"Bu gələcək uğurlar üçün çox vacibdir "- Tahir Rzayev, millət  vəkili

SİYASƏT 16:38 / 10.05.2024 Baxış sayı: 1693

“Azərbaycanın Avropa ölkələri ilə əlaqələrinin ildən-ilə məöhkəmlənməsi iqtisadi inkişafımızla bərabər milli təhlükəsizliyimizin də təmin edilməsinə hesablanmışdır”. Yenises.az xəbər  verir ki, bu sözləri  verdiyi açıqlamasında Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri, millət vəkili Tahir Rzayev deyib.

 

Komitə sədri vurğulayıb ki, Avropanın enerjiyə olan tələbatının ödənilməsində irəliyə atılan mühüm addımlar, əsaslı layihələrinin imzalanması və uğurla həyata keçirilməsi dövlətimizə siyasi və iqtisadi uğurlar gətirir və onu dünyada sülhə, demokratiyaya, əməkdaşlığa töhfə verən bir ölkə kimi tanıtdırır.

“Strateji tərəfdaş kimi Azərbaycan-Bolqarıstan bu əməkdaşlığın əyani nümunəsidir. 2015-ci ildən davam edən tərəfdaşlıq bu gün özünün ən yüksək mərhələsindədir və Bolqarıstan Prezidenti Rumen Radevin ölkəmizə rəsmi səfəri bunu bir daha sübut edir. Səfər zamanı iki ölkə arasında strateji tərəfdaşlığın gücləndirilməsi haqqında Birgə Bəyannamənin, iqtisadiyyat, nəqliyyat və digər sahələrdə sənədlərin imzalanması, Bolqarıstana qaz ixracının artırılması barədə təkliflərin irəli sürülməsi dostluğun və əməkdaşlığın möhkəmləndirilməsinə bir zəmanətdir.

Cənab Prezident İlham Əliyev mətbuata bəyanatında bildirmişdir ki, “Keçən il 1 milyard 250 milyon kubmetr Azərbaycan qazı Bolqarıstan bazarına nəql edilmişdir. Müqayisə üçün deyə bilərəm ki, 2022-ci ildə bu rəqəm cəmi 600 milyon kubmetr idi. Bizim hesablamalarımız onu göstərir ki, bu ilin sonuna qədər 1,5 milyard kubmetr Azərbaycan qazı Bolqarıstana ixrac ediləcək. Bu da Bolqarıstanın qaz istehlakının təqribən 50 faizini təşkil edir”.

Göründüyü kimi qaz ixracının həcmi kifayət qədərdir və ikitərəfli əməkdaşlığın dərinləşdirilməsinə, strateji tərəfdaşlıq səylərinin artırılmasına, yeni layihələr və müqavilələr üzərində düşünülməsinə imkan yaradır. Bütün səylər, dərinləşən əməkdaşlıq əlbəttə ki, dövlətlərin inkişafına, xalqların birliyinə və xoşbəxtliyinə, hər iki dövlətin milli maraqlarının təmin olunmasına yönəldilmişdir. Bu gələcək uğurlar üçün çox vacibdir və dövlət rəhbərlərinin çıxışlarında səsləndirilən bəşəri ifadələr iki ölkə vətəndaşlarının arzularının ifadəsidir və hər bir insanın istəyidir”, deyə Tahir Rzayev bildirib.