Faiq Balabəylidən  İKİ ŞEİR 

Ədəbiyyat 09:34 / 10.05.2024 Baxış sayı: 1093

ÜRƏYİMİN QÜBARI

Uşaq vaxtı

barmağımın pıçılğanı,

ayağımın tikanı

əllərimin qabarı

ürəyimin qübarı

çox olardı.

Gözlərimin,

kipriyimin kənarı

toz olardı...

Həyətdəki

erkək tutdan asılan

tiyəsi küt orağımız varıydı.

Qışda isti, yayda soyuq

buxarısı hislə dolu

ocağımız varıydı.

Yadımdadır,

sapand ilə atdığım

daşların da gözəlini seçərdim.

Heyvanlara ot biçməkçün

adlayardım Bazını-

Xamravaya keçərdim.

Nəyi vardı dostlarımın,

hamısı mənim idi,

mənimki də onların.

Ayaq yalın dolaşardıq çölləri

biz ağını çıxarardıq yolların.

“Tutun altı” deyilən yer varıydı

uşaqlarla toplaşardıq yaz ağzı

çıxarardıq ətcələri yuvadan.

Sonra böyük kişilərtək oturub

gop edərdik, danışardıq

“Nemeslərlə” olub keçən davadan.

Babamızın, əmimizin keçdiyi

döyüş yolun özümüzə yazardıq

Gecələri qonşunun bostanına

oğurluğa xəlvət-xəlvət sızardıq.

İndi artıq ayağımın tikanı

Barmağımın pıçılğanı,

əllərinin qabarı

olmasa da

yaman artıb ürəyimin qübarı...

 

HƏR ŞEY GECƏ BAŞLAYIR..

 

Hər şey gecə başlayır:

Xəstəliklər, sevgilər

sabahın xoş gəlişi,

daha nələr və nələr...

Ürəyin çırpınması

kipriyin qırpınması

çiçəyin açılması-

hər şey gecə başlayır.

 

Gizlin, oğrun sevgilər

bir az yorğun sevgilər

ürəklərdə yer tutan

qaynar, durğun sevgilər-

Hər şey gecə başlayır...