Ələsgər ƏLİOĞLU : - DİL MÜƏLLİMİ

("Xatirələrim" silsiləsindən)
Haradansa azıb-təzib
Bir rus dili müəllimi
Gəlib çıxmışdı kəndimizə.
Adı da Saşaydı,
Yaxşı dərs verirdi bizə...
Özü də keçəliydi,
Qısqanclıqdan
Həm saçımızı,
Həm də dilimizi
Qoymurdu uzanmağa...
Hansı uşaq onun dərsində
Ana dilində danışsaydı,
Tezcə onu
Götürərdi tozanağa...
İş o yerə çatmışdı ki,
Kəndin ağsaqqalını da,
Ağbirçəyini də rusca
Qım-qımıya alışdırmışdı.
Satıcı da çörək budqasının
Qabağına
"XLEB" yazıb yapışdırmışdı...
Daha nə deyim...
Bu zalımoğlu Saşa
Götürmürdü bizim dili,
Sözləri bir-birinə qarışdırırdı.
O, lap barmağına dolamışdı
bu boyda kəndi,
Hamını da rusca danışdırırdı...
Bir neçə ildən sonra,
Saşa kənddən yoxa çıxdı,
Bilmədik getdi
Hansı diyara, hansı obaya,oymağa...
Kənd yavaş-yavaş özünə qayıtdı,
Başladı öz dilimizdə
Rahat-rahat danışmağa...
03.02.2025