İSMAYIL MƏRCANLI İMANZADƏ: - SÖZ BAZARI

Ədəbiyyat 12:53 / 23.04.2024 Baxış sayı: 3501

 

Boyat kəlmə nə şəkərdi, nə duzdu,

Özgələrə güvənənlər uduzdu.

Dostum, indi söz hər şeydən ucuzdu,

Görürsənmi, satan çoxdu, alan az!

 

“Bəh-bəh” deyir hərəyə öz dəstəsi,

Alqışlanır naşıların “bəstəsi”.

Qərar verən “münsif” tərif xəstəsi,

Yaddaşlarda xatırlanıb qalan az!

 

Ərəmik söz “tilovla” hay-küy tutur,

Haqsızlığı nə yer, nə də göy tutur.

“Dişsiz” tənqid təmənnalı züy tutur,

Zənn etmə ki burda əfi “ilan” az!

 

“Ənam” alan kəslər səsli-soraqlı,

Yamanlığın acı dili yaraqlı.

Di, gəz görüm bəxti əliçıraqlı,

Necə deyim, sən nişanda olan az!

 

Anladınmı, şairlik bir azardı,

İndi “nalbənd”, “pinəçi” də yazardı...

Qəm eləmə, bu da bir cür bazardı,

Ta demə haa.. burda zurna çalan az!

 

 

23.04.2022