SALAM, 50 YAŞIM, SALAM - yazdı Elşən Əzim

Ədəbiyyat 07:59 / 11.07.2025 Baxış sayı: 1098

 

Gələnə "get" deməz kimsə,

Salam 50 yaşım, Salam.

Xoş gəlmisən, hüzurunda-

Lalam, 50 yaşım, lalam.

 

Sən də oyunçusan guya?

Layiqsən alqışa, huya?

Bu gün əllinci qapıya

"Qol"am 50 yaşım, "qol"am.

 

Toy tutmusan mənə toyda,

Yas tutuban məni duy da.

Kaş mən gəlib sənin boyda-

Olam, 50 yaşım, olam.

 

Gəlişinə şad deyiləm,

Şəyirdəm, ustad deyiləm.

Dərd sarıdan bəd deyiləm,

Bolam, 50 yaşım, bolam.

 

Gedənlər düzülür səfə,

Qalanlar qul olur nəfə.

Qardaşım, atam tərəfə,

Yolam, 50 yaşım yolam.

 

Yıxılsam da üzüm üstə,

Çökməmişəm dizim üstə.

Ta nə desən gözüm üstə,

Tamam, 50 yaşım, tamam.

Qulam, 50 yaşım, qulam.

Salam, 50 yaşım, salam