Xanım İsmayılqızı : - Hər şeyin qiyməti bəlli...

Ədəbiyyat 11:55 / 10.02.2025 Baxış sayı: 2467

 

Nə zorum var, nə zorxanam,

Qılıncım da başı kəsmir.

Nə meyim var, nə meyxanam,

Orağım da qışı kəsmir.

 

Topum da var, tüfəngim də,

Yaxşı atıcı deyiləm.

Hər şeyin qiyməti bəlli,

Mənsə satıcı deyiləm.

 

Atam da var, anam da var,

Qardaşlarım da, balam da...

Sinəmin sol tərəfində

Doğrularımdı yalanda...

 

Baltam da var, cəlladım da,

Kötüyüm də xüsusidir.

Mənə verilən töhfələr

Şablon deyil, məxsusidir.

 

Bu gözümlə o gözümün

Arasında çəpərim var.

Kor olsam da, kar olsam da,

Olanlardan xəbərim var.

 

Yaxşı-yaman ömür də var,

Sürücülük vəsiqəm yox.

Qaydaları da pozuram,

Cərimələr yaşımdan çox.

 

Nə zorum var, nə zorxanam,

Qılıncım da başı kəsmir.

Nə meyim var, nə meyxanam,

Orağım da qışı kəsmir.