YUNANLAR QƏLƏT EDİR, TƏRTƏR CƏHƏNNƏM DEMƏK DEYİL -Aqil ABBAS yazır

YAZARLAR 14:25 / 31.07.2023 Baxış sayı: 1977

 

Tərtər! Tarixçilərin bəzi ehtimallarına görə, bu söz yunanca «tırtır» sözündəndir, «cəhənnəm» deməkdir.

Makedoniyalı İsgəndər bu ərazilərə hücum edərkən Tərtər çayı daşıb və İsgəndərin qoşununa böyük tələfat verib. İsgəndər də əsəbləşib bu çayı Tırtır, yəni cəhənnəm adlandırıb.

Tamamilə boş sözdür. Tərtər Aran Qarabağın ən cənnət rayonlarından biridir. Mənbəyini Kəlbəcər dağlarından götürən bu çay il boyu Qarabağ torpaqlarına xeyir-bərəkət gətirir. Torpağı hər yaz təzələyir, gül-çiçəyə bürüyür, təravət gətirir, ona görə adı Tərtərdir.

Birinci Qarabağ savaşında Tərtər ermənilərə can vermədi. Tərtər camaatı hamı bir nəfər kimi silaha sarılıb könüllü batalyonlar yaratdı və ermənilərlə dör-dör döyüşdü, bu şəhəri Azərbaycanın Stalinqradına çevirdi. Nəinki bir qarış torpağı ermənilər ələ keçirə bildi, hətta tərtərlilər Ağdərənin ermənilər yaşayan 11 kəndini də düşməndən azad elədi.

İkinci Qarabağ savaşında da Tərtər yenə ermənilərə can vermədi. Tərtərin əlindən yanıqlı olan erməni faşistləri 44 günlük müharibədə bu şəhərə 16 mindən artıq raket, mina, top atdılar, amma camaat rayonu tərk eləmədi, yenə də ölüm-dirim savaşına qalxdı, nə qədər könüllü Milli Orduya qoşuldu və bu müharibədə ilk dəfə azad etdiyimiz kəndlərimiz də Tərtərin payına düşür: Çaylı, Suqovuşan, Talış və başqa kəndlər. Birinci Qarabağ müharibəsində 360-dan artıq şəhid verən tərtərlilər, İkinci Qarabağ savaşında 62 şəhid verdi.

Mən Ağdamı necə sevirəmsə Tərtəri də elə sevirəm. Birinci Qarabağ savaşında hər həftə kasıbın olanından – silah-sursat, ərzaq və pulla Ağdama gələndə mütləq bir pay da Tərtərə ayırardım. Bu şəhərə gedər, əsgərlərimizlə, camaatımızla görüşərdim. Ağdərə azad olunanda da Mərgüşəvandakı qərargahdaydım və sonra da üz tutdum azad olunmuş Ağdərəyə.

Məni bu rayona bağlayan bir çox amillər var. Bu rayonda mənim qohumlarım, tələbə yoldaşlarım, dostlarım və kolanılılarım yaşayır. Tərtərdə 90-cı illərdə bir Radio Zavod fəaliyyət göstərirdi, zavodun direktoru Rauf müəllim istedadlı bir mühəndis idi. Müharibə başlayan kimi zavodun fəaliyyət istiqamətini dəyişdi. Milli Ordumuzun ilk minaatanları və bu minaatanlar üçün mərmilər də bu zavodda hazırlanırdı. Hər dəfə gələndə mütləq zavoda da baş çəkirdim.

Məni bu rayona bağlayan bir amil də 1939-40-cı illərdə burda Su Elektrik Stansiyasını tikən və onun ilk rəisi olan əmim Hacı Abbasovdur. 1943-cü ildə müharibədə itkin düşüb. Və bu şəhərin təməli də həmin Su Elektrik Stansiyası ilə qoyulub. Yəni bu şəhərin özülünün qoyulmasında əmim Hacı Abbasovun xüsusi yeri var. Tərtərlilər bunu unutmayıblar, Tərtərin tarixindən yazdıqları kitabda əmimin adını xüsusi qeyd ediblər.

