İSMAYIL İMANZADƏ : - ŞAİR
Sevgisi qəlbi coşduran,
Gəlini-qızı çaşdıran.
Baxışı göz qamaşdıran -
Yetənə vurulan şair.
Tüstülənər hər yaşında,
Tapar dilini daşın da.
Bir qəfil söz savaşında -
Düyməsi qırılan şair.
Gizlətməz başını qında,
Bənd olan deyil heç yanda.
Tək bircə göz qırpımında -
Bulanıb-durulan şair.
Qədrini nə bilir naşı,
Qəzəbi də ər savaşı.
Nadanla getsə yanaşı -
Usanıb yorulan şair.
Ömrü-günü verməz bada,
Ağzı sözlə gələr dada.
Sınmayır dar ayaqda da -
İçindən qırılan şair.