Əbülfət Mədətoğlu : - Hər duamın...

Hər duamın əvvəli SƏN, sonu O -
İkinizin işığında varam mən!..
Bir sevginin bütövlüyün tamlayan -
Həsrətimə, vüsalıma yaram , mən!
Gəlişimə kilidlənən qapının,
O üzündə xatirədi hıçqıran...
Əl izimlə cilidlənən qapının -
Bu üzündə baxışımdı qışqıran!..
Ortalıqda nimdaşlaşan ruhumun,
Nə çəkdiyin bilən O-du, bir də SƏN!
Ürəyimin sahibidi bilir, O! -
Demək SƏN də ONUNla bir yerdəsən!
Hər halımın, hər anımın duası
Ünvanlanır SƏNƏ, yalnız O-nunçün!
O bir eşqin əbədiyyət yuvası -
Axtaranda məni O- dan soruşun!