Əlisəfa Azayev : - Çinarlı məkan!...

MƏDƏNİYYƏT 09:39 / 14.07.2024 Baxış sayı: 4535

 

 

... Səhərdir... Ağsudan gələn yüngül maşına minib, Ağdaş istiqamətinə hərəkət edirlər. Sürücü Uğur Babayev maraqlı adama oxşayır. Deməsinə görə, uzun müddət dəyirmanda işləyib. İndi Gəncədə yaşayır... Kənan hərbçidir. Tanış çıxırlar. Bizim kənddən olan Cənnətin nəvəsidir. Atası Füzulidir. Anar, deməsinə görə, avtokran sürücüsüdü... İman Nuriyev Rusiyadan gəlib. Özünü çəkib otursa da, söhbətin maraqlı keçdiyini görüb dillənir:

- Artıq altmışdan yuxarı yaşım var. Heç bilmirəm yenidən Moskvaya qayıdım, ya yox...

- Qərar sizindir...

Radioda Dövlət Himni səslənir:

 

Azərbaycan! Azərbaycan!

Ey qəhrəman övladın şanlı Vətəni!

Səndən ötrü can verməyə cümlə hazırız,

Səndən ötrü qan tökməyə cümlə qadiriz,

Üçrəngli bayrağınla məsud yaşa!

Üçrəngli bayrağınla məsud yaşa!

 

Rusiyadan gəlmiş qardaş iqtisadi vəziyyətdən gileyli danışanda, belə bir fikir ifadə olundu ki, sağ olsun Ulu Öndərimiz Heydər Əliyev!... Sağ olsun Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyev ki, artıq Qarabağ bizimdir!... Şuşa, Xocalı bizimdir!... Xankəndində üçrəngli al bayrağımız dalğalanır!... Onun qətiyyəti, dönməzliyi ilə bu zəfərlər əldə olundu... Qardaş da təsirlənmiş halda:

- Əlbəttə ki... – dedi. - Mən nə deyirəm ki... Bu danılmazdır...

... Bakıdan gələndə Ləkidə düşüb, taksi və ya marşrut mikroavtobusları ilə Ağdaşa getmək daha rahat və asan olur. Mən də Kürdəmirdən bu yola başladım, saat 8-də artıq Ağdaş şəhərində idim. Səhərin sakit, xoş, sərin havasında Heydər Əliyev prospekti ilə addımlamaqda idim...

Ağdaş şəxsən mənim üçün həmişə önəmli, gözəl yer olub. Söz-söhbət düşəndə də deyirəm: "Bu gözəl, çinarlı məkan respublikanın üçüncü ən gözəl şəhəri adını almağa layiqdir. Əlbəttə, Gəncədən sonra... Gəncə bizim ulu paytaxtımızdır. Qanlı-qadalı, mübarizələrlə dolu çox tarixi günlərimizin şahidi olub.

Bu gözəl məkan havası, suyu, bərəkətli torpağı ilə əsl mənada cənnətməkan bir yerdir. Ağdaşda olanda çox şeylər məni heyran elədi. O cümlədən, eyni böyüklükdə, eyni şaxəli, yaşlı, olan 10 çinar ağacının yaşam taleyi. Ağdaş parkında, körpələr evi səmtində olan bu ağaclar, sanki, bəhsə girmişdilər. Boy atmışdılar ha... Şəhər nümayəndəliyinin binası yaxınlığında.

Şəhərin mərkəzi təmiz idi. O cümlədən, Ulu Öndərimizin adını daşıyan "Heydər Əliyev" parkının... Yaşlı bir qadın hələ də süpürgə süpürməkdə, səliqə-sahman yaratmaqda idi. Kimsə onu səslədi... Soruşdu:

- Bəs qarğalar hanı, gözə görünmürlər?

Qadın gülümsər halda dedi:

- Gələrlər... Bu yaxında gələrlər...

