Pərvanə Bayramqızı : - Şeirin zəfər bəndi

YAZARLAR 13:36 / 29.09.2023 Baxış sayı: 3967

 

Bu payız da (20.09.2023) o payıza (... 09.2020) bənzədi.

Şəhidi, zəfərilə...

Şəhidlər də bir-birinə bənzəyir, şəhid ailələri də.

Azərbaycanda payız fəslində Günəşin səngərdən doğması ikinci dəfədir.

Şair Qabilin Azərbaycan əsgərinə olan ümidi doğruldu.

Səfər ayı var, Zəfər ayımız da olsun.

O ay itirilmiş torpaqlarımızın hamısının işğaldan azad edildiyi ay olacaq.

“Vətəndən pay olmayır”. (Cabir Novruz)

Yeri gəlmişkən, şeir duymayanlara, ədəbiyyatın tərbiyəvi əhəmiyyətinə inanmayanlara bildirim ki, vətənpərvərlik mövzusunda yazılan şeirlərin (zəhlətökənlərinin yox) milli heysiyyətin formalaşmasında rolu böyükdür. Bayraq, yurd, millət üçün ürək ağrısı, yaxud ruh yüksəkliyi ilə yazılmış şeirləri yadınıza salın. Biz uşaq olanda yazıldı onlar, sevə-sevə əzbərlədik. Bu gün "Vətən!" deyirik, torpağımızın düşməndə qalan hissəsini istəyirik. Balalarımızı da o şeirlərin təsiri ilə böyütdük. Vətənpərvərlik ruhumuzu qoruduq, yaşatdıq, ötürdük. Və... indi onlardır torpaq uğrunda canlarından keçənlər.

Azərbaycanlı ruhu istəyiriksə, "soyuqqanlı olmuşuq" deyib dəyişməyimizdən gileyləniriksə,balalarımızın robotlaşmasından narahatıqsa,onlara Məmməd Arazın külliyyatını oxudaq. Yaratdıqlarında Azərbaycan, onun keçmişi, el-obaya sevgi, yağı ilə mübarizə ruhu var. Torpağa, daşa bağlılığı olan şair daş altını özünə sağlığında ikən yurd seçib.

“Gözünü sıx,

hansı daşda su yansa,

O daş altda Məmməd Araz yaşayır.”

Bu sadəcə, söz deyil, həm də sözün yurdun taleyinə köçmüş qüdrətidir. Azərbaycan gözünü sıxdı... Daşaltıda can verən oğullar üçün gözlərdən sel getdi. “Kür qurudu, sal yandı...”

“Qada-bala yüklüsən,

 Torpağım, qadan alım”

Kaş torpağı əzizləyən, vətən daşlı, səsi tutqun Araz olan Məmməd Araza agah ola ki, torpağının qadasını alan oğulların sayəsində Şuşaya dönə bildik.

Şair yurdunun hər kəsinə,hər şeyinə dəyər verir. Çobana:“Bu qoca dağların biri də sənsən”, Günəşə kainatın, dağa isətəbiətin “ağsaqqalı” deyir.

Şairin:

“Atalar evlərin ağsaqqalıdır.

Atalar, işığı ev-kainatın.

Atalar, vüqarı ev-təbiətin”bənzərsiz bənzətməsi atamı gözlərimin qarşısına həmişə gördüyüm vəziyyətdə gətirdi. Harda torpaq görsə, oraya su çəkdirib, ağac əkirdi. Yaşıllıq yaratdıqca sevinib – mən olmayacam, amma bu ağacdan meyvə dərən insanlar çox olacaq – deyirdi atam.Ağlım kəsəndən onu çertyoj çəkib tikinti ilə məşğul olan gördüm. Quruculuq işlərini atam sevdirib bizə.

Qurub-yaradan insanları müqəddəs sanıram.

Ruhuna qurban olduğum şəhid müqəddəsliyinə müqəddəslik qatdı. Şəhid olarsa ayrılacaq məbləğlə yol çəkdirməyi vəsiyyət edən Azərbaycan oğlu.Arzuya, istəyə, tələbə, vəsiyyətə bax. Xoşniyyət insan. Adətən, insanların vəsiyyətini həyata keçirirlər, bu dəfə vəsiyyət öz sahibini həyatda saxlayacaq. Öləndə belə öləsən. Son kəlmən səni daş altında da yaşada.

Şəhidin bir adı da üç rəngli bayrağın dördüncü rəngidir. Şair Elçin Məmmədov verib bu adı. Azər Xanlarsa bayraqdakı üç rəngin üçünü də şəhid sanır. İkisi də haqlıdır, “Bayraqları bayraq edən üstündəki qandır”, hər şəhid bayraqdır.

Vətən şəhidi, oğlu-qızı, çobanı, alimi, şairi ilə vətən olur.

“Elin kədərinə, elin dərdinə şair də yanmayıb kim yanacaqdır?” (Bəxtiyar Vahabzadə)

Şair də öz cəbhəsində əsgərdir, ruhu ilə atılır döyüşə, qələmi ilə qazanır hər şeyi. Şair olmaq da var, şeir olmaq da. Məmməd Araz olmaqsa: “Bəlkə, bu yerlərə bir də gəlmədim” gümanına tab gətirməyib ümidlə yurda baxıb:

“Bəlkə, o yerlərə bir də qayıtdım” deməkdir.

Xocalıdan Şuşadan çıxanlar özləri qayıtmasalar da, qədim yurd yerlərimizə yeni azərbaycanlı balaları qayıtdı.

“Tarixi kəndin yazıyorsan, əsərindir”. (Mithət Camal)

Tarixin yeni səhifəsini Azərbaycanın igid oğulları yazdılar.

Biz də onlardan yazdıq.

Bir də yazdım ki, payızı qələbənin xətrinə sevdim...