ZAMAN-ZAMAN YAŞAMAĞA HAQQI OLAN ŞAİR
jpg-1734545420.jpg)
İyirminci yüzüllükdə Azərbaycan ədəbiyyatını bənzərsiz söz inciləriylə zənginləşdirməklə milyonlarla insanın sevgisini qazanan xalq şairi Hüseyn Arif 32 il qabaq haqqın dərgahına üz tutsa da, indiki günlərimizdə də, sağlığında olduğu kimi ehtiram hissiylə yad edilməkdədir. Dekabrın 18-də Mingəçevir şəhər Mərkəzi Kitabxana rəhbərliyinin dəstəyi və AYB Mingəçevir bölməsinin xəttiylə şairin anadan olmasının 100 illiyi münasibətiylə keçirilən yubiley tədbiri də elə sənətkara yönəlik ehtiram hissinin ən bariz nümunəsiydi.
Mədəniyyət işçilərinin, oxucuların, şəhər ictimaiyyəti nümayəndələrinin və yazarların qatıldıqları sazlı-sözlü yubiley tədbirini giriş sözləriylə açan AYB Mingəçevir bölməsinin sədri İsmayıl İmanzadə Hüseyn Arifin ana təbiətin büllur saflığından və zəmanənin ən dərin qatlarından soraq verən çoxlu ədəbi nümunələrinin heç vaxt oxucu diqqətindən kənarda qalmayacağını əminlik hissiylə vurğulamış, Ulu Tanrıdan şairə qəni-qəni rəhmət diləmişdir.
Şəhər Əmək və Veteranlar Şursının sədr müavini, ədəbiyyat sevdalısı Rizvan Mikayıllı Hüseyn Ariflə ilgili xatirələrini dilə gətirmiş, onun yaddaşında iz salan bir şerini əzbərdən söyləmişdir.
Tanınmış şair Əhməd Əfsun görkəmli söz ustadı kimi oxucu yaddaşında iz salan, bir sıra şeirlərinin, o cümlədən qoşma və gəraylılarının bu günün özündə də aşıqlar və müğənnilər tərəfindən sevilə-sevilə oxunduğunu qeyd etmiş, şairin bir şeirindən nümunələr gətirməklə sənətkarın ruhunu şad etmişdir.
Adətən həmişə söz düşəndə Hüseyn Arif yaradıcılığına məftunluğunu dilə gətirən AYB-nin üzvü, Prezident mükafatçısı şair Elşən Əzim şairin zəngin, çoxşaxəli yaradıcılığının sonrakı ədəbi nəsillərə də örnək olduğunu qeyd etmişdir.
Kitabxana işçilərindən Zamiyə Məmmədova, Pərvanə İsmayılova və Ayət Məmmədli ustad sənətkarın ayrı-ayrılıqda üç şeirini əzbərdən söyləməklə, Hüseyn Arif poeziyasının möhhtəşəmliyini bir daha nümayiş etdirmişlər...
Aşıq Qoşqar balabançı Fərəcin müşaiyyəti ilə şairin illərboyu dillərdə əzbər olan “Meşəbəyi” şeirini həzin bir saz havası üstə ifa edərək tədbirə qatılanların alqışarlarını qazanmışdır.
Yazıçı-publisist, AYB-nin üzvü Zümrüd Rəhimova Hüseyn Arifin Azərbaycan ədəbiyyatında özünəməxsus yeri olduğunu, məhz buna görə də milyonlarla oxucunun sevgisini qazandığını fərəh hissiylə qeyd etmişdir.
Şəhər Mərkəzi Kitabxanasının direktoru Gülnarə Məmmədova çıxış edərkən belə tədbirlərin keçirilməsinin vacibliyini söyləmiş, həmkarlarının oxucu və yazarlarla işbirliyinə yüksək dəyər vermişdir.
AYB-nin Mingəçevir bölməsində istedadlı və məhsuldar qələm sahibləri kimi tanınan şairlərdən Bəhman Gülövşəli, Namiq Zaman və yazıçı-publisist Məmməd Mərzili ana təbiəti övlad sevdisiylə tərənnüm edən ünlü sənətkarın yaradıcılığına və şəxsiyyətinə yönəlik istəklərini dilə gətirmiş, ilahi sözün zaman-zaman ölməzliyini, Hüseyn Arifin də bir-birindən gözəl poetik nümunələrinin bu biçimdə olduğunu qeyd etmişlər.
Aşıq Qorxmazın növbəti ifasından sonra yubiley tədbirinin aparıcısı İsmayıl İmanzadə, hər kəsə təşəkkürünü bildirmiş, Hüseyn Arifin aşağıdakı misralaryla hamıya cansağlığı, uğurlar arzulamışdır:
Ceyran qaçıb çöldən gedir,
Sona uçub göldən gedir.
Sağlığımız əldən gedir,
Sağlıq olsun deyə-deyə...
Görkəmli bir qələm sahibinin,-xalq şairi Hüseyn Arifin ruhuna ehtiram əlaməti olaraq düzənlənən yubiley tədbiri yaddaşlarda iz salan əlamətdar hadisə kimi könül xoşluğu ilə başlamış və elə bu yönümdə də sonuclanmışdır.
RƏŞİD RƏSULOV
AYB Mingəçevir bölməsində ağsaqqallar şurasının üzvü, ədəbiyyat sevdalısı
1717


