Rəfail Tağızadə : -Yuxumu qarışdırmışam

Yuxumu qarışdırmışam...
Əqrəbdən asılan fikirlər
udur gecə saatlarını.
Zamansız qaranlıq asılıb pəncərədən,
Ayın son işartıları yox olur göy üzündən.
Əriyən gecə səhərə doğru axır,
pərdənin solan gülləri
maddım-maddım üzümə baxır.
Xəfif, çox xəfif bir rüzgar əsir
dolaşıq düşüncələrdən.
Olmadığım gecə hələ qurtarmamış
səhərın gümanları yapışıb
qapımın darıxan dəstəyindən.
Qulağıma qışqırır itən zaman,
dağılır boş məkan.
Bu gecə sən yoxsan yuxularımda,
bu gecə mən yoxam yuxularında.
Gecə də mənim deyil gündüzlərim tək.
Zamansız qaranlıq asılıb pəncərədən.
Zamansız qaranlıqda
həsrətim, intizarım,
zamansız qaranlıqda
saatın əqrəbindən
asılı qalmışam mən...