Əbülfət Mədətoğlu : - Anama CÜMƏ ŞERİM

Ədəbiyyat 11:11 / 24.05.2024 Baxış sayı: 1857

 

Heç vaxt şəkilinlə danışmadım mən

Yadıma düşəndə telefon açdım...

Sənin yoxluğunla barışmadım mən-

Yuxuda , bu gecə , üstünə qaçdım -

Mənim çiçəklərdən, ay çiçək, anam!

 

Evdə gün sayırlar, məndən xəlvətdə

Deyirlər , az qaldı qırx tamamına...

Gizlin söhbət gedir səndən əlbətdə -

Mən girib -çıxıram dərd hamamına -

Gücüm də tükənir, tay çiçək anam!..

 

Vaxtın sürətinə sübhəm çoxalıb

24 Aprel...və bəlli də il...

Mənim ürəyimdə qırıq ox qalıb -

Ananda o günü - sızıldayır dil -

Mənim qaçqın bəxtli. ağ birçək anam!

 

İndi albomları açıb baxıram

Səninlə şəklim çıxmır önümə...

Yersiz öz-özümdən coşub çıxıram -

Yazıq, bu şəkilsiz, yazıq günümə -

Qəlbi şəhid dağlı, ağ çiçək anam!

 

Nə ola bilər ki, mənə təsəlli -

Ancaq xatirələr, bir də ki, dua...

Hərdən yuxuma gəl, qoy nəfəsinlə

Yenə də isinsin sən quran yuva -

Mənim çiçəklərdən,ay çiçək anam!