Ələsgər Əlioğlundan İKİ HEKAYƏ
HƏRBİ QƏNİMƏTLƏR PARKINDA
(Hekayə)
Turqut babası ilə Hərbi Qənimətlər Pakına gəlmişdi.O, buradakı pulemyotlara, minamyotlara, tanklara, toplara, bir sözlə, bütün hərbi sursatlara çox maraqla tamaşa edirdi. Birdən o, babasına dedi:
-Baba, bu tanklardan birini mənə alarsan?
Baba gülümsəyə-gülümsəyə dilləndi:
-Əziz balam, bunların hamısı alınıb!
-Kim alıb ki, ay baba?
-İgid oğullarımız!
-Görəsən nə qədər pula alıblar, ay baba?
-Pulla almayıblar, bala! Qanla alıblar,qanla! Sən də böyüyəndə əsgər gedərsən. Onda lazım gələrsə, tank da alarsan, lap top da!..
-Alaram, baba, alaram! Lap hamısından da alaram!
10.09.2023
MÜQƏVVA DÜŞMƏN
(Hekayə)
Turqutla Aqil oyuncaq avtomatlarını götürüb həyətdə "dava-dava" oynamaq istədilər.Turqut dedi;
-Aqil, sən düşmən ol, döyüşməyə başlayaq.
Aqil razılaşmadı:
-Yox,sən düşmən ol...
Uşaqlar beləcə bir xeyli cəhliləşdilər.Heç biri düşmən olmaq istəmirdi.Onların cəhli çəkdiklərini görən baba yaxınlaşıb işdən halı olduqdan sonra gülümsəyə-gülümsəyə dilləndi:
-Bir az gözləyin, mən indi sizə düşmən taparam.
Baba bostana girdi və bir azdan geri döndü. O,ötən yazdan yerə sancdığı müqəvvanı əlində tutmuşdu:
-Buyurun, bu da sizin üçün düşmən!.. İndi nə qədər istəyirsiniz döyüşün.. .
Uşaqlar növbəylə müqəvvaya atəş açmağa başladılar...
2023