Nəzərə alın ki, üç il əvvəl burada olanda, xoş fevral günü qarğalar necə qarıldaşır, səs salırdılar. Hətta biri dedi:

- Hörmətli qonaq gəlmişdi. İcra işçiləri çətirlə onu qorumalı olurdular ki, üst-başı bulaşmasın.

Ağdaşda klassiklərə böyük hörmət-izzət var. Nizaminin, Füzulinin heykəlləri... Maqsud Şeyxzadənin ev muzeyi... Qədim binalar, onların görünməsini bildirən yazılı lövhələr. Bu yerdə yadına Zeynal bəyin mülki düşdü. Onun Kürdəmirdə, Qaramahmudlu kəndlərinə yaxın bir yerdə təsərrüfatı olub. Əslən Dağıstanın Axtı qəsəbəsindən olub, Ağdaşda məskunlaşıbmış. İkinci həyat yoldaşı onların kəndindən olan Züleyxa adında biri olub. Deyilənə görə, Ağdaşdakı evi 37-ci il müsadirələrində uşaq bağçasına verilib.

Onun qızı – mənim qayınanam Əhli xala və anamla birlikdə 1973-cü ildə Dağıstanda, Axtı qəsəbəsində olanda onun yaxınları, qohumları onları necə də mehribançılıqla qarşılayıb görüşdülər. Hətta Zeynal bəyin buradakı ata yurdunda, hələ də gözəl görkəmdə olan  hündürmərtəbəli evində oldular. Evdə dul bir qadın qalırdı. Dil-ağız edərək deyirdi: "Böyük evdir... Neçə ailəyə yer çatar. İstəsəniz gəlib yaşayın". Ev o qədər hündür, əzəmətli idi ki. Birinci mərtəbənin hündürlüyü, bəlkə də, beş metrdən artıq idi. Döşəmə iri, qaralmış dağ ağaclarından döşənmişdi. Sanki, tikili yenicə tikilmişdi. O qədər möhkəm, səliqə-sahmanlı, gözoxşayan görünürdü ki...

Respublikanın 49 dövlət notariusunun həyat və iş fəaliyyətindən bəhs edən "Əzəl qanun" kitabı çap olunanda Ağdaş rayon dövlət notariusu Məhəmməd kişi də orada yer almışdı. Təmiz, öz işinin adını bilən bir ədliyyə işçisi kimi. İndi isə notarius Ayaz Salahov idi. Yenicə çapdan çıxmış "Notariusun qeydləri", "Notariat sirri" kitablarından ona verdim.

Ağdaş MKS-də onu çox mehribanlıqla qarşıladılar. Bir vaxtlar onu bura gələndə ilk dəfə qarşılayan İbrahimova Sevgili xanım indi direktor müavini olmaqla yanaşı, həm də əvvəlki direktor Feyzullayev Seyfəddin Yusif oğlunu təqaüdə gedəndən əvəz edirdi. Seyfəddin müəllim 40 ildən artıq müddətdə Mərkəzi Kitabxanaya rəhbərlik etmişdi.

Ağdaş ziyalılarından söhbət düşəndə Sevgili xanım dedi:

- Azərbaycan Yazıçılar Birliyi Ağdaş bölməsinin sədri şair Fəxrəddin Əsədlə səmimi münasibətimiz var. Bütün tədbirlərimizdə iştirak edir. Bu günlərdə 70 yaşı tamam olub. Yubiley tədbiri keçiriləcək.

Dərhal dilləndi:

- Çox yaxşı, iştirak edərik.

- Elə isə çağırım, görüşün.

- Yaxşı olar.

