MÜDRİKLİYİN ƏLVAN ÇALARLARI

MƏDƏNİYYƏT 08:32 / 10.02.2025 Baxış sayı: 2891

TARİYEL ABBASLI - 70

İndiki günlərimizdə ömrünün yetmişinci pilləsindən sabahkı günlərə boylanan Tariyel Abbaslının həm tanınmış alim, həm də yazıçı-publisist qismində imzası çoxlarına tanışdır. Məhz elə buna görə də yubiliyar dostumun yetmiş illik həyat yolundan yox, elmi-ədəbi fəaliyyətindən azacıq da olsa söz açmağı məqbul hesab edirəm.

Keçmiş Azərbaycan Dövlət Pedaqoji İnstitutunun yetmişinci ilərdəki məzunlarından olan Tariyel müəllim, təyinatla Cəbrayılın Çullu, Daş Veysəlli kəndlərində bir neçə il Azərbaycan dili və ədəbiyyatı fənni üzrə müəllim işləyəndən sonra, rayon mərkəzindəki dədə-baba ocağına qayıdaraq, tarix-diyarşünaslıq muzeyində fəaliyyətini davam etdirməyə başlayıb.

1978-ci ilin yanvar ayının əvvəllərində rayon komsomol komitəsinin büro iclasının qərarı ilə yaradılan və mənim rəhbərliyimlə Cəbrayılın düşmən tərəfindən işğala məruz qaldığı vaxta qədər yaradıcı ziyalıların söz məclisi kimi önəm kəsb edən “Ümid” Ədəbi Klubunun ən fəal üzvlərindən biri olub. Həmin illərdə Tariyel Abbaslı zaman-zaman ustad el sənətkarları kimi tanınan Dirili Aşıq Qurbani, Mücrüm Kərim, Aşıq Pəri, Bağban Məhəmməd, Aşıq Mahmud, Aşıq Humay, Aşıq Surxay, Aşıq Abdulla... barədə yazdığı elmi-tətqiqat xarakterli məqalələri ilə diqqət mərkəzində idi. Rayon muzeyinin eksponatlarının zənginləşməsində də xüsusi zəhmət sahibi olduğundan, tarixi keçmişimizin canlı izlərinin qorunub saxlandığı bu məbədə səksəninci illərin sonlarına yaxın rəhbərlik etməsi onun əmək fəaliyyətinin ən parlaq izlərinə çevrilmişdi.

O, bədnam qonşularımızın Cəbrayıldakı tarixi yurd yerlərimizə göz dikdiyi vaxtlarda könüllülərdən ibarət “Ziyalı” batalyonun üzvləri sırasına qoşularaq sinəsini doğma torpaqlarımıza sipər etməyi də özünə borc bildi. 1993-cü ilin avqust ayından sonra tarixi düşmənlərimizin dəf olunmayan həmlələri nəticəsində rəhbərlik etdiyi muzeyin demək olar ki, eksponatlarının 90-95 faizindən çoxunu xilas etməklə, paytaxt Bakıya üz tutdu. Köçkünlüyün ilk illərindən Bakının İstiqlal muzeyində fəaliyyətini davam etdirən rayon muzeyinə rəhbərlik etməklə yanaşı, Azərbaycan radiosunun əməkdaşı qismində çeşidli mövzularda hazırladığı verilişlərlə də bacarıqlı jurnalist kimi tanınmağa nail oldu. Və həm də rayonda yaşadığı son illərdə Dirili Aşıq Qurbani barədə qələmə aldığı elmi işi ilə ilgili tədqiqat xarakterli mənbəələri araşdırmağa başladı. Son nəticədə isə, 2006-cı ildə görkəmli filoloq alim Mürsəl Həkimovun elmi rərbərliyi ilə yazdığı “Dirili Aşıq Qurbaninin poetik irsi” mövzusundakı dissertasiyasını uğurla müdafiə edərək filologiya üzrə fəlsəfə doktoru elmi tituluna layiq görüldü.

Tariyel müəllimin elmi-ictimai fəaliyyəti ilə yanaşı müəllifi və həmmüəllifi olduğu bir sıra kitabları da onun çoxşaxəli yaradıcılığından soraq verən ən önəmli faktlardan biridir. “Cəbrayıl” kitabının və I və II Qarabağ Müharibəsi şəhidlərindən bəhs edən “Torpağın qanlı köynəyi” (1994), “Qəm leysanı” (1999), “Zəfər yolunda” (2021) kitablarının həmmüəllifi, “Ana salamat qal” və “Bənövşə” almanaxlarının tərtibçisidir. Onun bədii təxəyyülünün nişanəsi olan “Ömrün əzablı yolları” sənədli povesti isə müharibə mövzusunda yazılan ən maraqlı əsərlərdən biridir.

Alim dostum köçkünlük illərində çoxlarının dərd ortağı, yaxın sirdaşı olmağı da bacararaq, çoxsaylı insanlar arasında həssas qəlbli bir çəxs kimi dəyər qazandı. Uzun illərdən bəri istedadlı tarixçi alim-şair Yusif Dirili ilə birlikdə Bakıda fəaliyyət göstərən və Dirili Aşıq Qurbaninin adını daşıyan sözlü-sazlı məclisin uğurlu fəaliyyəti üçün əlindən gələni əsirgəmədi...

Yetmiş illik ömrünün böyük bir kəsimində həm alim, həm jurnalist, həm də yazar kimi şöhrət sahibi olan yaradıcı bir insanın fəaliyyətini yığcam bir yazıda əks etdirmək o qədər də asan məsələ deyil. Ancaq bununla belə mən Tariyel Abbaslının yaradıcılığının bəzi nüanslarından söz açmağa çalışdım. Sonda yetmiş illik yubileyinin sevincini dostlarıyla birlikdə bölüşən Tariyel Abbaslıya möhkəm cansağlığı, könül xoşluğu, yurd vüsalı və yaradıcılıq uğurları arzulayıram!

P.S. AYB-nin Mingəçevir bölməsinin yazarları da dəyərli bir dost qismində yaxından tanıdıqları Tariyel müəllimi salamlayıb, təbriklərə ürəkdən qoşulurlar!

İSMAYIL MƏRCANLI İMANZADƏ

Azərbayan Yazıçılar Birliyi Mingəçevir bölməsinin sədri

08.02.29022