Afiq Muxtaroğlu : - Gülləni adamın sıxar başına...

Ədəbiyyat 19:39 / 28.04.2024 Baxış sayı: 1594

 

***

Gülləni adamın sıxar başına,

Bir yolluq öldürər adamı yağı.

Bitirər işini cəllad bir anda,

Yox edər bir anda sağlamı-sağı.

 

Qalar qiyamətə istəsə qurdla.

Yüz il də yaşayar, min il də adam.

Bir dostun dilindən dəyərsə yara,

Bir ömür sızıldar, inildər adam.

 

Dost dili qılıncmı? – vurduğu yara,

Göynədər adamı ara vermədən.

Beləcə dərd tapar adam özünə,

Tapar pul vermədən, para vermədən.

 

Xal düşər adamın ürəyinə eh,

Dönər bir əbədi ləkəyə, ala.

Doğmanın danlağı, dostun tənəsi,

Daşı daş üstündə qoyarmı qala?

23 aprel 2024-cü il