Bu günlərdə rayon icra hakimiyyətindən telefon açdılar ki, Tərtərin ziyalıları, yaradıcı adamları və sakinləri məni unutmayıblar və 70 illik yubileyimi keçirmək istəyirlər. Çox şad oldum. Ailəmi və nəvələrimi götürüb üz tutdum ağdamlılar demiş, üzü güləbədinə, yəni Tərtərə. Əvvəla, qeyd edim ki, şəhərdə müharibənin bir nişanəsi də qalmayıb və şəhər yenidən tikilib, abadlaşdırılıb və adi kənd rayonlarına deyil, Avropa şəhərlərinə oxşayır. Bu Möhtərəm Prezidentimiz İlham Əliyevin Tərtər camaatına göstərdiyi diqqət və qayğının nəticəsidir. Prezidentin sərəncamlarını və tövsiyyələrini ləyaqətlə yerinə yetirən icra başçısı Müstəqim Məmmədovun da zəhmətini qiymətləndirməmək olmaz.

İkinci Qarabağ savaşında müharibə başlayandan cəbhə bölgələrindəydim. Qospitalları gəzir, yaralılarla görüşür, əsgərlərə ruh verirdim. Mütləq Tərtərə də dəyməliydim. Dayım oğlu və keçmiş Qarabağ döyüşçüsü olan bir dostumla gəldik Tərtərə. Topun, raketin səsindən qulaq tutulurdu. Müstəqim müəllim əsgər paltarındaydı. Görünür çoxdandı bu paltarı əynindən çıxarmırdı və bəlkə də çimmirdi, tər içindəydi. Gəlməyimin bir məqsədi də Hüsənli kənd camaatının mənə müraciətləri idi. Üç xahişləri vardı, bir saatın içində Müstəqim müəllim hüsənlilərin hər üç xahişini yerinə yetirdi. Deyəsən, bir stəkan da çay içdim. Həyətə düşəndə gördüm dayım oğlunun sifətində qan yoxdu, çox bərk qorxmuşdu. Məni gülmək tutdu. Həyətdəki üç xarici jurnalist də dayım oğluna su içirdirdilər. Keçmiş döyüşçü dostum Rizvan Axundov üzünü mənə tutub dedi:

- Qaqa, sən həzrət Abbas, bir də bu uşağı cəbhə xəttinə gətirmə.

Uşaq dediyi dayıoğlunun 42 yaşı var.

Şəhərdən çıxmağa tələsmədim. O baş-bu başı gəzdim, mərmi və raket düşən evlərə baxdım, camaatla görüşdüm, Sərdar Həmidovun evinə getdim, sonra da qayıdıb məzarlıqda qəbrini ziyarət etdim. Qəbiristanlıq da raket atəşinə tutulmuşdu, bir neçə məzar dağılmışdı.

Bu dəfə bu gözəl şəhəri nəvələrimlə birlikdə gəzdim. Onlara Tərtər camaatının cəsarətindən və qonaqpərvərliyindən danışdım.

Təbii ki, Mədəniyyət Evində çox maraqlı bir görüş də keçirildi. Çıxış edən tərtərlilər mənim heç vaxt onları unutmadığımdan, ən çətin anlarında yanlarında olmağımdan söhbət açdılar. O qədər təriflədilər ki, utandım. Dedim:

- Qonağı iki cür qovmaq olur, biri üzünə baxmazlar çıxıb gedər, biri də o qədər üzünə xoş münasibət göstərərlər ki, utanıb gedər.

Və məni Tərtərdən üzümə xoş baxıb utandırıb «qovdular».

Camaatın məndən bir xahişi oldu. Dedilər ki, mümkünsə tərtərlilərin müharibədə göstərdiyi qəhrəmanlıqlar barədə geniş, bədii bir əsər yazım, təxminən «Dolu» kimi.

Həmişə Ağdamdan Tərtərə gedərdim, amma bu dəfə Tərtərdən Ağdama üz tutdum. Qarabağa gedib Ağdama dəyməmək, Şahbulağın o sərin kəhrizində əl-üzünü yumamaq, ovuclarını doldurub suyunu içib «oxxay» deməmək mənim nəzərimdə ən böyük günah olardı.