"PALİTRA”NIN  PAYIZ NOTLAR

MƏDƏNİYYƏT 10:37 / 28.09.2023 Baxış sayı: 6225

Sentyabrın 24-də  AYB Mingəçevir bölməsinin nəzdində fəaliyyət göstərən “Palitra” Ədəbi Klubunun növbəti (“son bazar”) tədbiri keçirilmişdir. Bölmə rəhbəri İsmayıl İmanzadə yazarların söz məclisini giriş sözləriylə açaraq, ərən Azərbaycan oğullarının iki gün qabaq xalqımıza növbəti dəfə Zəfər sevinci yaşatdıqlarını məmnunluq hissiylə vurğulamış və bu qələbənin həzin notlarını misra-misra əks etdirən “Zəfərin mübarək, Vətən” adlı şeirini oxumuşdur.

Kəlbəcər əsilli ədəbiyyat sevdalısı Hacı Sərdar Xankişiyevin şəhidlərin ruhuna yönəlik duasından sonra Tanrı Dərgahında əbədi olaraq yer alan ərənlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Tədbirə qatılan yazarlardan Bəhman Gülövşəli, Kəmalə Əyyubqızı, Sərdar Xankişiyev və Elbəyi Dağbəyi də düşmənə qarşı savaşlarda canlarını Vətən yolunda qurban verən şəhidlərimizi və Zəfər sevincimizi sərgiləyən şeirləri ilə tədbirə həzin notlar bəxş etmişlər.

Şairlərdən Ağabala Salahlı, Ənvər Durucalı və Mahir Musa isə yurdumuzun təbiət gözəlliklərini, ülvi məhəbbəti vəsf eləyən şeirləri ilə yadda qalmışlar.

Sonda bölmə rəhbəri növbəti ayda görülməsi nəzərdə tutulan işlərdən söz aşmış, yazarlara uğurlar arzulamışdır!

P.S. “PALİTRA”NIN BU DƏFƏKİ TƏDBİRİNİN GEDİŞİNİ SƏRGİLƏYƏN FOTO-ŞƏKİLLƏRİN İŞƏ YARAMADIĞINA TƏƏSSÜFLƏNSƏK DƏ, ƏHVAL-RUHİYYƏMİZİ POZMADIQ! SAĞLIQ OLSUN, QARŞIDA HƏLƏ BİZİ GÖZLƏYƏN

MƏCLİSLƏRİMİZ ÇOXDUR!

AZƏRBAYCAN YAZIÇILAR BİRLİYİNİN MİNGƏÇEVİR BÖLMƏSİ