Xanım dərhal zəng çaldı. Fəxrəddin müəllim 10-15 dəqiqəyə orada olacağını desə də, bəlkə də, daha tez gəldi. Səmimi görüşdülər. Üzdən bir-birilərini tanısalar da, şəxsən münasibətləri yox idi. Çox təəssüf. Qısa bir müddətdə Fəxrəddin Əsədin insanlığına valeh oldu. Fəxrəddin müəllim çox orijinal insandı. Uzun müddət Rusiyada əmək fəaliyyətində olub. Özü kimi şeirlərinin də özünəməxsusluğu var. Başqalarından seçilir. Dərinmənalılığı, məna çalarları ilə. "Payıza açılan qapı" şeirlər kitabını ona hədiyyə etdi: "Əlisəfa müəllimə sevgi və sayqılarla". Şeirlər gözəl, poetikdir:

 

Sən mənim uzaq sevdam,

Hamıdan gizlətdiyim.

Suya həsrət torpağam –

Yaz yağışın gözləyən.

 

Mərkəzi Kitabxana kollektivi ilə görüşümüz xeyli çəkdi. Kitablarımdan, yazılarımın, əsərlərimin məziyyətlərindən söhbət açdılar. Oxuculardan Musayeva Könül, İsmayılova Hüsniyyə, Qocayeva Sevda, Cavadova Ruhiyyə, Səmədova Xuramanın adları çəkildi. Görüş zamanı ağdaşlı ziyalılar mərhum musiqiçimiz, gözəl kamança ustası Habil Əliyev, böyük şairlər Fikrət Qoca, Adil Mirseyid, yazıçı Xeyrəddin Qoca və başqaları xatırlandılar. Böyük musiqiçimiz, gözəl kamança ustası Habil Əliyev hər birimiz üçün yaxın, doğma idi. Onun adını daşıyan Ağdaş şəhər Musiqi məktəbinin müasir tipli gözəl binasına baxıb fərəhlənməmək mümkün deyil. Buradakı böyük lövhədə oxuyuruq: "Şəhid mayor Mayılov Emil Şahid oğlu 23.02.1987. 2021-ci il 30 noyabr tarixdə xidməti vəzifəsini yerinə yetirərkən 14 nəfər yüksək rütbəli zabitlərlə birlikdə helikopter qəzasında şəhid olmuşdur".

Yenə kimsə süpürgəçi qadını səsləyir:

- Məsmə xala...

- Yox Məxmər... - Qadın onun sözünə düzəliş verir.

Mərkəzi parkda uşaqların əyləncə mərkəzi fəaliyyət göstərir. Şirniyyat, xüsusilə dondurma satılan yer var. Şəhər nümayəndəliyi yaxınlıqda yerləşir. 13 nömrəli körpələr evi də. Bir uşağa qayğı göstərən xanım deyir:

- Xoşbəxtdilər ki, belə bir yerdə dincəlir, tərbiyə olunurlar.

Qadın razılıq hissi ilə gülümsəyir:

- Bəli... Əlbəttə ki.

- Adınız?...

- Gülşən...

- İşlərinizdə uğurlar arzulayıram...

Ağdaş şəhərində olanda Mərkəzi Aran Regional Mədəniyyət İdarəsində olsa da, idarənin rəisi Aydın Bəşirovla görüşə bilmədi. Yerində yox idi. Harasa getmişdi. Onu rəisin müavini Qasım Qasımov qəbul etdi. Gözəl bir insan idi. Xeyli müddət birlikdə olub, şirin söhbət etdilər. Qulaqlarımda Prezident İlham Əliyevin sözləri səslənirdi: "Biz Azərbaycan xalqının zəngin milli-mənəvi dəyərlərin, ənənələrin qorumalıyıq, saxlamayıq, təbliğ etməliyik".

Bəlkə də, elə Qasım müəllim bu fikirlə də Regionun Kürdəmir rayon şöbəsinin müdiri Natiq Tarverdiyevə zəng çalaraq dedi:

- Yazıçı Əlisəfa Azayev burada yanımızdadı. Onun bütün tədbirlərdə iştirakına şərait yaradın.

Əməkdaş razılıq edəndə, Qasım müəllim dedi:

- O sizi lap yaxşı tanıyır. Dedi ki, onunla rayon gənclərinin görüşünü planlaşdırmışıq. Yaxın vaxtlarda keçiriləcək.