Aida Adıgözəl : - Kim desə "ölülər ağlamır"- yalandır!

Ədəbiyyat 07:13 / 23.04.2024 Baxış sayı: 957

Kim desə "ölülər ağlamır"- yalandır!

Gözlərim şahiddir

hər gün nə qədər ölünün ağlamasına...

Hətta ağlama

səslərinə yata bilmədiyim gecələr oldu.

Zibil qablarını axtaran neçə "ölü" əlləri,

gecə "katok"dan yemək oğurlayan,

məhbus çağrılan

n qədər "rəhmətliklər" gördüm...

Bir qazi əsgər vardı,

iki ayaqları yox!

Minomyot biçmişdi Suqovuşanda!

Danışırdı, gülürdü,

deyirdi - "şükür, sağam, yaşayıram"...

Amma,

amma Suqovuşanda qalmış ayaqları çoxdan çürümüşdü...

Bir uşağı nədənsə tez-tez xatırlayıram,

on iki yaşı olardı,

metro pilləkənində oturub salfet satardı.

İlahi,

gözləri min il idi ki ölmüşdü!

Min illik mumiya kimi qurumuşdu bəbəkləri, içindəki ümid ölmüşdü,

gözlərindəki həyat sönmüşdü,

üzündəki işıq donmuşdu!

Sən demə yaşamaq arzusu,

ümidi ölənlərin

özlərinin ölməsindən xəbəri olmurmuş...

Yarım əsrdi mən də ölmüşəm,

hələ də qorxursunuz özümə deməyə!

Qorxursunuz bağrım çatlar?!

Hahaha...

Ölülərin bağrı olmur,

skeleti olur,

skeleti...