sonra illər öncə çayniki bir manata içdiyi hind çayından ötəri burnunun ucu göynəmişdi, ağzında o tamı axtarmışdı. Amma indiki çaylar o dadı-tamı Səfər kişinin damağından çoxdan yuyub aparmışdı.-Neynəyəsən zəmanənin üzü qara olsun ,-deyib köksünü ötürmüşdü.

Çaysız söhbət o qədər də maraqlı olmasa da ,pis də deyildi. Yavaş-yavaş öyrəşirdilər ,bir-birinə təskinlik verirdilər.

-Ə ,neynirik toy xonçasına oxşayan  çay sinisini. O mürəbbələr, şokoladlar ,peçenyelər bizim nəyimizə lazımdı axı ...Üstəlik kraskalı çay. Nə az-nə çox hamısı səkkiz manata.

Təqaüdçü dostlarından fərqli olaraq Səfər kişi uzun müddət idarə müdiri işləmişdi. Həmin o işləri korlayan "çay xonçasının" xərcini çəkə bilərdi. Bir -iki dəfə cəhd eləsə də əli cibinə getməmişdi, elə qoynundaca qalmışdı.

-Ürəyində ,-ə,mən bu xərci  bir dəfə, uzaq başı iki dəfə çəkərəm bəs sonrası, -deyib fikrindən vaz keçmişdi. Amma yavaş -yavaş çaysız quru söhbətə öyrəşirdilər. Boğazları quruyanda isə evə tələsməyin dəmi gəlirdi...