Sakin Cabarov ,Fizika elmləri doktoru  : -  Elmin zirvəsində qərarlaşan 70 il

            

Elm 20:15 / 26.02.2024 Baxış sayı: 1264

 

Gənclərin elmdə uğur qazanması onların bilik və bacarığı ilə yanaşı elmi rəhbərin diqqətindən asılıdır. Elmi rəhbərin qarşıya qoyduğu məsələlər nə qədər yüksək olarsa, alınmış nəticələrin elmi əhəmiyyəti də bir o qədər yüksək olur. Digər tərəfdən elmi rəhbərin dəstəyi olmadan gənclər tədqiqatlarını uğurla tamamlamaqda çətinlik çəkirlər. Ona görə də elmdə ilk addımların atılması zamanı elmi rəhbərin rolu çox vacibdir. Bu baxımdan mən özümü çox şanslı hesab edirəm. Çünki elmi rəhbərim professor Əli Məmmədov hər bir gənc tədqiqatçı üçün arzulanan rəhbərdir. Əli müəllim ilə ilk tanışlığımızdan fizika elminə olan marağım daha da artdı. 2004-cü il idi. Əli müəllim 50 yaşında gənc və maraqlı araşdırmalarını davam etdirən alim idi. Eyni zamanda Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunda laboratoriya rəhbəri idi. Mən isə Bakı Dövlət Universitetinin 4-cü kurs tələbəsi idim. Mənə xüsusi qayğı ilə yanaşdı. Elmi tədqiqatların əhəmiyyətindən, elmdə uğur qazanmağın yollarından danışaraq öz tələbələrinə qayğı göstərməyə və dəstək olmağa hazır olduğunu vurğuladı. Həmin müddətdən 20 il ötməsinə baxmayaraq Əli müəllim yenə də tələbələrinə və elmə gəlmək istəyən gənclərə dəstəyini əsirgəmir. 5 fəlsəfə doktoru, 2 elmlər doktoru yetişdirərək şərəfli elm yolu yaşamış professor elmin 70 illik zirvəsindədir.      

Əli İsa oğlu Məmmədov 27 fevral 1954-cü ildə Naxçıvan şəhərində anadan olmuşdur. 1971-ci ildə Naxçıvan şəhər 3 saylı orta məktəbi “Qızıl medalla” bitirmişdir. 1977-ci ildə Moskva Elektron Texnikası İnstitutunun "Avtomatika və elektronika" fakültəsini bitirərək "Mühəndis-fizik" ixtisasına yiyələnmışdir. Əmək fəaliyyətinə Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunda başlamışdır. 1977-2002-ci illərdə kiçik elmi işçi, böyük elmi işçi, “Registr” XKB-nundirektoru vəzifələrinində çalışmış, 2002-ci ildən isə “Qeyri-standart nəzarət və diaqnostika” laboratoriyasına (hazırda “Ferroelektriklər və funksional materiallar” laboratoriyası adlanır) rəhbərlik etmişdir. 1986-cı ildə “GaSe-nin nazik təbəqələrində kvant ölçülü effekt” mövzusunda fəlsəfə doktorluğu, 2007-ci ildə isə “Pyezo-, piro- və termoelektrik kompozitlərdə polyarizasiya prosesləri, fazalararası qarşılıqlı təsir və istilik fiziki effektləri” mövzusunda elmlər doktoru dissertasiyasını müdafiə etmişdir. 2015-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən professor elmi adı verilmişdir. Professor Əli Məmmədovun əsas tədqiqat istiqamətləri funksional materialların quruluşunun və elektrik xassələrinin tədqiqi istiqamətindədir. Bu tədqiqatlara həsr edilmiş 150 məqalənin, 14 müəlliflik şəhadətnaməsinin, 1 patentin, 1 monoqrafiyanın müəllifidir. 30 avqust 1996-cı ildə keçirilmiş hərbi sərgidə Əli Məmmədovun rəhbərlik etdiyi AMEA Fizika İnstitutunun XKB-da işlənib hazırlanmış kəşfiyyat xarakterli Pilotsuz Uçuş Apparatı o zaman Azərbaycan Respublikasının Prezidenti olmuş, ulu öndər, Ümummulli lider Heydər Əliyevə nümayiş etdirilmişdir. XKB-da işlənilib hazırlanmış zərbəsiz rəngli çapedici qurğu Venera-Qalley beynəlxalq tərübəsində uğurla istifadə olunmuşdur. 2009-2015-ci illərdə Milli Aviasiya Akademiyasının professoru olmuşdur. Elmi fəaliyyəti dövründə Rusiyanın Birləşmiş Nüvə Tədqiqatları İnstitutu və Cənub Federal Universiteti, Almaniyanın Bayrot Universiteti, Türkiyənin Gəbzə Texniki Universiteti ilə beynəlxalq tədqiqatlarda iştirak etmiş, beynəlxalq səviyyəli konfranslarda məruzəçi kimi iştirak etmişdir. Müxtəlif illərdə elmi müəssisələrin nəzdində fəaliyyət göstərən fizika və texnika elm sahələri üzrə dissertasiya şuralarının üzvü olmuş, iddiaçılara rəyçi və apponent olmuşdur. 

Professor Əli Məmmədov Azərbaycan fizika elmində özünəməxsus yeri olan alimdir. Uzun müddət işlədiyi Fizika İnstitutunda daima kollektivin diqqətində olan, ölkəmizin aparıcı alimləri tərəfindən hər zaman hörmətlə qarşılanan tədqiqatçılardandır. 70 ilin zirvəsində olan Əli müəllim ömrünü Azərbaycan elminə həsr etmiş, əsasını qoyduğu laboratoriyada yeni alimlərin yetişməsi üçün əlindən gələni əsirgəməmişdir. Ona görə də onun yaratdığı elmi məktəb uzun illər davam edəcəkdır. Əli müəllim tələbələri üçün hər zaman elmin zirvəsi hesab ediləcəkdir.

70 illik yubileyi münasibətilə professor Əli Məmmədovu ürəkdən təbrik edirəm. Ona uzun ömür, can sağlığı, elmi fəaliyyətində yeni yaradıcılıq uğurları arzulayıram.

 

Fizika elmləri doktoru                                                                        Sakin Cabarov.