Aida Adıgözəl : - Su pərisi

Ədəbiyyat 11:04 / 31.01.2023 Baxış sayı: 1175

 

Saçlarını yığ qumsaldan Su pərisi,

sən balıq doğulmuşdun,

arzuların qadın idi...

Gecələr çıxdığın sahil,

saçlarını sərdiyin qaya daşları

gətirmədi arzularını sənə,

ta ki tora düşməyənəcən...

Gözləri

gözlərinə sataşan balıqçının

kobud əllərində yığılan torun içində

ürəyin idimi çırpınan,

bədənin idimi, bilmirəm...

Sevilmək arzusu,

hətta ölmək istəyi də keçirdi könlündən balıqçının qollarında!

Balıqçıysa...

Balıqçıysa səni böyük balıq bilirdi,

satmağı düşünürdü,

kimə gəldi,

neçəyə gəldi...

Bir işvəli gülüşəmi,

ehtiraslı öpüşəmi,

sehirli sözlərlə dolu bir şeirəmi?!

Taxta qayığında böyük gəmilərə həsəd aparan kasıb balıqçıda ürəkmi gəzirdi

sənə qadın gözüylə baxmağa,

səndə sevgi axtarmağa?!

Saçlarını yığ qumsaldan Su pərisi,

qaytar çıxan ürəyini yerinə,

bir də qayıtma sahilə!

Qaya daşlarına sərmə qadın arzularını...

Dənizin titrətdiyi yosun evində

qurduğun xəyalı axtarma

köpüklü dalğaların üstündə!

Səni sahildə gözləyən arzuların deyil

balıqçı torlarıdır,

balıqçı torları...