Vasif Süleyman : - BİR AN BƏS EYLƏYƏR AYRILIQLARA

Hələ də bilmirsən ölüyəm, sağam,
Hələ də görmürsən viran eşqimi.
Başının üstünə alovlar yağan,
Hələ ayaq üstə duran eşqimi.
Burdan o tərəfə başlayır hara...
Hicran dedikləri bitməz ki, bitməz.
Bir an bəs eyləyər ayrılıqlara,
Vüsala çatmağa bir ömür yetməz.
Hiss edə bilmədim yaş artdığını,
Mən hələ naşıyam, naşı, bilirəm.
Sən bilə bilməzsən yaşatdığını,
Mən nə yaşayıram... Yaxşı bilirəm.
Nəyin əsiriyəm, bir ömür... Nəyin,
Bir qala qurmuşam ürək dağında.
Əzabı başqadır sevilməməyin,
Əzabı bambaşqa atılmağın da...
Hələ də bilmirsən ölüyəm, sağam,
Hələ də görmürsən viran eşqimi.
Başının üstünə alovlar yağan,
Hələ ayaq üstə duran eşqimi.