Üzeyir Hacıbəyov.: - BAŞA DÜŞMƏDİ

YAZARLAR 09:12 / 12.02.2025 Baxış sayı: 1404

 

( Hekayə)

Keçənlərdə idarəmizə Yevropadan bir nəfər adam uçub

gəlmişdi. Söhbət arasında dedi ki, bizim Yevropada böyük bir

həyəcan və qorxu vardır.

D e d i m: -- Səbəbi nədir?

D e d i: -- Səbəbi odur ki, Yevropaya çox həyəcanlı xəbərlər gəlir ki,

müsəlmanlar böyük bir sürətlə tərəqqi edirlər....

D e d i m: -- Təəccübdür, bizim tərəqqimiz sizi qorxudurmu?

D e d i: -- Bilirsiniz, insaniyyət nöqteyi-nəzərincə çox şad eləyir. Biz

sevinirik ki, bizim növümüz yavaş-yavaş zillətdən qurtarır. Amma o biri tərəfdən, bilirsiniz, bu əyyam bir əsri -- mübarizeyi-həyatiyyə əsridir. Yəni dirilik üçün dava eləmək əsridir. Onun üçün biz istəməzdik ki, dirilik üçün dava edənlər bizim kimi elm qüvvəti ilə güclü olsunlar. Məsələn, bu gün elm və mədəniyyət qüvvəti ilə yaraqlanmış olan İspaniya Fas ərəbləri ilə dirilik üçün dava eləyir. Onun üçün İspaniyanın firənglərə çox bərk acığı tutubdur. Deyir ki, axı sən nə üçün bu vəhşilərə mədəniyyət ucunu göstərib, tüfəng atmaq öyrətdin ki, onlar da bizə tüfəng atırlar. Bütün aləm də bunu boynuna alır ki, əgər Fas ərəbləri Yevropa mədəniyyətini öyrənsələr, İspaniyanı beş-on gün içində darmadağın edib, əvvəlcə də mədəniyyət gücü ilə İspaniyanı öz mülkü etdiyi kimi, bu səfər də eləcə edər (çünki o zaman ki, Yevropa mədəniyyətdən məhrum idi, ərəblər ən şəşəlli bir mədəniyyətə malik idilər, yəni bütün elm və fənlər aralarında getdikcə tərəqqi edirdi. O halda İspaniyanı ərəblər alıb, islam dövlətinin bir vilayəti etmişdilər.... Amma sonradan ... əşi, allah mollalara insaf versin).

Mən yevropalıya dedim ki, əzizim, bizi bağışlayın, sizin qorxunuz bizim

tərəqqimizə mane ola bilməz. İstər sizin qorxudan ürəyiniz getsin, biz yekə

tərəqqimizi əldən buraxmayacayıq. Biz tərəqqi eləyəcəyik.

Dedi: -- Bircə onu de görüm indiyə qədər çoxmu tərəqqi eyləyibsiniz?

D e d i m: -- Çox eləmişik.

D e d i -- Olmazmı, öz tərəqqinizdən mənə nümunə göstərəsiniz?

D e d i m: -- Olar, çıxaq bayıra....

Bayıra çıxdıq, yevropalıya dedim. Tamaşa elə.

D e d i: -- Baxıram.

-- Gördünmü? Evropalıya dedim. Tamaşa elə.

D e d i: -- Baxıram.

-- Gördünmü?

-- Nəyi?

-- Tərəqqini?

-- Hanı? Heç bir şey görmədim.

-- Bəs görmədinmi ki, buradan bir nəfər saqqallı müsəlman keçdi ki, ayağına çəkmə geymişdi. Onun ayağına çəkmə geyməyi çox böyük tərəqqidir.

D e d i: -- Anlamıram nə deyirsən.

D e d i m: -- Belə beş-altı il bundan irəli hər kəs ayağına başmaqdan başqa özgə bir şey geysəydi ona salam vermək əvəzində, "allah saxlasın" -- demək lazım gəlirdi. Amma tərəqqimiz bu gün o dərəcəyə çatıbdır ki, çəkmənin başmaqdan rahat olduğunu hamımız boynumuza almışıq.

D e d i: -- Heç başa düşmürəm nə deyirsən?

Bir az ora-bura göz gəzdirdim:

-- Bax, bax, müsəlman arvadları faytona minibdilər.

D e d i: -- Nə olsun?

D e d i m: -- Pa-ho! Bir neçə il bundan irəli nəinki arvad, hətta, kişi cürət edib faytona minsəydi haman dəm faytonun çarxları bir tuği-lənət olub onun boynuna keçərdi.

D e d i: -- Sözün doğrusu, heç qanmıram nə deyirsən?

D e d i m: -- Bir ora bax, iki nəfər müsəlman bir-birinin yanından keçdi və heç bir şey olmadı.

D e d i: -- Nə olsun?

D e d i m: -- Pa! Bir-iki ay bundan irəli onlar bir-birinin yanından

keçsəydilər, haman dəm atışıb bir-birini öldürmüşdülər. Halbuki indi heç bir zad olmadı. Bundan artıq nə tərəqqi?

D e d i:-- O sizin tərəqqi deyildir, o, Martınovun qorxusudur. Sən bircə mənə de görüm realnidə, gimnaziyada, universitetlərdə oxuyan uşaqlarınız çoxdurmu?

D e d i m: -- Vallah onlar çox olardı, hərgah bir məsələ ümum müsəlmanların qabağını kəsməsəydi.

D e d i: -- Nə məsələdir?

-- D e d i m: -- Çox böyük məsələdir.

Əyilib qulağıma dedi:

-- Hökumət qoymur?

D e d i m: -- Xeyr, onun bir sözü yoxdur, bu məsələ başqa məsələdir.

D e d i: -- Bir de görək nə məsələdir?

D e d i m: -- Şalvar məsələsidir.

-- Necə şalvar?

-- Adam geyən şalvar.

D e d i: -- Canım, sən müəmma ilə danışırsan, açıq de görüm nə demək istəyirsən?

D e d i m: : -- Qoçaq, bundan açıq söz olmaz, şkola gedən uşaqlar dar şalvar geyirlər və dar şalvar da bizlərdə çox pis şeydir. İndi həmin məsələ bizim qabağımızı kəsdiyinə görə işkolaya uşaq qoymağa cürət eləmirik.

Bu sözlərdən sonra əcnəbi əvvəlcə çox güldü, amma sonra bir qədər fikrəgedib, birdən başladı uşaq kimi ağlamağa və ağlaya-ağlaya bu sözləri dedi:

--Biz elm sayəsində havada quş kimi uçuruq, amma bunlar hələ şalvar məsələsinə məşğuldurlar... Dedi və uçub getdi...