Həzi Həsənli : - Zəfər
Ən böyük zəfərin mübarək, Vətən,
Könlümdə əzbərdi, dilimdə zəfər...
Qarabağ deyilən bu ürək, Vətən,
Döyünür obamda, elimdə... zəfər
Ana Vətən, torpağında, daşında,
Ordun zəfər çaldı haqq savaşında,
Gül açdı yurdumun hər qarışında,
Dil açdı sazımın telində zəfər...
Qəlbindən qəmi at, qübarı götür,
Mən sazı götürüm, sən tarı götür,
Qarabağ bülbülüm Şuşada ötür,
Bəmimdə zəfərdi, zilimdə zəfər.
Oğulların doğulsa da ölməyə,
Şəhidlərin ucaldılar zirvəyə,
Zirvələrdən sevincimi bölməyə
Zəfər bayrağımdı, əlimdə, zəfər!
, 05.12.2023