Əbülfət Mədətoğlu : - Səni unutduğum GÜN

Axtarış vermişəm, araşdırmışam
Dünəni bu günə yaraşdırmışam!..
Hələ də, ağlmda, qarışdırmışam -
Səni unutduğum Gün, hansı gündü?!
Gündüz dörd göz ilə gəzib, baxıram
Eynəyin üstündən eynək taxıram!
Həftənin sonuna gəlib çıxıram -
Səni unutduğum Gün, hansı gündü?!
Gecə səhərəcən yazıb silirəm,
Nəyi bilmirəm mən, nəyi bilirəm?!
Yenə o , sualın üstə gəlirəm -
Səni unutduğum Gün, hansı gündü?!
Təqvimi min dəfə ələyib dən, dən
Düzürəm anları boy sıraya mən!..
Nə təxmin edirəm, eh..nə də ki, zənn -
Səni unutduğum Gün, hansı gündü?!
Duan varlığımdan, adın dilimdən -
Düşmür, gələn budur, indi əlimdən!..
Suala cavab ver, varmı, bilim mən -
Səni unutduğum gün , hansı GÜNDÜ!