Ağaevli Əli Hacı : - Bu gün ürəyimdə gecə dincəlir...

Bu gün ürəyimdə gecə dincəlir,
bu gün bayırda ol,isin oduma !
Yağışı köçürtdüm yerin altına,
üstündə şam yandır mənim adıma !
Bu əsən küləyin yeri bilinməz,
çoxdandır görünmür Bakının qarı...!
Mən,belə qocaldım durduğum yerdə,
sən də keç üstümdən gününə qarı !
Ayır əllərini yol ayrılan tək,
apar ayağını ilişib qalar !
Ağla,gözlərinin yaşında ölüm
şəklim yanağında qırışıb qalar !
Bu gecə ürəyim mənimki deyil,
bu gecə özümü çölə atmışam !
Sıxma ürəyini,çölü gəzəndə
bu sonun əvvəlin ölü tapmışam !